backend

Binəqədi Sukanal İdarəsində özbaşınalıq davam edir

Mətbuat səhifələrində su idarələrinin yarıtmaz fəaliyyəti, mövcud problemlər və acınacaqlı vəziyyətlə bağlı kifayət qədər yazılar dərc olunub. Lakin bütün bunlara baxmayaraq, çatışmazlıqlar və nöqsanlar hələ də aradan qaldırılmayıb.

Bu baxımdan, Sulutəpə və Xocəsən qəsəbələrində vəziyyət xüsusilə acınacaqlıdır. Küçələrdə su borularının aidiyyəti qurum tərəfindən nəzarətsiz və baxımsız vəziyyətdə qalması müxtəlif problemlərin artmasına səbəb olur. Su xətlərinin partlaması və sızması nəticəsində içməli su günlərlə, hətta aylarla boş yerə axır. Nəticədə böyük həcmdə su itkisinə yol verilir.

Ən acınacaqlısı isə bu axıntıların qarşısının alınmasının müşkülə çevrilməsidir. Sözügedən problemlərlə bağlı Binəqədi Sukanal İdarəsinin 1646 nömrəli qaynar xəttinə, ADSEA-nın 955 nömrəli qaynar xəttinə, eləcə də idarə rəisi Mehdi Əliyevə dəfələrlə məlumat verilməsinə baxmayaraq, problemin həlli istiqamətində nəticə yoxdur.

İddialara görə, məsələ ilə bağlı ADSEA-ya, Binəqədi Rayon İcra Hakimiyyətinə və Prezident Administrasiyasının qaynar xəttinə edilən müraciətlərdən sonra da problemin aradan qaldırılması təmin olunmayıb. Belə vəziyyət vətəndaşlarda haqlı narazılıq yaradır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında məmurların vəzifələrinin əsas məqsədinin xalqa xidmət etmək olduğunu dəfələrlə vurğulayıb. Lakin yerli qurumların fəaliyyətində bu prinsipə uyğun olmayan halların müşahidə edilməsi ciddi narahatlıq doğurur.

İdarə rəhbərliyinin məsələlərə laqeyd yanaşması və problemlərin vaxtında həll edilməməsi nəticəsində vətəndaşlar ciddi çətinliklərlə üzləşirlər. Küçələri, həyətləri, hətta yaşayış evlərini su basması sakinlərin gündəlik həyatına ciddi zərər vurur.

Bundan əlavə, daha ciddi narahatlıq doğuran digər məsələ də mövcuddur. Fərdi yaşayış evlərinə gedən su borularının üzərindən yüksək gərginlikli elektrik kabellərinin keçirilməsi, bəzi hallarda isə zədələnmiş kabellərin su ilə təmasda olan və ya su basmış boruların üzərinə tələm-tələsik yerləşdirilməsi təhlükəli vəziyyət yaradır.

Aidiyyəti qurumlar belə hallara niyə göz yumurlar? Su xətlərinin və elektrik kabellərinin nasaz vəziyyətdə olması insan həyatı üçün ciddi təhlükə yarada bilər. Su borularının partlaması və ya sızması zamanı elektrik kabellərinin zədələnməsi hansı ağır nəticələrə səbəb ola bilər, bunu əvvəlcədən təsəvvür etmək belə kifayətdir.

Odur ki, qış mövsümü başlamamışdan əvvəl mövcud problemlərin aradan qaldırılması, su xətlərinin və digər kommunikasiyaların texniki vəziyyətinin yoxlanılması vacibdir. İnsan həyatı və təhlükəsizliyi üçün risk yaradan nasazlıqların vaxtında aradan qaldırılması aidiyyəti qurumların birbaşa vəzifəsidir.

Bəs başıpozuq və nəzarətsiz fəaliyyət göstərdiyi iddia olunan qurumlarla bağlı nə vaxt tədbir görüləcək? Vətəndaşların müraciətlərinə nə vaxt real münasibət göstəriləcək?

Sakinlər isə hələlik problemlərin həll olunacağına ümid etməyə, izləməyə və gözləməyə məcburdurlar.

Mövzuya qayıdacağıq.

Zahid HÜSEYNLİ,
Qaynarxett.az