backend

Deputat:“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr böyük gələcəyin göstəricisidir”

Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri həm ölkədaxili, həm regional, həm də beynəlxalq siyasi baxımdan mühüm mesajlarla yadda qaldı. Dövlət başçısının səfər çərçivəsində bir sıra kəndlərin açılışında iştirak etməsi, iri hotel kompleksinin təməlinin qoyulması, yeni infrastruktur layihələrinə baxış keçirməsi bölgədə aparılan genişmiqyaslı quruculuq və bərpa prosesinin sürətlə davam etdiyini bir daha nümayiş etdirdi.

Bunu Qaynarxett.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfəri tarixi məqamlarla yadda qalır və dövlət başçısı həm sakinlərlə görüşlərində, həm də çıxışlarında mühüm siyasi mesajlar verir. Onun sözlərinə görə, Azərbaycan qısa müddət ərzində erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış ərazilərdə böyük quruculuq işləri həyata keçirərək öz iqtisadi gücünü və siyasi iradəsini nümayiş etdirir.

Deputat qeyd edib ki, Prezidentin bu səfərləri həm də cəmiyyətə verilən bir mesajdır: dövlət başçısı bütün proseslərə şəxsən nəzarət edir və Qarabağla bağlı həyata keçirilən böyük qlobal layihələrin əsas müəllifidir.

Vurğulanıb ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar artıq Ermənistan cəmiyyətində də ciddi şəkildə hiss olunur. Hətta Ermənistanda parlament seçkiləri öncəsi verilən bəyanatlarda Azərbaycan və Prezident İlham Əliyevlə bağlı fikirlərin yer alması bunu bir daha sübut edir. Bu isə Azərbaycanın artıq təkcə ölkə daxilində deyil, regionda və Ermənistanın ictimai-siyasi həyatında da ciddi təsir gücünə malik olduğunu göstərir.

Deputat bildirib ki, bu gün Azərbaycansız bölgədə heç bir layihənin həyata keçirilməsi mümkün deyil. Necə ki, Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşərək tarixi Zəfər qazandı, postmüharibə dövründə də dövlət Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı bərpa-quruculuq işlərini uğurla davam etdirir.

Onun sözlərinə görə, Prezidentin Zəngilan səfərində səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq arenada artan gücünü və vacib regional aktora çevrildiyini bir daha nümayiş etdirdi. Deputat qeyd edib ki, Ermənistandakı revanşist qüvvələr və onlara dəstək verən bəzi ölkələr, xüsusilə France artıq reallığı qəbul etməlidirlər. Çünki Azərbaycan və Ermənistan vasitəçisiz şəkildə bir sıra mühüm nəticələr əldə edib və bu, bölgədə yeni siyasi mərhələnin formalaşdığını göstərir.

Bildirilib ki, uzun illər fəaliyyətsiz qalan ATƏT-in Minsk qrupunun proseslərə təsir göstərə bilməməsi, Azərbaycanın isə bütün məsələləri öz siyasi və hərbi gücü hesabına həll etməsi artıq beynəlxalq ictimaiyyətə də aydın mesaj verir. Deputatın fikrincə, hazırda sülh müqaviləsinin imzalanması üçün sənədlər hazırlanır və Ermənistan üzərinə düşən son öhdəlikləri də yerinə yetirərsə, iki ölkə arasında sülh müqaviləsinin imzalanması mümkün olacaq.

“Azərbaycanda siyasi iradə mövcuddur və ölkəmiz üzərinə düşən bütün öhdəlikləri uğurla icra edir. Artıq əsas məsələ Ermənistanın atacağı addımlardır. Düşünürük ki, bu məsələ də öz həllini tapacaq”, – deyə deputat bildirib.

Sonda vurğulanıb ki, Prezident İlham Əliyevin bu səfəri zamanı verilən mesajlar həm Azərbaycan vətəndaşları, həm də beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının yerli, regional və qlobal məsələlərlə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın gücünü, nüfuzunu və artan təsir imkanlarını bir daha açıq şəkildə ortaya qoydu.