backend

Müşfiq Məmmədli: Türk dünyası ilə İslam aləmi arasında dostluq və əməkdaşlıq daha da dərinləşməlidir

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvlərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər Türk dünyası ilə İslam aləmi arasında həmrəyliyin və əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini bir daha nümayiş etdirdi.
Bakıda keçirilən mühüm beynəlxalq tədbirlər Azərbaycanın Türk dünyası, Qafqaz və İslam coğrafiyası arasında əməkdaşlığın və dialoqun inkişafındakı rolunu diqqətə çatdırır. Böyük mütəfəkkir Seyid Yəhya Bakuvinin zəngin irsinin təbliği isə xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi böyük mənəvi xəzinənin əhəmiyyətini bir daha göstərir.
Azərbaycan hər zaman İslam həmrəyliyinin gücləndirilməsinə, sülhün, qarşılıqlı hörmətin və əməkdaşlığın təşviqinə öz töhfəsini verib. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da bu istiqamətdə atılmış mühüm addımlardan biri olmaqla yanaşı, müsəlman dünyasında birlik və həmrəyliyin təbliği baxımından əhəmiyyətli platformaya çevrilmişdi.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsi də Azərbaycanın İslam dünyasında əməkdaşlığın inkişafına verdiyi töhfənin göstəricisidir.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış Proqramının icrası, dağıdılmış məscidlərin bərpası və yenidən qurulması xalqımızın tarixi-mədəni və milli-mənəvi irsinə bağlılığının bariz nümunəsidir.
Bu gün qarşıda duran əsas çağırışlardan biri Türk dünyasında, Qafqazda və İslam coğrafiyasında sülh və sabitliyin qorunması, qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də xalqlar arasında dostluq və qarşılıqlı anlaşma körpülərinin möhkəmləndirilməsidir.
Müşfiq Məmmədli
Milli Məclisin deputatı