Bu sözləri Ulu Önər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, ötən əsrin ikinci yarısından respublikamızın ictimai-siyasi həyatına fəal dövlət rəhbəri kimi daxil olan Heydər Əliyev artıq həmin vaxtdan etibarən Azərbaycanın gələcək müstəqilliyinin siyasi-ideoloji və iqtisadi əsaslarının formalaşdırılması istiqamətində məqsədyönlü addımlar atıb: “Bu gün biz birmənalı olaraq deyə bilərik ki, 1969-cu il ən yeni Azərbaycan tarixində ölkəmizi və xalqımızı bu gün yaşadığımız yüksək rifah və inkişaf dövrünə gətirən yolun başlanğıc nöqtəsi olub. Məhz həmin il respublikamızda ilk dəfə siyasi hakimiyyətə gələn Heydər Əliyev bütün həyat və fəaliyyətini Azərbaycanın sürətli inkişafına və gələcək müstəqil dövlətimizin iqtisadi, siyasi və ideoloji əsaslarının qurulmasına həsr etdi. Həmin dönəmdə SSRİ kimi nəhəng bir imperiyanın tərkibində mövcud olan Azərbaycanda da bütün digər respublikalarda olduğu kimi Sovet İttifaqının mərkəzləşdirilmiş siyasi-iqtisadi idarəçilik üsulları hökm sürürdü. Belə bir şəraitdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev özünün qətiyyəti, iradəsi və təşəbbüskarlığı sayəsində keçmiş ittifaqın bir çox qabaqcıl texnologiyalara əsaslanan sənaye istehsal müəssisələrinin respublikamızda inşa edilməsinə nail oldu. Həmçinin neft sənayesinin respublikanın iqtisadi inkişafındakı müstəsna rolunu düzgün qiymətləndirən Ulu Öndər 70-ci illərdə bu sahənin dinamik inkişafını, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsini təmin etdi. Görülən irimiqyaslı tədbirlər nəticəsində Azərbaycanın mövcud potensial imkanları dəfələrlə artırıldı. Eyni zamanda da 1969-1982-ci illər ərzində Heydər Əliyev zəkasının yaratdığı milli azərbaycançılıq konsepsiyası bu gün müstəqil Azərbaycanın qazandığı möhtəşəm nailiyyətlərin əsasında duran uğurlu daxili və xarici siyasətin formalaşması üçün möhkəm zəmin yaratdı. Birmənalı olaraq demək lazımdır ki, Ulu Öndər Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayıb. Məhz buna görə xalqımız öz Ümummilli Liderinin adını tarixə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.




