Tarixdə elə şəxsiyyətlər var ki, onların fəaliyyəti yalnız yaşadıqları dövrün deyil, bütöv bir xalqın taleyinin istiqamətini müəyyənləşdirir. Belə şəxsiyyətlərin qəbul etdiyi qərarlar və həyata keçirdikləri siyasət zamanın sınağından çıxaraq dövlətçilik tarixinin ayrılmaz hissəsinə çevrilir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsində məhz belə müstəsna şəxsiyyət kimi əbədi yer tutur. Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda ali siyasi rəhbərliyə gəlməsi respublikamızın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı oldu.
1960-cı illərin sonlarında Azərbaycan SSR keçmiş ittifaqın sosial-iqtisadi baxımdan geridə qalan respublikalarından biri idi. İqtisadiyyatın inkişaf tempi zəif idi, kənd təsərrüfatında məhsuldarlıq aşağı səviyyədə qalırdı. Belə bir şəraitdə respublikaya rəhbər seçilən Heydər Əliyev genişmiqyaslı islahatlar həyata keçirməyə başladı. Qısa müddətdə yeni sənaye müəssisələri yaradıldı, maşınqayırma, kimya, elektrotexnika, neft maşınqayırması, energetika və digər strateji sahələrdə mühüm layihələr reallaşdırıldı. Bütün bunların nəticəsində respublikanın iqtisadi göstəriciləri ildən-ilə yüksəldi, Azərbaycan keçmiş ittifaqın ən sürətlə inkişaf edən respublikalarından birinə çevrildi.
Heydər Əliyevin 1969-1982-ci illərdə həyata keçirdiyi siyasətin əhəmiyyəti yalnız iqtisadi göstəricilərlə məhdudlaşmırdı. Elm, təhsil, səhiyyə, mədəniyyət və şəhərsalma sahələrində də mühüm nailiyyətlər əldə olundu. Sovet ideoloji sisteminin sərt tələblərinə baxmayaraq, Heydər Əliyevin həyata keçirdiyi tədbirlər xalqımızın milli özünüdərk hissini də gücləndirdi. Ana dilinin inkişafına, Azərbaycan ədəbiyyatına, incəsənətinə, mədəniyyətinə və tarixinin öyrənilməsinə göstərilən diqqət milli şüurun formalaşmasına mühüm töhfə verdi. Həmin dövrdə yaradılan mədəni mühit xalqımızın milli kimliyinin qorunub saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət etdi.
Heydər Əliyevin fəaliyyətinin mühüm istiqamətlərindən biri milli kadr potensialının formalaşdırılması idi. O, azərbaycanlıların rəhbər vəzifələrə irəli çəkilməsini, idarəçilikdə milli kadrların rolunun artırılmasını diqqət mərkəzində saxlayırdı. Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi də bu siyasətin göstəricisi idi. Həmin gənclər mühüm ixtisaslar üzrə yüksək səviyyədə təhsil alaraq sonradan respublikamızın inkişafına xidmət etdilər. Müstəqillik illərində dövlət idarəçiliyində, elm və təhsildə, iqtisadiyyatın müxtəlif sahələrində mühüm rol oynayan peşəkar kadrların əhəmiyyətli hissəsi məhz həmin siyasətin nəticəsində formalaşmışdı.
Ulu Öndər milli hərbi kadrların hazırlanmasını da strateji məsələ kimi qiymətləndirirdi. Heydər Əliyevin uzaqgörənliyi ilə 1971-ci ildə yaradılan Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb sonrakı illərdə Azərbaycan Ordusunun zabit korpusunun formalaşmasında mühüm rol oynadı.
Beləliklə, 1969-cu il iyulun 14-dən başlanan inkişaf mərhələsi təkcə iqtisadi yüksəliş dövrü deyil, həm də Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri olan siyasi, iqtisadi, intellektual və mənəvi potensialın formalaşdığı tarixi mərhələ idi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yaradılan möhkəm təməl sonrakı dövrlərdə xalqımızın müstəqil dövlət quruculuğu yolunda qarşılaşdığı çətin sınaqlardan uğurla çıxmasına mühüm zəmin yaratdı.
Ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəlləri Azərbaycan tarixinin ən çətin mərhələlərindən biri kimi yadda qaldı. Bu dövrdə Heydər Əliyev siyasi rəhbərlikdə olmasa belə öz fəaliyyəti ilə xalqının yanında idi. Belə ki, 1990-cı ilin iyul ayında Heydər Əliyevin Azərbaycana qayıtması, daha sonra Naxçıvana getməsi ölkədə güclənməkdə olan milli azadlıq hərəkatına yeni siyasi impuls verdi. Təsadüfi deyil ki, 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsləri ilə Naxçıvan Ali Məclisinin qəbul etdiyi tarixi qərarlar Azərbaycanın müstəqillik salnaməsinin ən mühüm hadisələri kimi tarixə düşdü. 1991-ci ilin martında SSRİ-nin saxlanılması ilə bağlı ümumittifaq referendumunun Naxçıvan ərazisində keçirilməməsi də Heydər Əliyevin cəsarətli siyasi mövqeyinin ifadəsi idi.
1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Heydər Əliyevin siyasi fəaliyyətinin yeni mərhələsinin başlanğıcı oldu. Blokada şəraitində olmasına baxmayaraq, muxtar respublikada idarəetmənin səmərəli təşkili və əhalinin təhlükəsizliyinin təmin edilməsi Heydər Əliyevin yüksək dövlətçilik təcrübəsini bir daha nümayiş etdirdi.
Müstəqilliymizin ilk illərində hakimiyyətdə olanların kobud səhvləri, bunun nəticəsi olaraq ölkədə separatizmin baş qaldırması və Ermənistanın hərbi təcavüzü Azərbaycanın taleyini təhlükə qarşısında qoydu. Belə bir şəraitdə cəmiyyətdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının zəruriliyi barədə çağırışlar güclənirdi. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaranması da xalqımızın Heydər Əliyevə inamının təzahürü idi.
1993-cü ilin iyununda Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə Bakıya dəvət olunması ölkədə dərinləşən siyasi böhranın aradan qaldırılması istiqamətində dönüş nöqtəsinə çevrildi. Həmin il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilən Ulu Öndərin həyata keçirdiyi tədbirlər vətəndaş qarşıdurmasının qarşısını aldı, ictimai-siyasi sabitliyin təmin olunmasına xidmət etdi. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində Heydər Əliyevin dövlət başçısı seçilməsi isə Azərbaycan xalqının ona göstərdiyi yüksək etimadın ifadəsi oldu.
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın müasir dövlət quruculuğuna start verildi. Dövlətçiliyin və müstəqilliyin əsasları möhkəmləndirildi, qanunun aliliyinə əsaslanan idarəetmə sistemi formalaşdırıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi hüquqi dövlət quruculuğunda mühüm mərhələ oldu. Hakimiyyət bölgüsü prinsipi əsasında yeni dövlət institutları yaradıldı, demokratik təsisatların inkişafı istiqamətində ardıcıl islahatlara başlanıldı. Bazar iqtisadiyyatına keçid sürətləndirildi, özəlləşdirmə proqramları həyata keçirildi, sahibkarlığın inkişafı üçün hüquqi və institusional baza formalaşdırıldı. Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası isə müstəqil Azərbaycanın iqtisadi inkişafında dönüş nöqtəsinə çevrildi. 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı enerji şirkətləri ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın geosiyasi mövqeyini gücləndirdi.
Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər respublikamızda müstəqilliyin möhkəmləndirildiyi, milli dövlətçilik ənənələrinin bərpa olunduğu və inkişafın strateji istiqamətlərinin müəyyənləşdirildiyi dövr kimi tarixə düşdü. Xarici siyasətdə balanslaşdırılmış və milli maraqlara əsaslanan kurs formalaşdırıldı, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanındı, ölkənin iqtisadi və siyasi nüfuzu əhəmiyyətli dərəcədə yüksəldi. Məhz həmin illərdə yaradılan möhkəm siyasi, hüquqi və iqtisadi təməllər sonrakı inkişaf mərhələsinin əsasını təşkil etdi.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf xətti bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir. Ötən dövrdə Azərbaycan olduqca böyük və nümunəyə çevrilən inkişaf yolu keçib, bütün sahələrdə yüksəliş baş verib, vətəndaşların sosial rifahı yüksəlib. Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin enerji siyasətinin uğurla davam etdirilməsinin nəticəsi olaraq, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, "Cənub qaz dəhlizi"nin inşası respublikamızın inkişafına böyük töhfələr verdi.
O cümlədən Azərbaycanın regionun nəqliyyat qovşağına çevrilməsi, "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin məhz ölkəmizdə kəsişməsi inkişaf yolunun mühüm göstəricilərindən biridir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi ən böyük və tarixi uğurlar isə 2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, 2023-cü ilin antiterror tədbirlərindən sonra bütün ərazilərimiz üzərində milli suverenliyimizin təmin olunmasıdır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, yollar, yaşayış məntəqələri, məktəblər, xəstəxanalar və digər infrastruktur obyektləri inşa edilir. "Böyük qayıdış" proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə dönüşü təmin olunur.
Bu gün Azərbaycan müasir dövlətçilik tarixinin şərəfli və qürurdoğuran dövrünü yaşayır. Azərbaycanın qlobal siyasi və iqtisadi güc mərkəzləri olan Çin, ABŞ və Avropa İttifaqı ilə strateji tərəfdaş olması Prezident İlham Əliyevin siyasi kursunun böyük uğuru, ölkəmizin beynəlxalq nüfuzunun təcəssümüdür.
1969-cu il iyulun 14-dən başlanan Heydər Əliyev siyasəti Azərbaycanın qürurdoğuran dövlətçilik tarixinin formalaşmasına və uğurların möhkəm təməlinin yaradılmasına xidmət etdi. Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik irsi Azərbaycanın inkişaf yolunun mühüm ideya mənbələrindən biridir. Bu irsin müasir dövrün tələblərinə uyğun davam etdirilməsi ölkəmizin qarşıdakı illərdə də davamlı inkişafına, beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə və yeni uğurlar qazanmasına xidmət edəcək.
Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət





