backend

Sumqayıtda Mehdi Hüseynzadənin büstünü dağıdıb arxasına başqa lövhə vurdular – Fotolar

Sumqayıt stadionu ərazisində qoyulan, arenanın adını daşıdığı Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin büstü dağıdılıb.

Qaynarxett.az  xəbər verir ki, əvvəl üzərində M. Hüseynzadənin büstü olan abidənin həmin hissəsində büst dağıdılıb, həmçinin onun adı silinib. Abidənin digər tərəfinə isə stadionun prezidentin sərəncamı ilə 2022-ci ildə tikildiyi qeyd olunub.
Bu barədə məlumatı və fotoları jurnalist Anar Xanlarov yayıb.
“Bir müddət bundan əvvəl açılışına hazırlıq gedən Sumqayıt stadionu ərazisində arenanın adını daşıdığı Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin büstünün qoyulması ilə bağlı məlumat və büstün fotosunu paylaşmışdıq. Bu gün isə stadiona baş çəkərkən acınacaqlı mənzərənin şahidi oldum. Büstdən Mehdi Hüseynzadənin şəkli və adı silinib, həmin hissə dənizə tərəf döndərilib. Üzü mərkəzə tərəf çevirilən hissəsində isə stadionun 2022-ci ildə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə tikilməsinə dair məlumat yazılıb. Düzü bilmirəm, bu yazı əvvəldən elə bu büstə yazılmışdı, yoxsa sonradan əlavə olunub. İstənilən halda, biabırçı mənzərədir. Zatən tutum məsələsində ictimaiyyətlə oyun oynanıldı. İl boyu 16 minin piarı aparıldı, axırda kəsə-kəsə məlum oldu ki, 500 minlik şəhərə 9 minlik “qutu” tikilib. Abidə məsələsinə gəlincə, dünyanın istənilən yerində stadion hansısa tanınmış şəxsin adını daşıyırsa, o stadionda həmin şəxsin heykəli, abidəsi, büstü, fotoları, haqqında məlumat və s. əks olunur. Bu mənada Sumqayıt stadionuna Mehdi Hüseynzadənin büstünün hazırlanıb gətirilməsi vacib idi. Bəs bu büst sonradan niyə bu hala salınıb? Mehdi Hüseynzadə Azərbaycanın fəxridir və ona qarşı bu cür hörmətsizlik qəti yolverilməzdi”.
İkinci məsələ, həqiqətən də stadionuin tikilməsində ölkə başçıs İlham Əliyevin xüsusi rolu var. Məhz onun sərəncamından sonra bu işlərə başlanıldı, vəsait ayrıldı, stadion tikildi. Bu mənada bunu da özündə əks etdirən məlumat löhvəsinin stadion ərazisində quraşdırılması da məntiqlidir. Əgər iş icraçıları bu löhvəni Mehdi Hüseynzadənin ad və fotosu ilə eyni löhvəyə vurubsa, hansı ki, buna inanmıram, yolverilməzdi. Yox, Mehdi Hüseynzadənin fotosunu və adını silib həmin löhvənin əks tərəfinə bu məlumatı yazıblarsa, bu ikiqat yolverilməzdi. Stadionun ölkə başçısının sərəncamı ilə tikildiyinə dair məlumatı yazmaq üçün əlavə löhvə sifariş vermək belə çətindir? Ölkə başçısının adına, statusuna layiq bir məlumat löhvəsi hazırlamaq əvəzinə, Mehdi Hüseynzadənin biabırçı günə salınmış löhvəsi niyə seçilib? Hətta deyilənə görə, büstdə çat aşkarlanıb, fotoya diqqətlə baxsanız ortadan çata bənzər xəttin getdiyini də görmək olar. Əgər bu xətt doğurdan çatdırsa, ümumiyyətlə, deyiləcək söz qalmır”, – deyə jurnalist bildirib.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq məsələnin araşdırılıb məlumat veriləcəyi bildirildi.