backend

Deputat:Bu, Ermənistan üçün bir növ sınaq imtahanı olacaq

Ermənistan Baş naziri Nikol Paşinyan 2026-cı il parlament seçkilərində xalqın sülh tərəfdarı olmasını gözləyir. O, seçkilərin əsas məqsədinin məhz sülh yönümlü seçim olduğunu bildirib.
Bəs Paşinyanın sülh çağırışı seçki kampaniyasında əsas strategiya kimi effektiv ola bilərmi?
Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirdi ki, hazırda Ermənistanda iki ideologiya arasında ciddi mübarizə gedir:
"Bir tərəfdə revanşist qüvvələr, yəni radikal müxalifət, diaspor və onların dəstəklədiyi revanşist ideologiya dayanır. Bu ideologiya əsasən qonşu dövlətlərə, xüsusilə də türk dövlətlərinə qarşı nifrət üzərində qurulub. Digər tərəfdə isə baş nazir Nikol Paşinyanın təşəbbüsü ilə həyata keçirilən sülh gündəliyi dayanır. Gözlənilir ki, qarşıdakı parlament seçkilərində bu iki ideologiya arasında kəskin siyasi mübarizə yaşanacaq. Bu, Ermənistan üçün bir növ sınaq imtahanı olacaq. Prosesə üçüncü ölkələrin, eləcə də müxtəlif diaspor təşkilatlarının, oliqarxların və kilsənin dəstəklədiyi müxalif qüvvələrin müdaxiləsi də istisna edilmir. Uzunmüddətli perspektivdə ümid olunur ki, Ermənistan üçün sülh gündəliyi və ümumilikdə Paşinyanın apardığı siyasət müsbət nəticələr verəcək. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan xalqı bu siyasətin faydasını dərk edib düzgün seçim etsin", - deyə millət vəkili vurğuladı.