backend

Azərbaycanın müstəqil xarici siyasəti regional mövqeyini gücləndirir -VİDEO

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyev Rusiya-Ukrayna müharibəsi, Azərbaycanın Rusiya və Avropa İttifaqı ilə münasibətləri, Cənubi Qafqazda geosiyasi proseslər, Türk Dövlətləri Təşkilatının perspektivləri və ölkədə sosial-iqtisadi məsələlər barədə fikirlərini açıqlayıb.
Deputatın sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin Moskva və Kiyevdə keçirdikləri görüşlər müharibənin dayandırılması istiqamətində müəyyən diplomatik təmasların olduğunu göstərsə də, danışıqların real nəticəsi hələlik məlum deyil.
Cavanşir Feyziyev hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin taleyinin müəyyənləşməsində əsas amil cəbhədəki vəziyyət olacaq:
“Vitkoff və Kuşnerin Rusiya və Ukraynaya səfərləri özlüyündə müharibənin dayandırılması üçün həlledici nəticə verə bilməz. Əsas məsələ cəbhədə tərəflərin əldə etdiyi nəticələrdir.”
Onun fikrincə, Qərb ölkələri müharibənin dayandırılmasını istəyirlərsə, Ukraynaya daha geniş hərbi dəstək göstərməlidirlər. Deputat beynəlxalq hüququn və BMT mexanizmlərinin işləməsinin vacibliyini vurğulayaraq, Ukraynanın məğlubiyyətinin beynəlxalq təhlükəsizlik sistemi üçün ciddi nəticələr yarada biləcəyini bildirib.
Cavanşir Feyziyev həmçinin Avropada sağ və ifrat sağ siyasi qüvvələrin güclənməsinə toxunub. Onun fikrincə, bu tendensiyanın əsas səbəblərindən biri Avropa cəmiyyətlərində sosial-iqtisadi narazılıqların artması və ənənəvi siyasi qüvvələrin seçicilərin gözləntilərini tam doğrultmamasıdır.
Deputatın sözlərinə görə, bu proses xüsusilə Almaniya və Fransada özünü göstərir. O hesab edir ki, Avropada siyasi qüvvələrin parçalanması və ifrat sağın güclənməsi gələcəkdə qitənin xarici siyasətinə, o cümlədən Rusiyaya münasibətinə təsir göstərə bilər.
Cavanşir Feyziyev Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngini də şərh edib. Onun sözlərinə görə, Moskva ilə Bakı arasında iqtisadi və humanitar əlaqələrin inkişaf etdirilməsi istiqamətində aparılan müzakirələr göstərir ki, Rusiya Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir.
Deputat bunu Azərbaycanın geosiyasi və iqtisadi əhəmiyyəti ilə əlaqələndirib. Onun fikrincə, Orta Dəhliz, Azərbaycanın enerji resursları, Ələt limanı və Zəngəzur dəhlizinin perspektivləri ölkənin regional rolunu əhəmiyyətli dərəcədə artırır.
Cavanşir Feyziyev bildirib ki, mövcud geosiyasi şəraitdə Rusiyanın Azərbaycanla əməkdaşlığa ehtiyacı var:
“Orta Dəhliz Azərbaycan üzərindən keçir. Rusiya üçün də mövcud sanksiyalar şəraitində dünya bazarlarına çıxış baxımından bu marşrutun əhəmiyyəti artır.”
Daha ətraflı videoda: