backend

Müzəffər rəhbərin qətiyyəti və Ulu Öndərin çin olan vəsiyyəti -DEPUTAT YAZIR

Azərbaycan tarixinin ən parlaq, ən qürurlu və şanlı səhifələrindən biri yenidən doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarında yazılır. Otuz illik vətən həsrətinə son qoyan, hər bir qarış torpağı canı, qanı baha sına azad edən qüdrətli Azərbaycan dövləti bu gün öz doğma yuvalarına qayıdan soydaşlarımızın böyük köç fərəhini yaşayır. Bu möhtəşəm tarixi qələbənin, misilsiz dirçəliş və quruculuq dastanının arxasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin polad iradəsi, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti dayanır. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış strategiyası, düşmən tərəfindən viran qoyulmuş yurdlarımızı cənnətə çevirir, xalqımızın milli qürurunu göylərə ucaldır. Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən ailələrlə keçirilən görüş və mənzillərin açarlarının təqdim edilməsi məhz bu yorulmaz fəaliyyətin, xalqa verilən vədin növbəti parlaq təzahürüdür.

Zəngilan bu gün sadəcə qayıdışın deyil, həm də regional və qlobal miqyaslı nəhəng intibahın mərkəzinə çevrilir. Otuz il boyunca bədxah düşmənin daşını daş üstündə qoymadığı, təbiətini, meşələrini və müqəddəs məscidlərini vəhşicəsinə talan etdiyi bu qədim torpaq indi əsl sahiblərinin əli ilə yenidən qurulur. Cəmi bir neçə il ərzində Zəngilanda ucaldılan müasir yaşayış məhəllələri, beynəlxalq hava limanı, konqres mərkəzi, su elektrik stansiyaları və kənd təsərrüfatı müəssisələri dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirir. Ölkə rəhbərinin qeyd etdiyi kimi, Zəngilan nəinki Azərbaycanın, bölgənin ən mühüm nəqliyyat mərkəzlərindən birinə çevrilir. Buradan keçəcək Şərq-Qərb və Şimal-Cənub dəhlizləri, inşası sürətlə davam edən dəmir yolları və Zəngəzur dəhlizi Naxçıvanı birbaşa ana vətənə bağlayacaq, Azərbaycanın iqtisadi müstəqilliyini sarsılmaz edəcəkdir. Döyüş meydanında erməni faşizminin belini qıran, xarici havadarların bütün təzyiqlərinə sinə gərən Azərbaycan xalqı bu gün regionda sülhün və inkişafın yeganə diktə edən tərəfidir.

Müzəffər Lider İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündəki proqram xarakterli çıxışı Azərbaycan dövlətinin həm hərbi, həm də mənəvi ucalığını bir daha bəyan etdi. Dövlət başçısı bu tarixi qayıdışın mahiyyətini vurğulayaraq bildirdi: "Bu gün Zəngilan sakinləri üçün çox gözəl, əlamətdar bir gündür. Uzun fasilədən sonra siz doğma vətənə - Zəngilan şəhərinə qayıdırsınız. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm." Bu qayıdış sadəcə bir coğrafiyaya dönüş deyil, milli ləyaqətin, tarixi ədalətin və beynəlxalq hüququn zəfəridir. Azərbaycan ordusu müharibəni humanitar normalara uyğun apararaq təmiz və şərəfli bir qələbə qazanmışdır. Ermənistanın dinc əhalini raketlərlə hədəf aldığı dövrdə belə, Azərbaycan əsgəri mülki insanlara qarşı heç bir vəhşiliyə yol verməmiş, dünyaya əsl insanlıq dərsi keçmişdir. Dövlətimizin başçısı çıxışında bu mühüm həqiqəti xüsusi diqqətə çatdıraraq vurğuladı: "Bu gün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də bizik. Biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik." Bu kəlamlar Azərbaycanın hərbi gücünün, sarsılmaz iradəsinin və regional sabitliyin təminatçısı olmasının ən bariz sübutudur.

Bu müqəddəs qayıdış və zəfər gününün müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin doğum gününə təsadüf etməsi dərin rəmzi məna daşıyır və tarixi varisliyin sarsılmazlığını göstərir. 1993-cü ildə ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən və məhv olmaqdan xilas edən Ulu Öndərin ən böyük xəyal və arzusu məhz Qarabağın, doğma torpaqlarımızın işğaldan azad edilməsi idi. Bu gün dahi şəxsiyyətin uzaqgörən siyasəti, dövlətçilik xətti və müqəddəs vəsiyyəti onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən tam və mütləq şəkildə yerinə yetirilmişdir. Ulu Öndərin əsasını qoyduğu güclü iqtisadiyyat, nizami ordu quruculuğu və sarsılmaz xalq-iqtidar birliyi bu gün Şərqi Zəngəzurda, Qarabağda dalğalanan üçrəngli bayrağımızda öz təsdiqini tapır. Ulu Öndər Heydər Əliyev siyasətinin sarsılmazlığı və bu vəsiyyətin yerinə yetirilməsi yolundakı uğurlu fəaliyyət Azərbaycanı tarixin ən qüdrətli dövrünə daşımışdır. Dahi rəhbərin ruhu bu gün şaddır, çünki onun canından artıq sevdiyi Azərbaycanı əmin əllərdədir, azaddır, bütövdür və Zəngilanın timsalında öz yeni, möhtəşəm gələcəyini inşa edir.

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri