Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində mümkünsüz görünən tarixi nəticələr əldə etdi. Postmüharibə dövründə həyata keçirilən siyasi və diplomatik səylər isə Azərbaycanın regional mövqelərinin daha da güclənməsinə və Cənubi Qafqazda yeni reallıqların formalaşmasına səbəb olub.
Bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli Qaynarxett.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, Azərbaycanın 2023-cü ildə dövlət suverenliyini tam bərpa etməsindən sonra bölgədə dayanıqlı sülhün təmin olunması və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsi daha da aktuallaşıb.
Əli Məsimlinin sözlərinə görə, yaranmış yeni reallıqlar regiondakı siyasi balansın dəyişməsinə də təsir göstərib:
“Azərbaycan 2020-ci ildə hərb meydanında tarixi qələbə qazandığı kimi, sonrakı mərhələdə siyasi-diplomatik müstəvidə də mühüm nəticələr əldə etdi. Bu proses Azərbaycanın regional lider kimi mövqeyini daha da möhkəmləndirdi”.
Deputatın sözlərinə görə, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair sənədin paraflanması Cənubi Qafqazın siyasi tarixində mühüm hadisələrdən biridir.
“Vaşinqton razılaşmasını yalnız sülh sənədi kimi qiymətləndirmək düzgün olmazdı. Bu sənəd Azərbaycanla Ermənistan arasında böyük sülhə aparan yol xəritəsi xarakteri daşıyır. Burada tərəflərin ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında münasibətləri normallaşdırmaq, keçmiş münaqişənin ağır nəticələrini geridə qoymaq və gələcəkdə revanş cəhdlərini rədd etmək istiqamətində mövqeləri ifadə olunub”, – deyə Əli Məsimli vurğulayıb.
Deputat qeyd edib ki, sülh prosesində Azərbaycanın irəli sürdüyü beş baza prinsipinin qəbul edilməsi də mühüm siyasi nəticələrdən biridir.
Onun fikrincə, digər mühüm məqamlardan biri ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son qoyulmasıdır:
“Minsk Qrupunun ləğvi Qarabağ məsələsinin artıq keçmişdə qaldığını və regionda yeni siyasi reallığın formalaşdığını göstərən mühüm hadisədir. Bundan sonra Cənubi Qafqazda sülh prosesləri Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində inkişaf etməlidir”.
Əli Məsimli hesab edir ki, Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə keçməsi də regionda yaranmış reallıqların mühüm nəticələrindən biridir.
Deputat bildirib ki, iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi, təhlükəsizlik, enerji, nəqliyyat, yüksək texnologiyalar, süni intellekt, rəqəmsal infrastruktur, investisiya və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə əlavə imkanlar yaradır.
Açıqlamada Zəngəzur nəqliyyat bağlantısı və TRIPP layihəsinə də xüsusi diqqət çəkilib.
“Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının yaradılması təkcə Azərbaycanın daxili nəqliyyat əlaqələri baxımından deyil, bütövlükdə regionun geoiqtisadi gələcəyi baxımından strateji əhəmiyyət daşıyır. Bu bağlantı Şərq-Qərb nəqliyyat xəttinin, xüsusilə Orta Dəhlizin mühüm seqmentlərindən birinə çevrilə bilər”, – deputat deyib.
Əli Məsimli hesab edir ki, TRIPP layihəsinin reallaşması Azərbaycan-Naxçıvan əlaqələrinin gücləndirilməsi ilə yanaşı, regional ticarət və tranzit imkanlarının genişlənməsinə də ciddi təsir göstərəcək.
Onun sözlərinə görə, Azərbaycan artıq regionda yalnız keçmiş münaqişənin tərəfi kimi deyil, Cənubi Qafqazın gələcək siyasi və iqtisadi arxitekturasını formalaşdıran əsas aktorlardan biri kimi çıxış edir.
Deputat vurğulayıb ki, Azərbaycan-Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılması, ticarət münasibətlərinin genişlənməsi və regional layihələrin həyata keçirilməsi sülh prosesinin iqtisadi dayaqlarını da gücləndirir.
“Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur. Onun yerində regional əməkdaşlığa, nəqliyyat və enerji layihələrinə, qarşılıqlı iqtisadi maraqlara əsaslanan yeni siyasi-iqtisadi düzən formalaşır. Sülhün dayanıqlı olması üçün siyasi razılaşmalarla yanaşı, ölkələri bir-birinə bağlayan iqtisadi və nəqliyyat layihələrinin də həyata keçirilməsi olduqca vacibdir”, – deyə Əli Məsimli bildirib.
Deputat qeyd edib ki, sülh prosesinin tam hüquqi status alması və regional sabitliyin dönməz xarakter daşıması üçün qarşıda müəyyən siyasi və hüquqi məsələlərin həlli dayanır.
“Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması istiqamətində zəruri addımların atılması və paraflanmış sülh sənədinin rəsmən imzalanması regionda yeni mərhələnin hüquqi baxımdan da möhkəmlənməsinə xidmət edəcək”, – deyə Əli Məsimli əlavə edib.
Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında davam edən dialoq təkcə iki ölkənin münasibətlərinə deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir.
Əli Məsimli vurğulayıb ki, sülh prosesinin uğurla başa çatması və TRIPP kimi regional layihələrin reallaşması Azərbaycanın tranzit imkanlarını genişləndirə, iqtisadi əlaqələri gücləndirə, ölkənin regional liderlik mövqeyini daha da möhkəmləndirə və beynəlxalq nüfuzunun artmasına yeni imkanlar yarada bilər.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət






