backend

Azərbaycan qadını: milli dəyərlərin qoruyucusu və müasir inkişafın iştirakçısı

Azərbaycan qadını tarix boyu həm ailənin, həm də cəmiyyətin bərabərhüquqlu üzvü kimi ölkəmizin inkişafında və qazandığı uğurlarda mühüm rol oynamışdır. Milli dövlətçilik ənənələrinin qorunub saxlanmasında, milli məfkurənin yaşadılmasında və gələcək nəsillərə ötürülməsində qadınlarımızın xidmətləri danılmazdır. Dövlətçiliyimizə sadiq olan Azərbaycan qadınları hər zaman milli maraqlarımızın keşiyində dayanmış, Vətənə və xalqa sədaqətlə xidmət etmişlər.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, “tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər”. Bu gün də qadınlarımız ictimai-siyasi həyatın müxtəlif sahələrində fəal iştirak edərək bu şərəfli missiyanı uğurla davam etdirirlər.

Bu fikirləri açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, sürətlə inkişaf edən və maariflənən Azərbaycan qadını yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalaraq ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın etibarlı dayağına çevrilmişdir. Keçmişimizin unudulmaz səhifələrində iz qoymuş görkəmli qadın şəxsiyyətlərin irsini yaşadan müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Ölkəmizdə qadın siyasətinin əsasının qoyulması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmış, onların ictimai-siyasi fəaliyyətinə geniş imkanlar yaratmış, lider qadınların yetişməsinə mühüm töhfələr vermişdir. Onun müəyyən etdiyi siyasət nəticəsində qadınların cəmiyyət həyatında rolu daha da güclənmişdir.

Bu siyasətin mühüm mərhələlərindən biri də 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı olmuşdur. Həmin qurultay dövlət qadın siyasətinin tarixində əlamətdar hadisə kimi qiymətləndirilir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslər fonunda keçirilən qurultayda Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdikləri bir daha nümayiş etdirilmiş, qadınların cəmiyyət həyatında rolunun artırılması ilə bağlı mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir keçirilən Azərbaycan qadınlarının qurultayları dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.
Dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistemlə sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə gender bərabərliyinin təmin olunması üçün hüquqi baza daha da möhkəmləndirilmişdir. Qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması üçün 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur.
Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir.

Millət vəkili Tamam Cəfərova xüsusilə qeyd edib ki, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti və “yumşaq güc”ün rəmzi Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Bundan əlavə, Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə 2026-cı il 27 fevral tarixində yaradılmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına rəhbərlik də Mehriban xanım Əliyevaya həvalə edilmişdir.
Statistik göstəricilər də qadınların cəmiyyət həyatında rolunun artdığını aydın şəkildə nümayiş etdirir. Azərbaycan Respublikası əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edir. 2026-cı il yanvarın 1-nə ümumi işçi qüvvəsinin sayında qadınların payı 48,4 faiz, məşğul olanların ümumi sayında qadınların payı isə 48,1 faiz olmuşdur. Fərdi sahibkarların ümumi sayında qadın sahibkarların xüsusi çəkisi son beş ildə artaraq 2026-cı il yanvarın 1-nə 23,7 faizə çatmışdır.
Eyni zamanda yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi də əhəmiyyətli dərəcədə artmışdır. 2004-cü ildə bu göstərici 4 faiz olduğu halda, 2025-ci ildə 39,34 faizə yüksəlmişdir. Dövlət qulluqçuları arasında qadınların payı son dörd ildə 27,5 faizdən 29,7 faizə çatmış, hakimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və vəkillər arasında qadınların sayı da artmışdır.
Azərbaycan qadınları ölkənin bütün sahələrində olduğu kimi Milli Məclisdə də uğurla təmsil olunurlar. Milli Məclisin I çağırışında 15, II çağırışında 13, III çağırışında 14, IV çağırışında 20, V çağırışında 20, VI çağırışında 21, VII çağırışında isə 26 qadın deputat seçilmişdir. Bu fakt ölkəmizdə qadınların siyasi proseslərdə iştirakının ildən-ilə genişləndiyini göstərir. 2020-ci il martın 10-dan Milli Məclisə qadın deputatın sədrlik etməsi qadınların dövlət idarəçiliyində rolunun daha da artdığının göstəricisidir.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan xanımlarını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram.