backend

8 Noyabr – Zəfər Günü – Tariximizin qızıl səhifəsi

07 noyabr 2025-ci il tarixində Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Zəfər günü” münasibətilə “8 Noyabr – Zəfər Günü – Tariximizin qızıl səhifəsi” mövzusunda tədbir keçirilib.
İştirakçılar tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər. Mərkəzin foyesində “Zəfər günü”nə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgiyə və kitab təqdimatına baxış olub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
“Zəfər günü”nə həsr olunmuş film nümayiş etdirilib. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş məruzə ilə çıxış edib. Zəfər tariximizin 5-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını və xalqımızı iştirakçıları təbrik edərək, onlara can sağlığı, əmin-amanlıq və firavan həyat arzulayıb. Ötən əsrin sonlarında erməni qəsbkarları tərəfindən Dağlıq Qarabağ və onun ətrafında törədilən terror və faciələrdən bəhs edən İcra başçısı qeyd edib ki, bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, infrastrukturu məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. 1993-cü ildə ölkə rəhbərliyinə qayıdan Ümummilli lider Heydər Əliyev bütün təzyiqlərin qarşısını qətiyyətlə alaraq, ölkə iqtisadiyyatının, ordumuzun güclənməsi üçün tədbirlər həyata keçirmişdir. 2003-cü ildə cənab İlham Əliyevin hakimiyyətə gəlişindən sonra bu inkişaf davam etdirilib. Ordu quruculuğu sahəsində müvəffəqiyyətlər əldə edilib, bü məsələ hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub, Azərbaycanda güclü ordu yaradılıb. Düşmənin müxtəlif vaxtlarda və 2020-ci ilin iyul-avqust aylarında törətdiyi təxribatlar xalqımızı qəzəbləndirirdi. 27 sentyabrda isə erməni ordusu sərhədboyu hücum əməliyyatları təşkil edərək növbəti təhlükə yaratdığı zaman Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə ordumuz əks hücuma keçdi. Qısa müddətdə ölkə Prezidentinin rəhbərliyi altında xalq-dövlət-ordu birliyi yarandı. Hər bir Azərbaycan vətəndaşı cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” ifadəsi altında səfərbər olmağı bacardı və 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın azad olunmasına başlandı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, şanlı ordumuz hər gün irəliyə doğru, yeni zəfərlərə doğru irəliləyirdi. Bütün xalq sevinc içərisində idi. Ordumuzun şücaəti nəticəsində qəhrəman əsgərlərimiz 8 noyabr tarixində Şuşa şəhərinə daxil oldu. Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll etdi. Hər küçə, hər ev uğrunda gedən əlbəyaxa döyüşdə igid oğullarımızın qəhrəmanlığı ilə Şuşa şəhəri düşmən qüvvələrindən təmizləndi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu qəhrəmanlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, erməni mifini də məhv edib. 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini göstərdi. 44 günlük müharibə nəticəsində işğal altında olan 8 rayonumuz, Xocalı, Xocavənd və Ağdərə rayonlarının ərazilərinin bir hissəsi işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Qalib Azərbaycan xalqı və müzəffər Azərbaycan Ordusu öz gücü ilə BMT-nin 4 qətnaməsinin icrasını təmin etdi. İlham İsmayılov fərəhlə qeyd edib ki, 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülüb. Sentyabrın 12-dən 13-nə keçən gecə Laçın–Kəlbəcər–Daşkəsən istiqamətində bir sıra strateji yüksəkliklər ələ keçirilib. Azərbaycan ordusu 19 sentyabr 2023-cü ildə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror əməliyyatına başladı. 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. 23 saat 43 dəqiqə ərzində aparılan əməliyatlar nəticəsində bütün Qarabağ torpağı azad olundu, suverenliyimiz bərpa olundu. