backend

Fatma Yıldırım: Şuşa artıq türk dünyasının əməkdaşlıq və inkişaf mərkəzidir

Milli Məclisin deputatı Fatma Yıldırım Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Şuşa şəhərinə birgə səfərini yüksək qiymətləndirib.

Deputat bildirib ki, Şuşada baş tutan bu görüş Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafında yeni mərhələ olmaqla yanaşı, Qarabağın beynəlxalq siyasi dialoq məkanına çevrildiyini bir daha nümayiş etdirib.
Fatma Yıldırımın sözlərinə görə, vaxtilə işğal altında olan Şuşanın bu gün dövlət başçılarını qəbul etməsi, burada mühüm siyasi görüşlərin keçirilməsi böyük tarixi və siyasi əhəmiyyət daşıyır. O qeyd edib ki, Türkmənistan Prezidenti səfər çərçivəsində Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, yenilənən tarixi abidələr, müasir infrastruktur layihələri və doğma torpaqlarına qayıdan sakinlərlə tanış olub.
Deputat vurğulayıb ki, Azərbaycan və Türkmənistan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir. Son illərdə iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat-logistika və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi türk dünyasının birliyinin möhkəmlənməsinə də mühüm töhfə verir.
Fatma Yıldırım səfərin ən diqqətçəkən məqamlarından birinin Qarabağın artıq qonaqlara keçmiş dağıntılarla deyil, qurulan yollar, müasir layihələr, bərpa olunan tarixi irs və yenidən canlanan həyatla təqdim olunması olduğunu bildirib. Onun fikrincə, bu, Azərbaycanın beynəlxalq ictimaiyyətə verdiyi ən güclü mesajlardan biridir.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova Qarabağ atı hədiyyə etməsi də xüsusi rəmzi məna daşıyır. Bu addım iki qardaş xalq arasında dostluğun, qarşılıqlı ehtiramın və strateji tərəfdaşlığın ifadəsi kimi yadda qalıb.
Fatma Yıldırım bildirib ki, Şuşadan verilən növbəti mesaj aydındır: Qarabağ artıq münaqişə deyil, əməkdaşlıq, inkişaf və türk dünyasının birliyini gücləndirən mühüm siyasi mərkəz kimi formalaşır.