backend

Uşağın ehtiyacı ilə valideynin cibi uzlaşdırılmalıdır… – Deputat

Aliment məsələsində əsas məqsəd sadəcə rəqəmi artırmaq deyil, uşağın real və davamlı təminatını qorumaq olmalıdır. Bu gün uşaqlar üçün yaşayış minimumu 260 manatdır. Təbii ki, ərzaq, geyim, təhsil, dərman, kommunal və digər xərclərin qiyməti artırsa, aliment məbləğinin də buna uyğun olub-olmaması məsələsi gündəmə gəlir.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqanı, deputat, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev deyib.
“Aliment Ödəyən Valideynin Gəliri Nəzərə Alınmalıdır”
Millət vəkili məsələyə birtərəfli yanaşmanın yolverilməz olduğunu vurğulayıb:
“Uşağın xərcləri ilə yanaşı, aliment ödəyən valideynin də real gəliri və maddi vəziyyəti nəzərə alınmalıdır. Məgər həmin şəxsin qazancı da eyni şəkildə artıb? Onun başqa övladları, ailə və yaşayış xərcləri varmı? Əgər insanın ödəmə qabiliyyəti nəzərə alınmadan aliment məbləği artırılarsa, nəticədə daha böyük aliment borcu yarana bilər. Bu isə nə uşağın, nə də valideynlərin problemini həll edir”.

Uşağın ehtiyaclarını qarşılamaq…
MCP lideri hesab edir ki, düzgün yanaşma belə olmalıdır: 
“Uşağın layiqli təminatı təmin edilsin, amma aliment ödəyən valideynin real maliyyə imkanları da obyektiv şəkildə qiymətləndirilsin. Qanunvericilik də məhz bu prinsipi nəzərdə tutur: alimentin məbləği tərəflərin maddi və ailə vəziyyəti nəzərə alınmaqla müəyyən edilə və sonradan vəziyyət dəyişdikdə yenidən dəyişdirilə bilər. Yəni məsələ sadəcə “260 manat azdır, artırılsın” deməkdən ibarət deyil. Əsas sual uşağın ehtiyaclarını real şəkildə necə qarşılamaq və eyni zamanda aliment ödəyənin ödəmə qabiliyyətini necə qorumaqdır. Müzakirələrdə məhz bu balans əsas götürülməlidir”.