backend

Anar İsgəndərov: “Naxçıvan Azərbaycanın regional inkişafında strateji mərkəzə çevriləcək”

Milli Məclisin deputatı Anar İsgəndərov Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəni şərh edərkən bildirib ki, dövlət başçısının səfəri Naxçıvanın gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm siyasi və strateji əhəmiyyət daşıyır.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Naxçıvana 17-ci səfəri çərçivəsində səsləndirilən fikirlər, təqdim olunan layihələr və verilən tapşırıqlar göstərir ki, muxtar respublikanın inkişafı artıq ayrı-ayrı sahələr üzrə deyil, vahid və kompleks strategiya əsasında həyata keçirilir.
“Naxçıvanın inkişafı ilk növbədə təhlükəsizliyin təmin olunmasından başlayır. Bu bölgənin xüsusi coğrafi mövqeyi onun müdafiə qabiliyyətinin daim yüksək səviyyədə saxlanılmasını zəruri edir. Əlahiddə Ordunun formalaşdırılması, hərbi hissələrin müasir texnika ilə təchiz edilməsi və komando qüvvələrinin yaradılması Naxçıvanın müdafiə potensialının gücləndirilməsinə xidmət edir. Prezidentin səfər zamanı verdiyi mesajlar göstərir ki, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək”, – deyə Anar İsgəndərov qeyd edib.
Deputat vurğulayıb ki, təhlükəsizlik yalnız hərbi aspektdən qiymətləndirilməməlidir. Onun sözlərinə görə, sabit və təhlükəsiz mühit iqtisadi fəallığın, investisiyaların, sənayenin və turizmin inkişafı üçün əsas şərtlərdən biridir.
Anar İsgəndərov Naxçıvanın enerji potensialının artırılmasını da səfərin əsas nəticələrindən biri kimi qiymətləndirib. Onun sözlərinə görə, Naxçıvan Sənaye Parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının yaradılması bölgənin enerji təminatının gücləndirilməsi ilə yanaşı, gələcəkdə enerji ixracı imkanlarının formalaşdırılması baxımından da əhəmiyyətlidir.
Deputat qeyd edib ki, Naxçıvanın Günəş enerjisi sahəsində böyük potensialı var. 600 hektardan artıq ərazidə yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılması ilə bağlı planlar bu potensialın real iqtisadi imkanlara çevriləcəyini göstərir. Gələcəkdə Günəş enerjisi istehsalının ən azı 500 meqavat, potensial olaraq isə 1000 meqavat səviyyəsinə çatdırılması Naxçıvanın Azərbaycanın yaşıl enerji siyasətində rolunu daha da artıracaq.
“Enerji istehsalı ilə yanaşı, enerjinin saxlanılması da müasir enerji sisteminin vacib elementidir. Naxçıvanda ilkin mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusunun yaradılması bərpaolunan enerjinin daha səmərəli idarə edilməsinə imkan verəcək”, – deyə deputat bildirib.
Anar İsgəndərovun fikrincə, Naxçıvanın gələcək inkişafında nəqliyyat bağlantılarının bərpası xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Zəngəzur dəhlizi muxtar respublikanın iqtisadi və strateji imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə biləcək layihədir.
Deputat bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması muxtar respublikanın regional və beynəlxalq nəqliyyat şəbəkələrinə daha sıx inteqrasiyasına şərait yaradacaq. Dəmir yolu və avtomobil yollarının inkişafı ilə yanaşı, elektrik xətlərinin və fiber-optik kommunikasiyaların yaradılması Naxçıvanı çoxfunksiyalı regional bağlantı məkanına çevirə bilər.
Onun sözlərinə görə, Naxçıvan dəmir yolunun yükdaşıma imkanlarının perspektivdə 15 milyon tona çatdırılması bölgənin tranzit potensialını ciddi şəkildə artıracaq. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ilə əlaqələrin genişlənməsi isə yeni logistika mərkəzlərinin, xidmət sahələrinin və istehsal müəssisələrinin yaranmasına imkan verə bilər.
