backend

Taksi sürücüsünün əlinə düşən xanım nömrələri: Qeyri-etik təkliflər... - hüquqşünasdan AÇIQLAMA

Bakıda 29 taksi sürücüsü qadın sərnişinlərə qarşı qeyri-etik təkliflər edib.

DİA.AZ bildirir ki, bu fakt Daxili İşlər Nazirliyinin ötən günlərdə yaydığı məlumatda yer alıb. Polis əməkdaşları tərəfindən paytaxtda keçirilən tədbirlər nəticəsində məlum olub ki, cari ilin noyabr ayı ərzində müxtəlif taksi şirkətlərinin sürücüləri 31 hüquq pozuntusuna yol veriblər. Bunlardan 29-u məhz qeyri-etik davranışla bağlıdır.

Ehtimal olunur ki, sürücülərdən qeyri-etik təkliflər alan xanımların sayı xeyli çoxdur, sadəcə onlar şikayətçi olmurlar. Belə halların çoxluğu sərnişin nömrələrinin sürücülər tərəfindən görülməsi və qeyd edilməsi ilə əlaqələndirilir.

Taksi sürücülərinin işə qəbulu zamanı hansı prinsiplər nəzərə alınmalıdır? Qeyri-etik təkliflər edən sürücülərə hansı cəza tətbiq olunmalıdır? Dünya praktikasında və Azərbaycanda bu münasibətlər necə tənzimlənir?

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Teleqraf.com-a açıqlamasında bildirib ki, bizim qanunvericilikdə bununla bağlı çox yaxşı qaydalar mövcuddur, amma bu təcrübədə tətbiq və təsdiq olunmayıb.

“Təsdiq olunsa dövlət qurumları bunun qüsurlarını daha yaxşı görər və onu aradan qaldırarlar. Taksi sürücüsü kimi fəaliyyət göstərmək istəyənlər üçün tələblər mövcuddur: yaşı 21-dən az olmamalıdır, B kateqoriyası üzrə ən azı üç il stajı olmalı və xüsusi hazırlıq keçməlidir. Kimsə gəlib desə ki, mənim B kateqoriyası üzrə sürücülük vəsiqəm var, bu, hələ həmin şəxsə sürücü olmaq üçün əsas vermir”-, deyə hüquqşünas bildirib.

Xüsusi hazırlıq kursunun vacibliyini qeyd edən Hüseynov orada sürücülərə sərnişinlərlə etik davranış qaydası, sərnişindaşımanın təhlükəsizliyi və sair məsələlərin öyrədildiyini bildirib: “O zaman sürücünün məsuliyyət hissi olur, insanlarla davranış vərdişi formalaşır.

Kursu bitirəndən sonra onlara taksi sürücüsü kimi fəaliyyət göstərmələri üçün fərqlənmə nişanı verilməlidir. Əgər bu, olsa indi danışdığımız və danışmadığımız bir çox məsələlər həllini tapar. O zaman kimsə sürücüyəm deyib taksi xidməti göstərən şirkətlərə qoşulub şəhərə çıxmaz.

Amma bir ay ərzində 29 belə fakt qeydə alınırsa, güman ki, bu faklar daha çoxdur, sadəcə müraciət edənlər az olur. Bu faktın özü ümumilikdə 10, 20, 30 minlik taksi fəaliyyəti ilə məşğul olan insanların işinə kölgə salır. Ona görə də dövlət nəzarəti olmalı və bu işdə təşkilati məsələlər yoluna qoyulmalıdır”.

Ərşad Hüseynov hesab edir ki, sistem təkmilləşəndən sonra texnoloji olaraq elə etmək mümkündür ki, taksi aqreqatoru ilə əlaqədə olan nömrəni sürücü görməsin:

“Əlbəttə, bunlar nəzəri cəhətdən mümkündür. Amma buna qədər bir çox problemlər həll olunmalıdır. Mənim nəzərimə görə, müasir dövrdə elə bir mühit formalaşmalıdır ki, heç kim “nömrəmi gördü” deyə narahatlıq keçirməməlidir. Əslində burda təhlükəli heç nə yoxdur. Nömrədən kimsə qanundan və etikadan kənar istifadə edəcəksə, cəzasız qalmamalıdır. Hətta sərt cəzalanmalıdır. Sürücü biləndə ki, sərt cəzalanacaq qeyri-etik hərəkətlər etməyəcək”.

Bəs sərt cəza necə olmalıdır? Ərşad Hüseynov: “Belələrinin taksi fəaliyyətinə dərhal xitam verilməlidir. Bu cür hərəkətlər edə bilən adamlar nəticədən çəkinib artıq-əskik hərəkətlər etməyəcəklər”.

Hüquqşünas təəssüf hissi ilə bildirir ki, bizdə belə cəza sistemi yoxdur: “Bu işlər qanunvericiliklə tənzimlənsə sərt cəza həmin şirkətin üzərinə öhdəlik olaraq qoyulmalıdır. Amma indiki halda bizdə heç bir cəza tədbiri görülmür.

Ümumiyyətlə, taksi aqreqatorlarının fəaliyyəti, onlar kimdirlər, kimləri işə cəlb edirlər, işə cəlb ediləndə qanunu pozsalar nə ola bilər kimi məsələlərin bizim qanunvericilikdə hüquqi cavabı yoxdur. Beş-altı ildir ki, qanunun olacağını deyirlər, amma ortalıqda heç nə yoxdur”.