Ulu Öndər Heydər Əliyevin “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” fikri Azərbaycan dilinin rolunu dolğun şəkildə ifadə edir. Azərbaycan dilinin dövlət dili statusuna çatması heç də asan olmamışdır. Sovet dövründə milli dillərin sıxışdırıldığı, ana dili məsələsinin gündəmə gətirilməsinin belə siyasi cəsarət tələb etdiyi bir zamanda Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin qorunması məsələsində prinsipial mövqe nümayiş etdirmişdir.
1978-ci ildə məhz Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması mühüm tarixi hadisə idi. Bu, sadəcə dil məsələsi deyil, xalqımızın milli kimliyinin qorunmasına xidmət edən uzaqgörən siyasi addım idi.
Dövlət müstəqilliyinin bərpasından sonra – Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan dilinin mövqeyi möhkəmləndirildi. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olduğu təsbit olundu. Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı dil siyasətinin inkişafında yeni mərhələyə yol açdı. Həmin il avqustun 9-da Ümummilli Lider tərəfindən imzalanmış Fərmanla 1 avqust tarixi ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edildi.
Ulu Öndər Heydər Əliyevin siyasi xətti Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir. Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, Azərbaycan Milli Ensiklopediyasının nəşri, dünya ədəbiyyatı nümunələrinin dilimizə tərcüməsi, Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsi, dilimizin saflığının qorunması və dilçilik elminin inkişafı istiqamətində atılan addımlar bunun bariz nümunəsidir.
- Bəs qloballaşma dövründə rəqəmsal texnologiyaların və süni intellektin cəmiyyət həyatının bütün sahələrində geniş tətbiqi milli dilin qorunmasına necə təsir göstərir və indiki şəraitdə bu istiqamətdə qarşıda duran əsas vəzifələr nədən ibarətdir?
- Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səsləndirdiyi “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır” fikri mühüm çağırışdır. Hazırkı dövrdə qloballaşma, sosial media, rəqəmsal texnologiyalar və süni intellekt insan həyatının ayrılmaz hissəsinə çevrilib. Dünyada gedən ictimai-siyasi proseslərdən xəbərdar olmaq, xarici dilləri bilmək və yeni texnologiyaları mənimsəmək olduqca vacibdir.
Azərbaycan dili o qədər zəngin və ifadə imkanları geniş olan bir dildir ki, ən mürəkkəb fikirləri, ən incə duyğuları belə ifadə etmək mümkündür. Dilimizin saflığının qorunması yalnız dövlətin, alimlərin və dilçilərin üzərinə düşən vəzifə deyildir. Siyasətçilərin çıxışlarından, jurnalistlərin yazılarından, müəllimlərin dərslərindən tutmuş sosial şəbəkələrdəki gündəlik ünsiyyətədək hər bir sahədə ana dilinə düzgün və həssas yanaşmaq mühüm əhəmiyyət kəsb edir.
Xüsusilə gənc nəslin Azərbaycan dilində səlis danışması, düzgün yazması, zəngin söz ehtiyatına sahib olması olduqca vacibdir. Xarici dilləri öyrənmək lazımdır və müasir gənclər üçün zərurətdir. Amma hər bir vətəndaş nə qədər çox dil öyrənsə də, öz ana dilini mükəmməl bilməsi onun milli kimliyinin əsas göstəricilərindən biri olaraq qalır.
Azərbaycan dili həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı birləşdirən böyük mənəvi irsdir. Sərhədlər bizi fiziki olaraq bir-birimizdən ayıra bilər, amma eyni dildə danışmağımız, Vətən sevgisini eyni hisslərlə yaşatmağımız bizi bir xalq kimi birləşdirir.
Azərbaycan dili müstəqil Azərbaycan dövlətinin dilidir. Dövlətimizin güclənməsi ilə yanaşı, Azərbaycan dilinin beynəlxalq nüfuzu və istifadə arealı da genişlənir. Buna görə Azərbaycan dilini qorumaq həm də dövlətçilik məsələsidir. Biz dilimizi yalnız keçmişdən qalan miras kimi deyil, gələcək nəsillərə ötürəcəyimiz milli sərvət kimi qəbul edirik.
Ana dilimiz daim yaşayır, inkişaf edir və dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının Vətənə, milli yaddaşımıza və bir-birimizə bağlayan güc mənbəyi olaraq qalır. Azərbaycan dili milli kimliyimiz və tarixi yaddaşımızdır.










