backend

Yeni sülh və kommunikasiya gündəliyinin kəsişdiyi məkan

Prezident İlham Əliyevin Naxçıvan səfərinə yalnız muxtar respublikanın sosial-iqtisadi inkişafı kontekstində yanaşmaq kifayət deyil. Naxçıvanın qarşısında açılan imkanlar daha geniş coğrafiyanı və daha böyük iqtisadi prosesləri əhatə edir. Uzun illər kommunikasiya məhdudiyyətləri ilə üzləşmiş bu ərazi indi əksinə, yeni regional bağlantıların formalaşmasında mühüm mövqeyə yüksəlir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.
O qeyd edib ki, son illərdə Naxçıvanda həyata keçirilən yol, enerji, sosial, təhsil və digər infrastruktur layihələri, əslində, daha böyük mərhələnin maddi bazasını formalaşdırır. Bu gün həmin baza Naxçıvanın yeni regional rol qazanması üçün mühüm üstünlüyə çevrilir. Prezident Naxçıvana səfərinə də məhz bu geniş prizmadan yanaşmaq lazımdır. Səfərin əhəmiyyəti yalnız muxtar respublikanın mövcud inkişaf göstəriciləri və qarşıdakı layihələrlə məhdudlaşmır. Naxçıvan Azərbaycanın Türkiyə ilə birbaşa bağlantısının, İran istiqamətində iqtisadi əlaqələrinin və Ermənistanla formalaşan yeni sülh və kommunikasiya gündəliyinin kəsişdiyi məkandır. Bu səbəbdən Naxçıvanda baş verən hər bir mühüm infrastruktur və iqtisadi dəyişiklik artıq regional əhəmiyyət daşıyır.

Tranzit üstünlüyü

“Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər Cənubi Qafqazın geosiyasi xəritəsində fundamental dəyişiklik yaratdı. İndi həmin Qələbənin yaratdığı yeni reallıqların iqtisadi və kommunikasiya müstəvisində möhkəmləndirilməsi mərhələsindəyik. Başqa sözlə, hərbi-siyasi nəticələr tədricən dəmir yollarına, avtomobil magistrallarına, logistika mərkəzlərinə, enerji xətlərinə və yeni ticarət imkanlarına çevrilir. Bu baxımdan TRIPP xüsusi əhəmiyyət daşıyır. Layihənin əsas məqsədlərindən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz multimodal bağlantının yaradılmasıdır. Eyni zamanda, TRIPP-in Orta Dəhlizlə əlaqələndirilməsi nəzərdə tutulur və bu, Naxçıvanı yalnız daxili nəqliyyat bağlantısının son nöqtəsi deyil, daha böyük Avrasiya ticarət sisteminin bir hissəsinə çevirə bilər. Hazırkı çərçivədə dəmir yolu, avtomobil yolu, enerji və fiber-optik xətlər kimi müxtəlif kommunikasiya komponentlərinin nəzərdə tutulması layihənin sırf nəqliyyat təşəbbüsü olmadığını göstərir. Burada əsas dəyişiklik marşrutların coğrafiyasındadır. Uzun illər ərzində Cənubi Qafqaz üzərindən Şərq-Qərb istiqamətində daşımaların əsas hissəsi alternativ yollarla həyata keçirilirdi. Naxçıvanın regional nəqliyyat sisteminə daha sıx qoşulması isə yeni logistika xəritəsinin yaranmasına imkan verir. Azərbaycan, Naxçıvan, Türkiyə, İran və Ermənistanın yerləşdiyi coğrafiya düzgün infrastruktura və siyasi sabitliyə əsaslandıqda çox ciddi tranzit üstünlüyü yarada bilər”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
O hesab edir ki, Naxçıvanın qarşıdakı inkişaf modelinin əsas fərqi məhz burada olacaq. Əgər əvvəllər əsas hədəf blokadanın yaratdığı məhdudiyyətlərin kompensasiya edilməsi idisə, indi məqsəd Naxçıvanın coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirməkdir. Yəni Naxçıvan artıq kənarda qalan ərazi deyil, müxtəlif istiqamətləri birləşdirən mərkəzi məkan kimi nəzərdən keçirilə bilər. Bu proses Türkiyə və İranla əlaqələr baxımından da mühüm imkanlar yaradır. Naxçıvanın üç dövlətlə sərhəddə yerləşməsi ona regional ticarət və logistika baxımından xüsusi üstünlük verir. Ermənistanla sülh gündəliyinin davamlı xarakter alması və kommunikasiyaların açılması isə indiyədək parçalanmış nəqliyyat sisteminin yenidən bütövləşməsi üçün yeni imkanlar yaradır. TRIPP-in də sənədlərdə regional sülh, sabitlik və iqtisadi inteqrasiya ilə əlaqələndirilməsi təsadüfi deyil. Bu mənada “Naxçıvanın yeni dirçəliş dövrü” ifadəsi yalnız emosional yanaşma deyil, konkret iqtisadi məzmun daşıyan anlayışa çevrilə bilər. Nəqliyyat bağlantıları bərpa olunduqca həmin yolların ətrafında yeni biznes modelləri, logistika mərkəzləri, sənaye və istehsal zonaları, xidmət infrastrukturu formalaşa bilər. