Zəfər Gününün beşinci ildönümü münasibətilə ASCO-da tədbir keçirilib.
Tədbirdə ASCO rəhbərliyi, şəhid valideynləri və övladları, Vətən müharibəsində iştirak etmiş əməkdaşlar, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri, mədəniyyət xadimləri, həmçinin şirkətin qocaman işçiləri iştirak ediblər.
Zəfər Günü tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Şəhidlərin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Azərbaycan və Türkiyədən olan şəhid övladlarından ibarət xor ASCO-nun dəstəyi ilə hazırlanmış “Türk övladı” adlı mahnını təqdim edib.
Tədbirdə sözügedən layihədə iştirak edən türk şəhid övladlarının təşəkkür videosu da nümayiş olunub.
Tədbirdə mahnının müəllifi Əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə çıxış edərək layihənin mənəvi əhəmiyyətindən danışıb.
ASCO-nun Donanmanın texniki istismar departamentinin rəisi, şəhid valideyni Balakişi Səfərov oğlunun, eləcə də Azərbaycanın minlərlə igid övladının qanları ilə tarix yazaraq xalqımıza böyük Qələbə sevincini bəxş etdiklərini vurğulayıb. O qeyd edib ki, Şəhidlər valideynlər, böyüdüyü el-oba, ən başlıcası isə Vətən üçün başucalığıdır.
Vətən Müharibəsi Qəhrəmanı, Şuşanın azad olunması zamanı şəhərə ilk daxil olan bölmələrdən birinə rəhbərlik etmiş ASCO-nun Məxfi Rejim və Hərbi Səfərbərlik şöbəsinin rəis müavini Zaur Hüseynov çıxışında Vətən müharibəsinin başlanmasından, döyüş yolundan və xatirələrindən danışıb: “Biz Qələbəyə hər zaman inanırdıq. Çünki arxamızda xalqımız, Ali Baş Komandanımız və Vətən sevgisi dayanırdı. Bu gün o qüruru ASCO ailəsi ilə birgə paylaşmaq mənim üçün böyük fəxrdir”.
Həm Aprel döyüşlərinin, həm 44 günlük Vətən müharibəsinin, həm də antiterror əməliyyatlarının iştirakçısı, “Zəfər” ordenli Bəxtiyar Mustafayev isə çıxışında bildirib ki, Vətən uğrunda döyüşmək hər bir əsgərin, zabitin müqəddəs borcudur. Biz bu borcu yerinə yetirərkən xalqın dualarını, dövlətin gücünü, Ali Baş Komandanın qətiyyətini hiss etdik. O günlərdə qazandığımız birlik və həmrəylik hissi bu gün də hər birimiz üçün ən böyük dəyərdir.
ASCO sədri Rauf Vəliyev çıxışında “Türk övladı” musiqi layihəsində iştirak edən uşaqlara təşəkkür edib: “Sizin atalarınız Vətən və torpaq uğrunda canlarını fəda edərək, Şəhidlik zirvəsinə ucalıblar. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə onlar Azərbaycanın Zəfər tarixini yazıb, bizə illərdir həsrətində olduğumuz Qarabağımızı yenidən bəxş ediblər. Ona görə də hər zaman başınızı dik tutun. Bilin ki, bütün Azərbaycan sizin atalarınızla qürur duyur.”
Rauf Vəliyev qeyd edib ki, 44 günlük haqq savaşında qazanılan Qələbə Azərbaycan tarixində misilsiz qəhrəmanlıq səhifəsidir və bu zəfərdə fədakar dənizçilərimizin də payı var.
“Döyüşlərin ilk günlərindən ASCO ailəsinin bütün üzvləri Ali Baş Komandanın və Ordumuzun yanında idi. Azərbaycan Dövlət Dəniz Akademiyasının və Dənizçilik Kollecinin tələbə və məzunları da cəbhədə şücaət göstərdilər. Onlardan 11 nəfəri şəhidlik zirvəsinə ucaldı, 6 əməkdaşımızın övladı Vətən uğrunda canından keçdi,” – deyə o bildirib.
Sədr vurğulayıb ki, şəhid ailələri və qazilər dövlətin diqqət və qayğısı ilə əhatə olunublar, bu məsələyə ASCO-da da xüsusi həssaslıqla yanaşılır. O əlavə edib ki, hazırda ASCO-da 800-ə yaxın şəhid ailəsi üzvü və müharibə iştirakçısı çalışır, onlardan 187 nəfəri məhz Zəfərdən sonra işə qəbul olunub.
Rauf Vəliyev çıxışında Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən və ölkəmizin artan beynəlxalq nüfuzundan da danışıb: “Bu gün Azərbaycan regionda sabitliyin və inkişafın əsas təminatçısına çevrilib. Tarixi Zəfərdən sonra ölkəmizi yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarabağ və Şərqi Zəngəzurun bərpası, azad edilmiş torpaqlara böyük qayıdış dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir.”
Tədbir zamanı “Zəfər Sədası” uşaq xor qrupunun “Əmanətlərin Dostu” adlı xüsusi mükafatı ASCO-ya təqdim edilib. Daha sonra Şəhid övladlarının ifasında hazırlanmış video-çarxın təqdimatı olub.
Tədbirdən sonra Şəhidlərin övladları “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər. Gəmi-muzeydə onlar üçün xüsusi tur və bayram tədbiri təşkil olunub.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Siyasət
gundem / Siyasət
Siyasət







