backend

Suverenliyimiz gələcəyimizin zəmanətidir… – Deputat

20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində müstəsna yer tutan, milli qürur və şərəf günüdür. Bu tarixi gün xalqımızın azadlıq iradəsinin, dövlətimizin sarsılmaz gücünün və Vətən torpaqlarının bütövlüyünün təsdiqidir.

Yenigun.Media xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə xalqı təbrik edərkən deyib.
“Qarabağın Azadlığı Və Tam Suverenlik Qürur Mənbəyimizdir”
Millət vəkili Qarabağın tam azad olunması və suverenliyin bərpasının tarixi əhəmiyyətini vurğulayıb:
“Biz bu gün fəxrlə bəyan edirik ki, Azərbaycanın suverenliyi ölkəmizin hər bir qarış ərazisində tam təmin olunub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, şanlı ordumuzun rəşadəti və xalqımızın sarsılmaz birliyi sayəsində Qarabağ azadlığına qovuşdu. Suverenliyimizin tam bərpa edilməsi dövlətimizin təhlükəsizliyinin, vətəndaşlarımızın əmin-amanlığının və gələcək rifahının ən möhkəm zəmanətidir”.
“Azərbaycan Beynəlxalq Arenada Söz Sahibinə Çevrilib”
Parlamentari son illərdə əldə olunan xarici siyasət uğurlarına və beynəlxalq nüfuzun artmasına diqqət çəkib:
“Müstəqil Azərbaycan son illərdə xarici siyasətdə tarixi nailiyyətlərə imza atıb. Qlobal miqyasda yürüdülən məqsədyönlü strategiya nəticəsində ölkəmiz regionun liderinə və beynəlxalq arenada söz sahibinə çevrilib. Bu gün Azərbaycanla hesablaşırlar, dövlətimizin mövqeyinə hörmətlə yanaşırlar. Bu uğurlar hər bir azərbaycanlının rifahına və dövlətimizin qüdrətlənməsinə xidmət edir”.
“Xalqımızı Və Dövlətimizi Ürəkdən Təbrik Edirəm”
MCP rəsmisi təbrikini xalqımıza və dövlətimizə xoş arzularla tamamlayıb:
“Bu əlamətdar gün münasibətilə xalqımızı, Vətənini sevən hər bir həmvətənimizi ürəkdən təbrik edirəm. Dövlətimizin suverenliyi əbədi, birliyimiz sarsılmaz, xalqımızın rifahı daimi olsun. Dövlət Suverenliyi Günümüz mübarək!”