Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvana səfəri, muxtar respublikanın gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi və iqtisadi mesajlarla yadda qaldı. Səfər çərçivəsində sənaye, energetika, nəqliyyat, sosial infrastruktur, şəhərsalma, tarixi-mədəni irsin qorunması və müdafiə sahələrini əhatə edən layihələrin təqdim olunması Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Bu gün Naxçıvana münasibətdə əsas hədəf yalnız ayrı-ayrı infrastruktur layihələrinin həyata keçirilməsi deyil. Qarşıya qoyulan məqsəd muxtar respublikanın iqtisadi potensialının tam hərəkətə gətirilməsi, yeni istehsal sahələrinin yaradılması, məşğulluğun artırılması, nəqliyyat imkanlarının genişləndirilməsi və Naxçıvanın Azərbaycanın ümumi iqtisadi inkişaf sisteminə daha sıx inteqrasiyasıdır. Bu baxımdan dövlət başçısının müəyyən etdiyi strateji xətt uzunmüddətli və çoxşaxəli inkişaf modelinə əsaslanır.
İqtisadi inkişafın yeni dayağı – sənayeləşmə
Naxçıvan Sənaye Parkının yaradılması bu siyasətin mühüm istiqamətlərindən biridir. Yeni sənaye müəssisələrinin formalaşdırılması, yerli istehsal imkanlarının genişləndirilməsi, sahibkarlığın təşviqi və yeni iş yerlərinin açılması muxtar respublikanın iqtisadi strukturunun daha da şaxələndirilməsinə xidmət edir.
Burada əsas məsələ təkcə istehsal müəssisələrinin sayının artırılması deyil. Məqsəd yerli resurslardan səmərəli istifadə edən, rəqabətqabiliyyətli məhsul istehsal edən və ixrac imkanlarına malik yeni iqtisadi mühitin formalaşdırılmasıdır. Naxçıvanın coğrafi mövqeyi və gələcək nəqliyyat imkanları nəzərə alındıqda sənayenin inkişafı regionun tranzit və logistika potensialı ilə qarşılıqlı şəkildə tamamlanacaq.
Naxçıvan nəqliyyat qovşağına çevrilir
Dövlət başçısının müsahibəsində diqqət çəkən əsas istiqamətlərdən biri nəqliyyat infrastrukturu və regional kommunikasiyalar oldu. Naxçıvanın dəmir yolu şəbəkəsinin yenidən qurulması yalnız muxtar respublika üçün deyil, bütövlükdə Azərbaycanın regional nəqliyyat strategiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Yeni regional reallıqlar Naxçıvanın coğrafi mövqeyinə tamamilə fərqli strateji məna qazandırır. Kommunikasiyaların açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında daha səmərəli nəqliyyat əlaqəsinin qurulmasına, eyni zamanda ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində mövqeyinin daha da güclənməsinə imkan yaradacaq.
Beləliklə, Naxçıvanın uzun illər müəyyən məhdudiyyətlər yaradan coğrafi mövqeyi yeni şəraitdə onun mühüm üstünlüklərindən birinə çevrilir. Muxtar respublika Azərbaycanı Türkiyə və daha geniş coğrafiya ilə birləşdirən mühüm nəqliyyat-logistika mərkəzi olmaq üçün böyük potensiala malikdir.
Yaşıl enerji – yeni iqtisadi imkan
Naxçıvanın zəngin günəş enerjisi potensialı muxtar respublikanın gələcək inkişafında xüsusi yer tutur. Həyata keçirilən günəş enerjisi layihələri həm enerji təhlükəsizliyini gücləndirir, həm də gələcək sənaye və iqtisadi inkişaf üçün mühüm baza yaradır.
Yaşıl enerji istehsalının genişləndirilməsi Naxçıvanın Azərbaycanın bərpaolunan enerji strategiyasında rolunu daha da artıracaq. Bu yanaşma iqtisadi inkişafın enerji təhlükəsizliyi, müasir texnologiyalar və ekoloji dayanıqlılıqla paralel aparıldığını göstərir.
