Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər Türk dünyasının qarşısında dayanan əsas çağırışları və gələcək hədəfləri aydın şəkildə ortaya qoyur.
Bu barədə Milli Məclisin deputatı Fatma Yıldırım açıqlamasında bildirib.
Deputat qeyd edib ki, müasir dünyada təhlükəsizlik anlayışı artıq yalnız hərbi və fiziki təhdidlərlə məhdudlaşmır:
“Cənab Prezident İlham Əliyevin də çıxışında xüsusi vurğuladığı kimi, terrorizm, ekstremizm, transmilli cinayətkarlıq, kiberməkanda və informasiya sahəsində təhdidlər, enerji və nəqliyyat təhlükəsizliyi kimi məsələlər dövlətlərin birgə fəaliyyətini və operativ informasiya mübadiləsini zəruri edir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı məkanında təhlükəsizlik qurumları arasında koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.
Fatma Yıldırım Azərbaycanın təşəbbüsü ilə TDT çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətlərdə dərinləşdirilməsinin Türk dünyasının birliyinin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Onun sözlərinə görə, Türk dövlətlərinin yerləşdiyi geniş coğrafiya, eləcə də malik olduqları enerji və nəqliyyat imkanları bu ölkələrin həm regional, həm də qlobal miqyasda strateji əhəmiyyətini artırır:
“Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi, enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında, eləcə də Mərkəzi Asiya ölkələrinin resurslarının Xəzər üzərindən tranzitində oynadığı rol ölkəmizin Türk dünyası daxilində strateji əhəmiyyətini daha da artırır. Enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları müasir geosiyasi reallıqlarda bir-biri ilə sıx əlaqəli məsələlərdir”.
Deputat Azərbaycan-Türkiyə münasibətlərinin Türk dünyasında həmrəyliyin mühüm nümunələrindən biri olduğunu qeyd edib. O bildirib ki, tarixi, mədəni, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində dərin əlaqələrə əsaslanan Azərbaycan-Türkiyə müttəfiqliyi Şuşa Bəyannaməsi ilə yeni mərhələyə yüksəlib.
Fatma Yıldırım, həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında münasibətlərin inkişafının TDT daxilində qarşılıqlı etimad və həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
“Türk dünyasının gücü yalnız iqtisadi və siyasi potensialla ölçülmür. Ortaq tarix, dil, mədəniyyət, milli və mənəvi dəyərlər xalqlarımızı birləşdirən mühüm amillərdir. Bu dəyərlərin gələcək nəsillərə ötürülməsi olduqca vacibdir. Cənab Prezidentin gənclər təşkilatları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi ilə bağlı fikirləri də məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır”, – deyə deputat bildirib.
Milli Məclisin deputatı çıxışda beynəlxalq hüququn aliliyinə xüsusi diqqət yetirilməsini də mühüm məqam kimi dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan uzun illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinin təmin olunmamasının doğurduğu nəticələrlə üzləşmiş ölkə kimi bu məsələnin əhəmiyyətini yaxşı bilir.
“Ermənistanın işğal siyasəti nəticəsində torpaqlarımızın uzun illər işğal altında qalması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması beynəlxalq hüququn mexanizmlərinin səmərəli işləməsinin vacibliyini bir daha göstərdi. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə beynəlxalq hüquqa əsaslanan ədalətin təmin olunmasının mümkünlüyünü nümayiş etdirdi”, – deyə Fatma Yıldırım qeyd edib.
Deputat hesab edir ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji istiqamətlər Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə, üzv dövlətlər arasında təhlükəsizlik və əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsinə və Türk dünyasının beynəlxalq arenada söz və təsir imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.
Yenigun.Media
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət



