backend

Müşfiq Məmmədli: “Tibb işçilərinin əməkhaqqının artırılması səhiyyənin gələcəyinə qoyulan sərmayədir”

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli Birinci vitse-prezident Mehriban Əliyevanın TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüsünü və Prezident İlham Əliyevin bu təşəbbüsü dəstəkləyərək müvafiq tapşırıq verməsini yüksək qiymətləndirib.

Deputat Yenigun.Media-ya açıqlamasında bildirib ki, bu addım səhiyyə sistemində insan kapitalına verilən önəmin növbəti mühüm göstəricisidir.
Müşfiq Məmmədlinin sözlərinə görə, məsələyə yalnız əməkhaqqının artırılması kontekstində yanaşmaq düzgün deyil. Onun fikrincə, burada əsas məqamlardan biri tibb işçisinin əməyinin qiymətləndirilməsi, peşənin nüfuzunun yüksəldilməsi və səhiyyə islahatlarının sosial dayaqlarının daha da gücləndirilməsidir.
“Səhiyyə sistemində nə qədər müasir infrastruktur yaradılsa, yeni xəstəxanalar tikilsə və yüksək texnologiyalar tətbiq edilsə də, tibbi xidmətin keyfiyyətini son nəticədə həkim, tibb bacısı və digər tibb işçiləri müəyyən edir. Buna görə də onların sosial rifahının yaxşılaşdırılması eyni zamanda tibbi xidmətin keyfiyyətinə qoyulan sərmayədir”, – deyə deputat vurğulayıb.
Müşfiq Məmmədli hesab edir ki, əməkhaqlarının artırılması tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və peşə motivasiyasının yüksəldilməsi ilə yanaşı, dövlət səhiyyə müəssisələrinin peşəkar kadrlar üçün cəlbediciliyini də artıracaq.
Deputat bildirib ki, bu istiqamətdə atılan addımlar ixtisaslı mütəxəssislərin səhiyyə sistemində saxlanılmasına və xüsusilə regionlarda mövcud kadr çatışmazlığının mərhələli şəkildə aradan qaldırılmasına əlavə imkanlar yarada bilər.
O, eyni zamanda növbəti mərhələdə əməkhaqqı siyasətinin tibbi xidmətin keyfiyyət göstəriciləri ilə daha sıx əlaqələndirilməsinin vacibliyini qeyd edib.
“İşin həcmi ilə yanaşı, nəticə, xidmətin keyfiyyəti, pasiyent təhlükəsizliyi, peşəkarlıq və davamlı tibbi təhsil kimi meyarların stimullaşdırıcı mexanizmlərdə nəzərə alınması səhiyyədə keyfiyyət mədəniyyətinin formalaşmasına ciddi töhfə verə bilər”, – Müşfiq Məmmədli deyib.
Deputatın sözlərinə görə, Azərbaycan səhiyyəsi artıq yalnız infrastrukturun yenilənməsi mərhələsində deyil. İcbari tibbi sığortanın tətbiqi ilə səhiyyə sisteminin maliyyələşdirilməsi və tibbi xidmətlərin təşkili baxımından yeni model formalaşıb.
Müşfiq Məmmədli qarşıdakı əsas vəzifənin bu modelin keyfiyyət baxımından daha da təkmilləşdirilməsi olduğunu bildirib. O, ilkin səhiyyə xidmətlərinin və ailə həkimliyi institutunun gücləndirilməsini, regionlarda ixtisaslı tibbi xidmətlərə əlçatanlığın artırılmasını, rəqəmsal səhiyyənin genişləndirilməsini və profilaktik təbabətə daha böyük diqqət ayrılmasını vacib istiqamətlər kimi qeyd edib.
Deputat xüsusilə səhiyyədə insan kapitalının inkişafının növbəti islahat mərhələsinin əsas istiqamətlərindən biri olmasının vacibliyini vurğulayıb.
“Tibb işçisinin əməkhaqqının artırılması davamlı tibbi təhsil, peşəkar inkişaf, şəffaf karyera modeli və fəaliyyətin obyektiv qiymətləndirilməsi ilə tamamlandıqda daha böyük nəticə verəcək”, – deyə o əlavə edib.
Müşfiq Məmmədli hesab edir ki, bütün bu addımların əsas məqsədi vətəndaşların aldığı tibbi xidmətin keyfiyyətini yüksəltməkdir.
“Mehriban xanım Əliyevanın təşəbbüsünü və Prezident İlham Əliyevin bununla bağlı verdiyi tapşırığı həm mühüm sosial qərar, həm də səhiyyə sisteminin gələcək inkişafına yönəlmiş strateji addım kimi qiymətləndirirəm”, – deputat bildirib.