İnsan amili inkişaf siyasətinin mərkəzindədir
Naxçıvanın yeni inkişaf strategiyasının mühüm xüsusiyyətlərindən biri iqtisadi layihələrlə sosial siyasətin paralel həyata keçirilməsidir. Regional DOST Mərkəzinin istifadəyə verilməsi, sosial evlər kompleksinin yaradılması, yeni iş yerlərinin açılması və Naxçıvan şəhərinin uzunmüddətli inkişaf planının hazırlanması bunun bariz nümunəsidir.
Yeni müəssisələrin yaradılması yeni iş yerləri deməkdir. Müasir nəqliyyat infrastrukturu insanların imkanlarını genişləndirir, sosial xidmətlərin təkmilləşdirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması isə əhalinin həyat keyfiyyətinə birbaşa təsir göstərir. Bu mənada həyata keçirilən siyasətin mərkəzində insan və onun rifahı dayanır.
Müasirlik və milli irs vəhdətdə
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan səfərinin mühüm cəhətlərindən biri də böyük iqtisadi və infrastruktur layihələri ilə yanaşı, tarixi-mədəni irsə xüsusi diqqət göstərilməsi oldu. Möminə xatun türbəsində aparılan bərpa işləri, Əcəmi Naxçıvaninin irsinə göstərilən yüksək diqqət bu siyasətin mühüm göstəricisidir.
Naxçıvan yalnız böyük iqtisadi potensiala malik ərazi deyil, Azərbaycan dövlətçilik tarixinin, memarlığının, mədəniyyətinin və milli yaddaşının mühüm mərkəzlərindən biridir. Ona görə də yeni Naxçıvan qurularkən onun tarixi simasının qorunması, qədim irsinin gələcək nəsillərə çatdırılması xüsusi əhəmiyyət daşıyır. Müasir inkişafla milli kimliyin və tarixi yaddaşın qorunmasının vəhdəti həyata keçirilən siyasətin ən mühüm xüsusiyyətlərindəndir.
Naxçıvan üçün yeni tarixi mərhələ
Səfərin ümumi mənzərəsinə nəzər saldıqda bir mühüm nəticə ortaya çıxır: Naxçıvan üçün yeni və sistemli inkişaf modeli formalaşdırılır. Sənayedən energetikaya, dəmir yolundan sosial xidmətlərə, şəhərsalmadan tarixi abidələrin bərpasına qədər geniş sahələri əhatə edən layihələr görülən işlərin miqyasını və ardıcıllığını göstərir.
Prezident İlham Əliyevin siyasi xəttinin əsas xüsusiyyətlərindən biri strateji məqsədlərin konkret layihələr və real nəticələrlə tamamlanmasıdır. Naxçıvanda da bu yanaşma aydın görünür: bir tərəfdən yeni iqtisadi imkanlar yaradılır, digər tərəfdən sosial rifah yüksəldilir, tarixi irs qorunur, təhlükəsizlik möhkəmləndirilir və regionun beynəlxalq nəqliyyat sistemində gələcək yeri müəyyənləşdirilir.
Bu gün Naxçıvanda həyata keçirilən genişmiqyaslı dəyişikliklər təkcə muxtar respublikanın deyil, bütövlükdə Azərbaycanın gələcəyinə hesablanmış strateji siyasətin tərkib hissəsidir. Dövlətimizin başçısı İlham Əliyevin uzaqgörən və ardıcıl siyasəti Naxçıvanın mövcud potensialını real inkişaf imkanlarına çevirir, onun Azərbaycanın iqtisadi və siyasi həyatındakı rolunu gücləndirir və muxtar respublikanın qarşısında yeni perspektivlər açır. Tarixi irsinə söykənən, müasir infrastruktura, güclü iqtisadiyyata və yeni strateji bağlantılara malik Naxçıvan Azərbaycanın yüksəlişinin mühüm ünvanlarından birinə çevrilir.
Ülviyyə Həmzəyeva
Milli Məclisin ddputatı
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət