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Bəli, 44 günlük vətən müharibəsində ordu-xalq birliyi sayəsində qalibiyyət qazanaraq düşmənlərin torpaqlarımızdan qovulmasına nail olduq. 15 oktyabr 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı Azərbaycanın siyasi nüfuzu da artdı. Azərbaycan bölgədə yeni reallıqlar yaratdı. Artıq dünya dövlətləri Azərbaycanı qalib və diktə edən bir ölkə kimi qəbul etdi. Bu gün bütün şəhid ailələrimiz və qazilərimiz dövlətimizin himayəsindədir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə daim qayğı göstərilir. Cənab İlham Əliyevin sərəncamları ilə Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Vətən müharibəsinin ümumilikdə 160 minə yaxın iştirakçısı müxtəlif orden və medallarla təltif olunub. Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi inşa olunur. Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır. Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Qəhrəman övladlarımızın ailələri mənzillərlə təmin olunurlar. Dövlət öz əsgərinin yanındadır. Qazilərə daim dəstək göstərilir, onların problemləri həll olunur. İndiyədək 13 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib, müharibə əlillərinə 7 mindən artıq minik avtomobili verilib. Şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 84 milyondan artıq vəsait toplanmış və müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir. Zəfər tariximizdə Mingəçevirin də payı vardır. I Qarabağ müharibəsində 985 nəfər mingəçevirli iştirak etmiş, 322 qəhrəman oğullarımız şəhidlik zirvəsinə ucalmışdır. Aprel döyüşlərində 4 igidimiz şəhid olmuşdur. Vətən müharibəsi başlayan tarixdən də Mingəçevir gəncləri könüllü olaraq səfərbər olunmuş, 1041 nəfər səfərbərliyə çağırılmış, qəhrəmanlıqları ilə müharibədə iz qoymuşlar. Vətən müharibəsində 54, antiterror əməliyyatında isə 5 nəfərimiz şəhidlik zirvəsinə ucalmış, 100 nəfərdən çox gəncimiz yaralanmışdır. Mingəçevirin qəhrəmanlıq tarixində I Qarabağ müharibəsində 5 nəfər Milli Qəhrəman adına layiq görülmüş, 8 nəfər Azərbaycan Bayrağı Ordeni ilə, 650 nəfər müxtəlif medallarla təltif olunmuşdur. Ali Baş Komandan tərəfindən Vətən müharibəsində qəhrəmanlıq göstərən qəhrəmanlarımızdan 2 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına, 27 nəfər müxtəlif dərəcəli ordenlərə, 1041 nəfər isə müxtəlif medallara layiq görülmüşdür. Şəhər İcra Hakimiyyətinin xətti ilə şəhid ailələrinə və qazilərə köməkliklər olunur, onların mənzil növbəliliyi məsələləri həll olunur. İndiyədək Mingəçevir şəhərində mənzil növbəsində olan şəhid ailələri və müharibə əlillərindən 374 ailəyə mənzil verilmişdir. 20 Vətən müharibəsi şəhid ailəsi, 5 qazimiz Bakı şəhərində mənzillə təmin olunmuş, 1 şəhid ailəsi Samux rayonunda mənzil almışdır. İcra Hakimiyyəti tərəfindən ildə 3 dəfə şəhid ailələri və müharibə əlilləri ərzaq bağlaması ilə təmin olunurlar. Şəhid və qazi uşaqlarına ildə 2 dəfə bayram hədiyyəsi verilir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ torpağı işğaldan azad olunduqdan sonra orada quruculuq və bərpa işlərinə start verilib. Qarabağ və Şərqi Zəngəzurda geniş miqyaslı işlər aparılır. İnanırıq ki, ölkə Prezidenti cənab İlham Əliyev bu işlərin də öhdəsindən layiqincə gələcək və ölkəmizin uğurlu inkişafına nail olacaqdır. Bir daha Sizləri qarşıdan gələn Zəfər bayramı mübasibəti ilə ürəkdən təbrik edirəm.
Tədbirdə millət vəkili Aydın Mirzəzadə, YAP Şəhər Təşkilatının sədri Bəxtiyar Mustafayev, şəhid atası Adil Abbasəliyev, Vətən müharibəsi əlili, ehtiyatda olan mayor Pərviz Məmmədov, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan kapitan, “III dərəcə Vətənə xidmətə görə” ordenli Arif Yusubov çıxış ediblər. Sonda Uşaq Gənclər İnkişaf Mərkəzinin hazırladığı “Zəfər” kompazisiyası təqdim edilib.