backend

Kəndlinin kommunal yükü şəhərliylə eyni olmamalıdır… – Deputat

Azərbaycanda kənd və rayonların sosial-iqtisadi inkişafının təmin edilməsi, urbanizasiya təzyiqinin azaldılması və ölkənin ərzaq təhlükəsizliyinin qorunması məsələsi yenidən gündəmin mərkəzindədir. Kənd əhalisinin şəhərə axınının qarşısını almaq üçün təkcə nəsihətamiz çağırışlar deyil, birbaşa iqtisadi və sosial mexanizmlərin işə salınması zərurəti yaranıb.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev kəndlərin boşalmasının qarşısının alınması, regionlarda sosial rifahın artırılması və kənd təsərrüfatının dəstəklənməsi ilə bağlı irəli sürdüyü geniş platformanı şərh edərkən bildirib.
“Kommunal Yük Şəhərlə Eyni Olmamalıdır”
Millət vəkili kənd və şəhər sakinləri arasında sosial-iqtisadi imkan fərqini xatırladaraq, kommunal tariflərdə differensial yanaşmanın vacibliyini diqqətə çatdırıb:
“Kəndlə şəhər arasında yalnız coğrafi deyil, iqtisadi və sosial baxımdan da müəyyən fərq olmalıdır. Söhbət kənddə yaşayan vətəndaşın şəhərdə yaşayan vətəndaşdan daha az hüquqa malik olmasından yox, əksinə, kənddə yaşamağı təşviq edən əlavə imkanların yaradılmasından gedir. Kənd sakinlərinin gəlir imkanları, məşğulluğu və xidmətlərə çıxışı şəhərlə eyni deyil. Mənim təklifim kənd əhalisi üçün elektrik, qaz, su və digər kommunal xidmətlərdə daha əlverişli, sosial və differensial tariflərin tətbiq edilməsidir. Kənd əhalisinin xərclərinin müəyyən hissəsinin azaldılması sosial güzəşt olmaqla yanaşı, mühüm iqtisadi siyasətdir”.
“Ucuz Kredit Və Əlçatan İpoteka Mexanizmi”
MCP başqanı regionlarda yaşayan vətəndaşların finans resurslarına çıxış imkanlarının artırılmasının və ipoteka sisteminin yenidən qurulmasının strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Kənd və rayonlarda yaşayan insanlar üçün kreditlər daha əlçatan, faizlər isə daha aşağı olmalıdır. Fermer, maldarlıq və əkinçiliklə məşğul olan ailələr ölkənin ərzaq təhlükəsizliyinə birbaşa töhfə verir. İpoteka mexanizmləri də Bakı və iri şəhərlərlə məhdudlaşmamalı, regionlarda ev almaq və ya ev tikmək istəyən vətəndaş üçün real imkanlar yaratmalıdır. Hazırkı ipoteka tələbləri və əhatə dairəsi rayon sakinləri üçün yetərli deyil və bu maneələr aradan qaldırılmalıdır”.
“Yalnız “Kənddə Qalın” Deməklə…“
Parlamentari təxminən bir ilə yaxındır müdafiə etdiyi konseptual yanaşmanı xatırladaraq, kənd həyatının cazibəsini artıracaq kompleks tədbirlərin görülməsinin vacibliyini bəyan edib:
“Məqsəd insanları kəndə məcbur etmək deyil. Məqsəd elə şərait yaratmaqdır ki, insan kənddə qalmağı özü üçün sərfəli və rahat seçim hesab etsin. Bunun üçün kommunal xərclərin azaldılması, güzəştli kreditlər, əlçatan ipoteka, keyfiyyətli yol və internet, səhiyyə və təhsil xidmətləri bir-birini tamamlamalıdır. Əgər biz kəndlərin boşalmasının qarşısını almaq istəyiriksə, yalnız ‘kənddə qalın’ deməklə bunu edə bilmərik. Kənddə yaşamağın iqtisadi üstünlüklərini artırmalıyıq. Kənddə yaşayan vətəndaş dövlət tərəfindən əlavə dəstək hiss etməlidir. Bu, təkcə sosial siyasət məsələsi deyil, regionların inkişafı və ölkənin gələcək ərzaq təhlükəsizliyi ilə bağlı strateji məsələdir”.