backend

Razi Nurullayev yaşıl quruculuq forumunda çıxış edib

Razi Nurullayev “Yaşıl quruculuq, hamı üçün mənzil: Dayanıqlı yaşayış üçün dövlət-özəl tərəfdaşlığı yolları” (“Build Green, House to All: PPP Pathways to Sustainable Housing”) mövzusunda keçirilən forumda iştirak edib.

Qaynarxett.az xəbər verir ki, forumda çıxış edən deputat dayanıqlı şəhərsalma, ekoloji cəhətdən təhlükəsiz və əlçatan mənzil siyasəti, eləcə də dövlət-özəl tərəfdaşlığının bu istiqamətdə əhəmiyyətindən danışıb. Razi Nurullayev bildirib ki, müasir dövrdə sürətli urbanizasiya şəhərlərin inkişafı ilə yanaşı, yeni çağırışlar da yaradır və bu problemlərin həlli kompleks yanaşma tələb edir.

Deputat qeyd edib ki, əsas məqsəd yalnız yeni yaşayış binalarının tikilməsi deyil, eyni zamanda sosial ədalətin qorunması, ekoloji balansın saxlanılması və uzunmüddətli dayanıqlığın təmin olunmasıdır. Onun sözlərinə görə, yaşıl texnologiyaların tətbiqi, enerji səmərəliliyi və ətraf mühitə həssas yanaşma gələcəyin şəhərsalma modelinin əsas istiqamətlərindən biri olmalıdır.

Çıxış zamanı dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, bu tərəfdaşlıq mexanizmi həm mənzil təminatının yaxşılaşdırılmasına, həm də dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına mühüm töhfə verə bilər.

Forum çərçivəsində iştirakçılar dayanıqlı inkişaf, yaşıl iqtisadiyyat və gələcəyin şəhər modelləri ilə bağlı fikir mübadiləsi aparıblar.