2025-ci ildə 13 minə yaxın tələbənin ödəniş imkansızlığı, dərs buraxma və ya öz istəyi ilə ali təhsil müəssisələrindən xaric olunması cəmiyyətdə təhsilin maliyyə əlçatanlığı problemini növbəti dəfə kəskin şəkildə gündəmə gətirib. Xüsusilə bakalavriat və magistratura səviyyəsində minlərlə gəncin təhsildən yayınması sosial dövlət anlayışı baxımından ciddi təhlillər tələb edir.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev tələbələrin universitetlərdən xaric olunması statistikasını və təhsil kreditlərinin mövcud vəziyyətini şərh edərkən bildirib.
“Xaric Olunmalar Həyəcan Təbili Çalır”
Millət vəkili tələbələrin xaric olunma statistikasının arxasında duran əsas səbəblərdən birinin maddi çətinliklər olduğunu vurğulayıb:
“2025-ci ildə təhsil haqqının ödənilməməsi, dərs buraxılması və ya tələbənin öz istəyi ilə 13 minə yaxın şəxsin təhsil müəssisələrindən xaric edilməsi ciddi düşünməli olduğumuz məsələdir. Xüsusilə də onların 6 122 nəfərinin bakalavriat, 1 897 nəfərinin isə magistratura səviyyəsində olması bu sahədə problemin miqyasını göstərir. Bu rəqəmlərin hamısının sırf maddi imkansızlıq səbəbindən xaric edildiyini demək düzgün olmaz. Amma təhsil haqqının ödənilməməsinin bu statistikada ayrıca və mühüm səbəb kimi yer alması təhsilin maliyyə əlçatanlığı məsələsini yenidən gündəmə gətirir”.
“‘20 Faizini Özün Ödə’ Tələbi Ailələr Üçün Ciddi Maneədir”
Parlamentari mövcud təhsil tələbə krediti sisteminin çatışmazlıqlarına toxunaraq, sərt şərtlərin yumşaldılmasının vacibliyini qeyd edib:
“Mən hesab edirəm ki, təhsil tələbə krediti yaxşı mexanizmdir, amma onun mövcud şərtləri bütün tələbələrin problemini həll etməyə kifayət etmir. Standart kredit üçün tələbənin müəyyən akademik göstəriciyə malik olması və illik təhsil haqqının ən azı 20 faizini ödəməsi tələb olunur. Maddi çətinlik yaşayan tələbəyə ’20 faizi əvvəlcə özün ödə’ demək bəzi ailələr üçün kifayət qədər ciddi maneə ola bilər. Əgər gənc ali məktəbə qəbul olubsa, onun təhsil haqqını ödəyə bilməməsi təhsilini davam etdirməsinə mane olmamalıdır”.
“Azərbaycan Mərhələli Şəkildə Pulsuz Təhsil Modelinə Keçməlidir”
MCP başqanı inkişaf etmiş OECD ölkələrinin təcrübəsinə istinad edərək, təhsilin dövlət tərəfindən tam maliyyələşdirilməsi modelinə keçilməsinin strateji hədəf olmalı olduğunu bildirib:
“OECD-nin 2025-ci il məlumatlarına görə, Danimarka, Finlandiya, Norveç, İsveç və Almaniya kimi ölkələrdə dövlət ali təhsil müəssisələrində təhsil haqqı tutulmur. Hətta bu ölkələrdə kreditlər yaşayış xərclərini qarşılamaq üçün verilir. Azərbaycan da artıq özünü inkişaf etmiş ölkələr sırasında gördüyünə görə bu müqayisəni aparırıq. Azərbaycan mərhələli şəkildə ödənişli ali təhsildən daha geniş dövlət maliyyələşməsi və nəticədə mümkün qədər pulsuz ali təhsil modelinə doğru getməlidir. Ailənin maddi vəziyyəti istedadlı və çalışqan gəncin universitetdən kənarda qalmasına səbəb olmamalıdır”.
“Təhsilə Qoyulan Vəsait İnsan Kapitalına İnvestisiyadır”
Deputat dövlətin gənclərə yanaşmasında köklü dəyişikliyin vacibliyini vurğulayaraq fikirlərini yekunlaşdırıb:
“Təhsil adi istehlak xərci deyil, ölkənin insan kapitalına qoyulan investisiyadır. Biz gəncə ‘pulun varsa oxu’ mesajı verməməliyik. Əksinə, oxumaq istəyən və buna potensialı olan gəncə deməliyik: sən oxu, dövlət isə sənin qarşındakı maliyyə maneəsini aradan qaldırsın. Uzunmüddətli məqsəd yalnız daha çox tələbəyə kredit vermək yox, tələbənin borclanmağa məcbur olmadıqları bir sistem qurmaq olmalıdır”.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət


