Türkiyə ilə İsrail arasında Suriyadakı hadisələr səbəbindən gərginliyin yenidən artması Azərbaycanın mümkün vasitəçilik rolunu yenidən gündəmə gətirib. Hər iki ölkə ilə strateji münasibətlərə və qarşılıqlı etimada malik olan Bakı tərəflər arasında dialoqun bərpasına töhfə verə biləcək azsaylı paytaxtlardan biri kimi qiymətləndirilir. Bu imkanların nə dərəcədə real olduğu və Azərbaycanın prosesə hansı səviyyədə təsir göstərə biləcəyi isə xüsusi maraq doğurur.
Son hadisələr nəzərə alınarsa, Azərbaycanın Türkiyə ilə İsrail arasında yenidən vasitəçilik missiyası həyata keçirməsi nə dərəcədə real görünür?
Bakının hər iki ölkə ilə etimada əsaslanan münasibətləri gərginliyin azaldılması və davamlı dialoq mexanizminin formalaşdırılması üçün kifayət edə bilərmi?
Mövzu ilə bağlı Moderator.az-a Millət vəkili Əli Məsimli açıqlama verib.
Deputat qeyd edib ki, Azərbaycanın həm regional, həm də qlobal miqyasda nüfuzunun sürətlə artması digər məlum istiqamətlərlə yanaşı, həm də qlobal güc mərkəzləri arasında etibarlı, neytral və təhlükəsiz dialoq və təmas nöqtəsi kimi vacib hərbi-siyasi görüşlərə uğurla ev sahibliyi etməsində də özünü göstərir:
"Son illərdə Bakı NATO və Rusiyanın baş qərargah rəislərinin görüşlərinə, eləcə də Rusiya–ABŞ hərbi danışıqlarına ev sahibliyi edərək özünü neytral və təhlükəsiz dialoq platforması kimi göstərə bilib. Azərbaycanın Türkiyə–İsrail münasibətlərinə müsbət yüklü təsiri də təqdirəlayiqdir. Azərbaycan həm Türkiyə, həm də İsrail ilə strateji tərəfdaşlıq münasibətləri quran və bu əlaqələri qarşılıqlı etimad və qarşılıqlı faydalılıq səviyyəsində qoruyub saxlayan bir ölkədir.
Ona görə də Azərbaycanın son illərdə həm Türkiyə, həm də İsrail ilə qarşılıqlı etimada əsaslanan münasibətləri sayəsində regional diplomatiyada mühüm vasitəçilik təşəbbüsləri həm regional, həm də beynəlxalq səviyyədə də müsbət dəyərləndirilir.
Bu kontekstdə onu da xatırlatmaq yerinə düşər ki, bu ilin iyununda Azərbaycanın güclü diplomatik təsiri və strateji tərəfdaşlıq rıçaqları İsrail parlamenti tərəfindən qondarma "erməni soyqırımı"nın rəsmən tanınması prosesinin dondurulmasında həlledici rol oynaya bildi. İyun ayının sonlarında İsrail hökuməti bu layihəni yekdilliklə qəbul edərək parlamentə göndərsə də, rəsmi Bakının çevik və qətiyyətli mövqeyi sənədin qanuniləşməsinin qarşısının alınmasında mühüm rol oynadı.
Son günlər Türkiyə–İsrail xəttində Suriya fonunda artan gərginlik ilə əlaqədar Bakının yenidən dialoq platforması kimi adının çəkilməsi çox məntiqlidir. Eyni zamanda bu məsələyə həm regional, həm də geosiyasi kontekstdən yanaşmaq lazımdır. Son günlər Türkiyə–İsrail xəttində Suriya fonunda artan gərginlik ilə əlaqədar Bakının yenidən aktiv vasitəçilik missiyası tamamilə realdır. Çünki hər iki tərəf Azərbaycana güvənir.
Çünki Azərbaycan səmimidir və əgər belə bir vasitəçilik missiyası olsa, Bakının bütün səyləri fikirdə, sözdə və əməldə Türkiyə ilə İsrail arasında gərginliyin artan xəttlə getməsinin qarşısının alınmasına yönələcək. Lakin geosiyasi kontekstdən yanaşdıqda Suriya fonunda yaranan gərginlik yalnız Ankara və Təl-Əvivin münasibətlərindən asılı deyil. Bu prosesə başqa dövlətlər və güclər də təsir göstərir. Ona görə qeyd etdiyimiz həmin geosiyasi amillər vəziyyəti xeyli mürəkkəbləşdirir.
Belə şəraitdə Bakının Türkiyə və İsrail ilə qarşılıqlı etimada əsaslanan münasibətləri gərginliyin tamamilə aradan qaldırılması üçün təkbaşına vasitəçilik etmək, Azərbaycanın timsalında regional bir güc üçün nə qədər çətin olsa da, hər halda Bakı gərginliyin idarə olunması və dialoq üçün əvəzsiz rol oynaya bilər.
Azərbaycanın bu yöndəki təsir gücünün unikal məqamlarının multiplikativ effekti isə geosiyasi kontekstdə Türkiyə ilə İsrail arasında gərginliyi artıran amillərin də zəiflədilməsinə təsir göstərə bilər".
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Siyasət








