backend

Ana dilimiz milli varlığımızı müəyyən edən başlıca amildir

Ümummilli Liderimiz Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Azərbaycan dili milli sərvətimiz, ən ali dəyərimiz, dövlətimizin əsas atributlarından biridir. Dilimizin saflığı və yaşaması onun dövlət dili səviyyəsinə qaldırılması, qorunması və inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dilini milli varlığın əsası kimi həmişə diqqət mərkəzində saxlamış, 1978-ci ildə Azərbaycan dilinin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdu. “Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi bizim nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, həm də Azərbaycançılıq məsələsidir”, – deyən dahi rəhbər siyasi hakimiyyətə ikinci qayıdışından sonra da ana dilimizin qorunması və inkişafı istiqamətində mühüm qərarlar qəbul etmiş, Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi öz təsbitini tapmışdır.
Ümummilli Liderin ideyalarını bu gün layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Prezident İlham Əliyev Azərbaycan dili ilə bağlı çıxışlarında onun milli kimlik, dövlət müstəqilliyi və mənəvi bütövlüyün əsas rəmzi olduğunu dəfələrlə vurğulayıb. O bildirib ki, Azərbaycan dili xalqımızın minillik tarixi, mədəni yaddaşı və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətlərdən biridir. Dövlət dili kimi onun qorunması və inkişafı Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən sayılır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli dil siyasəti bu dəyərlərin möhkəmləndirilməsinə və gələcək nəsillərə saf, zəngin şəkildə ötürülməsinə yönəlib. Ana dilimizi qorumaq, sevmək və gələcək nəsillərə ötürmək hər birimizin borcudur.

Gülxarə Tarverdiyeva
Ali Məclisin deputatı