“Müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq platformalarının rolu getdikcə artır. Qlobal geosiyasi transformasiyalar, təhlükəsizlik çağırışları, yeni iqtisadi və nəqliyyat marşrutlarının formalaşması, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması, eləcə də çoxtərəfli əməkdaşlıq mexanizmlərinə artan tələbat regional təşkilatların strateji əhəmiyyətini daha da yüksəldir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə Avrasiya məkanında siyasi, iqtisadi və geostrateji təsir imkanlarını sürətlə artıran mühüm beynəlxalq platformalardan birinə çevrilib”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Onun sözlərinə görə, türk dövlətləri arasında ortaq tarixi, etnik, mədəni və mənəvi bağlılıq üzərində formalaşan əməkdaşlıq artıq keyfiyyətcə yeni mərhələyə daxil olub. Əgər əvvəlki dövrlərdə münasibətlərin əsasını daha çox mədəni-humanitar əlaqələr təşkil edirdisə, bu gün TDT siyasi koordinasiya, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, rəqəmsal transformasiya və regional təhlükəsizlik məsələlərini özündə birləşdirən çoxtərəfli strateji əməkdaşlıq platforması kimi çıxış edir. Bütün bunların fonunda sentyabrın 17-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısının keçirilməsi xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən dediyi kimi, TDT mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, həmçinin təşkilatın beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir.
Deputatın fikrincə, bu prosesdə Azərbaycanın rolu xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Türk dünyasının inteqrasiyası istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Azərbaycanın təşəbbüsləri, irəli sürdüyü regional layihələr və təşkilat daxilində fəal diplomatik fəaliyyəti TDT-nin institusional inkişafına, əməkdaşlıq mexanizmlərinin genişlənməsinə və Türk dünyasında siyasi həmrəyliyin güclənməsinə mühüm töhfə verir. Eyni zamanda, dövlət başçısının vurğuladığı kimi, ərazilərimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir. TDT regionunun qərbində və şərqində də təşkilatımızın və onun beynəlxalq məsələlərdə, o cümlədən bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdə təhlükəsizliklə bağlı məsələlərdə müsbət rolunun güclənməsini böyük maraqla izləyirlər. Nəzərə alaq ki, enerji sahəsində əməkdaşlıq TDT çərçivəsində prioritet istiqamətlər sırasında yer alır. Azərbaycan zəngin enerji resursları, geniş ixrac marşrutları və enerji diplomatiyası ilə regionun enerji təhlükəsizliyində mühüm rol oynayır. Bununla yanaşı, yaşıl enerji gündəliyi və bərpaolunan enerji sahəsində əməkdaşlıq türk dövlətləri arasında yeni strateji istiqamətlərdən biri kimi ön plana çıxır. Xəzər regionunun yaşıl enerji potensialı bu baxımdan TDT daxilində yeni əməkdaşlıq imkanları yaradır.
“Xüsusilə Orta Dəhlizin artan geoiqtisadi əhəmiyyəti təşkilatın beynəlxalq münasibətlər sistemində rolunu daha da gücləndirir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz artıq Avrasiyada əsas marşrutlardan birinə çevrilir və Şərqlə Qərbi türk dövlətləri məkanı vasitəsilə birləşdirir. Lakin Orta Dəhliz nəqliyyat yolundan daha çox əhəmiyyətə malikdir. O, strateji tərəfdaşlıq, iqtisadi əməkdaşlıq və geosiyasi sabitlik məkanıdır. Bu kontekstdə türk inteqrasiyası təkcə regional deyil, həm də qlobal əhəmiyyət kəsb edir”, - deyən Pərvin Kərimzadə əlavə edib ki, qarşıya qoyulan hədəflərin reallaşması üçün sabitlik çox mühüm şərtdir. Çünki sabitlik olmadan heç birinkişafdan söhbət gedə bilməz. Sevindirici haldır ki, dünyanın bir çox yerlərində qarşıdurmalar mövcud olduğu halda, türk dövlətlərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Bugünkü siyasi və xarici siyasi reallıqlarda bu, inkişafın mühüm amilidir. Cənab Prezidentin dediyi kimi “Bu və ya digər ölkədə sabit vəziyyət, siyasi və iqtisadi sabitlik yoxdursa, heç bir ölkəyə nə investisiyalar, nə texnologiyalar, nə də innovasiyalar gələcək. Yəni bu da bu gün ölkələrimizi yerləşdiyimiz regionlardakı digər ölkələrdən fərqləndirən mühüm amildir”.
YAP İdarə Heyətinin üzvü qeyd edib ki, müəyyən xarici dairələr, islamafob, türkəfob qüvvələr müxtəlif yollarla ölkələrimizdə ictimai-siyasi sabitliyi pozmağa çalışır, bu məqsədlə külli miqdarda vəsait ayırırlar. Biz bunu Azərbaycanın nümunəsində də görmüşük. Belə ki, bəlli xarici dairələr hər vəchlə ölkəmizdə daxili vəziyyəti gərginləşdirməyə çalışıb. Daxildəki satıqnlar, radikal qruplar həmin qüvvələrin əlində alət rolunu oynayır. Vaxtaşırı olaraq, onlar gərginlik yaratmağa cəhdlər ediblər. Amma xalqın dəstəyi, müvafiq dövlət orqanlarının ayıq-sayıq olması nəticəsində bu qüvvələrin məkrli planları baş tutmayıb. Çünki ölkəmizdə intellektual cəmiyyət formalaşdığı üçün nə xaricdəki mərkəzlərin, nə də sapı özümüzdən olan baltalarmızın çirkin niyyətləri iflasa uğrayıb. Prezident İlham Əliyevin də görüşdə bu məsələləri vurğulaması türk dövlətləri üçün bir çağırışdır. Çünki həmin qüvvələr bundan sonra da dayanmayacaq. Ona görə də, ölkələrimzdə ideoloji iş daha da gücləndirilməlidir. Xüsusilə, gənc nəslin milli-mənəvi dəyərlər, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda yetişdirilməsi mühüm şərtdir.
“Bu və digər çağırışlar belə bir qənaət formalaşdırır ki, türk dövlətləri təhlükəsizlik sahəsində əməkdaşlığı daha da möhkəmləndirməlidir. Çünki dünyada qeyri-sabit vəziyyət qalmaqdadır. Hazırkı narahat vəziyyətdə türk xalqlarının birliyini gücləndirmək çox vacibdir. Bu, ümumi təhlükəsizliyimizin etibarlı təminatıdır. Silah və narkotik ticarəti, terrorizm, ekstremizm, miqrasiya ilə əlaqəli çağırışlar da artmaqdadır. Bu kimi təhdidlərin qarşısını almaq üçün təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirlməsi tarixi zərurətdir. İnanırıq ki, türk dövlətlərinin təhlükəsizlik orqanları bu sahədə də nümunəvi əməkdaşlıq modeli formalaşdıracaq”, - deyə deputat vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət



