Qaynarxett.az xəbər verir ki, tədbir çərçivəsində QHT nümayəndələri rezidensiyanın fəaliyyəti, əsas istiqamətləri və həyata keçirdiyi sosial təşəbbüslərlə yaxından tanış olublar.
İnformasiya turu zamanı iştirakçılara rezidensiyada yaradılan şərait, həyata keçirilən sosial layihələr və qadınların rifahına yönəlmiş fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Görüşdə çıxış edən Təranə Paşayeva öz fəaliyyəti haqqında iştirakçılara məlumat verib, həmçinin mərhum deputat və ictimai xadim Qənirə Paşayevanın həyat yolu, ictimai fəaliyyəti və cəmiyyətə xidmət prinsipləri barədə fikirlərini bölüşüb.
Təranə Paşayeva qeyd edib ki, insanın xatirəsini yaşatmağın ən gözəl yollarından biri onun dəyərlərini davam etdirmək və önəm verdiyi məsələlərə diqqəti qoruyub saxlamaqdır.
Onun sözlərinə görə, Qənirə Paşayevanın xatirəsi insanlara sevgi, şəhid ailələrinə ehtiram, qadınlara diqqət, milli-mənəvi dəyərlərə bağlılıq və cəmiyyətə xidmət kimi prinsiplərlə yaşadılır.
Daha sonra QHT rəhbərləri və nümayəndələri rezidensiyanın daxilində yerləşən Qənirə Paşayevanın ev muzeyini ziyarət ediblər. İştirakçılar burada Qənirə Paşayevanın həyat və ictimai fəaliyyətini əks etdirən xatirə əşyaları və digər nümunələrlə tanış olublar.
Səfərin sonunda çay süfrəsi ətrafında səmimi fikir mübadiləsi aparılıb. Görüşdə QHT-lər arasında əməkdaşlığın genişləndirilməsi, yeni birgə layihələrin həyata keçirilməsi və sosial təşəbbüslərin dəstəklənməsi istiqamətində müzakirələr keçirilib.
Görüş qarşılıqlı tanışlıq, səmimi ünsiyyət və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi ilə yadda qalıb.