Deputat Naxçıvan Sənaye Parkının yaradılmasını da yeni iqtisadi inkişaf modelinin mühüm elementlərindən biri hesab edir. Onun fikrincə, sənaye parkı yerli istehsalın genişləndirilməsi, investisiyaların cəlb edilməsi və yeni iş yerlərinin yaradılması baxımından mühüm platformaya çevrilə bilər.
“Kənd təsərrüfatının inkişafı da Naxçıvanın sosial-iqtisadi gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır. Suvarma layihələrinin genişləndirilməsi, artezian quyularının qazılması və müasir suvarma sistemlərinin tətbiqi istifadə olunmayan torpaqların təsərrüfat dövriyyəsinə cəlb edilməsinə və məhsuldarlığın artırılmasına imkan verəcək. Aqrar sahə ilə sənaye və logistikanın əlaqələndirilməsi isə əlavə dəyərin Naxçıvan daxilində formalaşmasına şərait yarada bilər”, – Anar İsgəndərov vurğulayıb.
Deputat səfər çərçivəsində sosial layihələrə də diqqət ayrılmasını müsbət qiymətləndirib. DOST və “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, uşaq bağçalarının tikintisi və təmiri, yeni elektrik avtobuslarının istifadəyə verilməsi, 217 müasir avtobusun alınması və 420 kilometr müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri ilə bağlı planların əsas məqsədinin insanların gündəlik həyat şəraitinin yaxşılaşdırılması olduğunu bildirib.
Anar İsgəndərov Naxçıvanın tarixi-mədəni irsinin qorunmasını da inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi qeyd edib. Möminə xatun məqbərəsinin bərpası və digər tarixi abidələrin qorunması Naxçıvanın milli-mədəni kimliyinin yaşadılması ilə yanaşı, turizm potensialının artırılmasına da xidmət edir.
Deputatın sözlərinə görə, Naxçıvan şəhərində beşulduzlu yeni mehmanxananın təməlinin qoyulması turizm infrastrukturunun genişləndirilməsi baxımından mühüm addımdır. Nəqliyyat imkanlarının yaxşılaşdırılması, tarixi abidələrin bərpası və müasir mehmanxana infrastrukturunun yaradılması Naxçıvanın turizm mərkəzi kimi potensialını daha da artıracaq.
Anar İsgəndərov Prezident İlham Əliyevin Naxçıvanı Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirməsi məsələsinə də toxunub. O bildirib ki, Zəngilanla Ordubad arasındakı coğrafi yaxınlıq gələcəkdə bu ərazilər arasında daha sıx iqtisadi, nəqliyyat və enerji əlaqələrinin qurulması üçün mühüm imkanlar yaradır.
“Bu gün Azərbaycanın qarşısında yeni iqtisadi və nəqliyyat xəritəsinin formalaşdırılması vəzifəsi dayanır. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın vahid inkişaf məkanında nəzərdən keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı və turizm layihələrinin əlaqələndirilməsi Azərbaycanın regional inkişaf imkanlarını daha da genişləndirəcək”, – deyə deputat qeyd edib.
Milli Məclisin deputatı hesab edir ki, Naxçıvanda Prezidentin xüsusi nümayəndəliyi institutunun tətbiqi də idarəetmənin çevikliyinin artırılmasına və genişmiqyaslı layihələrin daha effektiv koordinasiyasına xidmət edə bilər.
Ümumilikdə, Anar İsgəndərovun fikrincə, Prezident İlham Əliyevin 11 avqust səfəri Naxçıvanın inkişafında yeni mərhələnin konturlarını aydın şəkildə ortaya qoyub. Bu mərhələnin əsasını güclü təhlükəsizlik, dayanıqlı enerji, müasir nəqliyyat infrastrukturu, sənayeləşmə, kənd təsərrüfatının inkişafı, sosial rifah və tarixi-mədəni irsin qorunması təşkil edir.
Deputat vurğulayıb ki, qarşıdakı illərdə Naxçıvanın yalnız mövcud potensialından istifadə edən deyil, eyni zamanda Azərbaycanın regional iqtisadi, enerji və nəqliyyat imkanlarının genişləndirilməsində fəal rol oynayan strateji mərkəzə çevrilməsi üçün mühüm imkanlar formalaşır.