Şikayətçi öz müraciətində bildirir ki, əvvəllər tanıdığı “Agricola” MMC şirkətinin rəhbəri Xalid Məmmədovda ümumilikdə 625 kisə qarğıdalı toxumu müavilə əsasında satıb. Onun sözlərinə görə, bu məhsulun qarşılığında şirkət rəhbəri ona 228 min 200 manat məbləğində vəsait ödənilməli olub. Lakin müraciət edən şəxs iddia edir ki, sözügedən məbləğ bu günə qədər ona qaytarılmayıb və məsələ ilə bağlı etdiyi çoxsaylı müraciətlər nəticəsiz qalıb.
Vilayət Məmmədov qeyd edir ki, pulun qaytarılması ilə bağlı dəfələrlə tələb irəli sürməsinə baxmayaraq, qarşı tərəf müxtəlif bəhanələr gətirərək öhdəliyini yerinə yetirmir. O, həmçinin iddia edir ki, məsələ gərginləşdikdən sonra şirkət rəhbəri tərəfindən ona qarşı təzyiq və hədə-qorxu halları da müşahidə olunub, hətta onun həyatına təhlükə yaradılacağı ilə bağlı təhdidlər səsləndirilib.
Şikayətçi vurğulayır ki, yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət etsə də, hələlik konkret nəticə əldə olunmayıb. Bu səbəbdən o, məsələnin ictimailəşdirilməsini və hüquqi müstəvidə araşdırılmasına köməklik göstərilməsini xahiş edir.
Qeyd edək ki, bütün bu iddialar hazırda yalnız şikayətçinin videomüraciətində səsləndirilən fikirlərdir və qarşı tərəfin mövqeyi təqdim olunmadığından məsələnin rəsmi hüquqi qiymətləndirilməsi açıq qalır.












