backend

İnsanlar diqqət, ədalət, eşidilmək istəyir… – Deputat

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev İmişli rayonuna növbəti səfərini gerçəkləşdirib. Seçiciləri ilə kəndlərdə və yas məclislərində bir araya gələn deputat, vətəndaşların qayğılarını yerində dinləyib.
“İnsanlar sadəcə eşidilmək istəyir”
Səfər çərçivəsində rayonun müxtəlif kəndlərində olan millət vəkili bildirib ki, bu görüşlər sadəcə bir səfər deyil, insanların iç dünyasını, ehtiyaclarını daha yaxından anlamaq fürsətidir. 
MCP başqanının sözlərinə görə, vətəndaşlarla aparılan uzun-uzadı söhbətlər problemlərin real mənzərəsini ortaya qoyur:
“İnsanlarımız çox şey istəmir; sadəcə diqqət, ədalət və eşidildiyini hiss etmək istəyir. Onları dinlədikcə bir daha əmin oldum ki, problemlərin həlli üçün ilk addım kabinetlərdə əyləşmək deyil, məhz insanların yanında olmaqdan keçir”.
Yas məclisləri və kənd görüşləri
Millət vəkili İmişlidə bir neçə yas məclisinə qatılaraq vətəndaşların kədərinə şərik olub, onlarla səmimi söhbətlər aparıb. O qeyd edib ki, yas məclisləri və kənd yollarındakı təsadüfi görüşlər insanların ən səmimi olduğu, öz dərdlərini çəkinmədən bölüşdüyü məkanlardır.
Mütəmadi fəaliyyət prinsipi
Qeyd edək ki, Razi Nurullayev paytaxtdan bölgələrə mütəmadi səfər edən və seçiciləri ilə daimi təmasda olan deputatlardan hesab olunur. Onun bu cür “sahə görüşləri” sadəcə seçki ərəfəsində deyil, deputatlıq fəaliyyəti dövründə davamlı xarakter daşıyır.