backend

Mingəçevirdə “Konstitusiya və Suverenlik İli”elan edilməsi ilə bağlı tədbir keçirilib -Fotolar

Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikasında 2025-ci ildə “Konstitusiya və Suverenlik İli”elan edilməsi ilə bağlı tədbirlərin keçirilməsi davam edir. 

Qaynarxett.az xəbər verir ki, 05 Noyabr 2025-ci il tarixdə YAP Mingəçevir şəhər təşkilatının Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birgə 08 Noyabr Zəfər Günü ilə əlaqədar Şəhid ailələri, qazi və veteranlarla çay süfrəsi ətrafında səmimi görüşü keçirildi. 
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda Şəhid olanların xatirəsi bir dəqiqəlik sükütla yad edildi. 
Görüşdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxış edərək, bildirdi ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaəti ilə azad olunması Azərbaycan tarixinin parlaq səhifəsinə çevrilib. Hələ birinci Qarabağ müharibəsində, ondan sonrakı atəşkəs dövründə, düşmənin çoxsaylı təxribatları nəticəsində, Aprel döyüşlərində, Vətən müharibəsində, 2022-ci ilin 12-14 sentyabr hadisələri zamanı, 2023-cü il 19-20 sentyabrındakı antirerror əməliyyatlarında torpaqlarımızın qorunması və azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi xalqımız tərəfindən daim əziz tutulur, xatirə tədbirləri keçirilir, məzarları ziyarət olunur. Uzun illərdən sonra Azərbaycana Zəfər tarixini yazan, yurdumuzun suverenliyinin, ərazi bütövlüyünün bərpa olunmasında qəhrəmanlıqlar göstərən Vətən övladlarına ehtiram əlaməti olaraq Mingəçevirdə Zəfər günü münasibəti ilə izdihamlı tədbirlərin keçiririlməsi davam etdirilir. 

Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısı İlham İsmayılov çıxış edərək, qeyd etdi ki, Cənab Prezidentimizin rəhbərliyi ilə 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız 44 gün ərzində şanlı ordumuzun şücaəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. 2023-cü ilin 19 sentyabrında Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Qarabağ iqtisadi rayonunun sülhməramlıların nəzarəti altında olan ərazilərində antiterror əməliyyatları, 23 saat 43 dəqiqə ərzində 90-a yaxın strateji əhəmiyyətli ərazilər nəzarətə götürüldü. Antiterror əməliyyatlarından sonra bütün Qarabağ torpağı azad olundu, suverenliyimiz tam bərpa olundu. Artıq bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Prezident İlham Əliyevin apardığı ardıcıl məqsədyönlü siyasətinin nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. 
Görüşdə Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri İranə Həsənova, Şəhid atası İldırım Əbdürəhmanov, Qarabağ qaziləri Əliağa Bəndəliyev, Məxluq Həsənov və Vətən müharibəsi veteranı Namiq İbrahimli, mövzu ətrafında öz fikirlərini bildirdilər. 

Görüşdə Şəhid ailələrini və qazilərini narahat edən məsələlərlə bağlı şəhər rəhbərliyi tərəfindən aidiyyatı tapşırıqlar verildi. 

Görüş şəhid ailələri və qazilərin fikir mübadiləsi şəklində davam etdirildi. 
Sonda xatirə şəkli çəkdirildi.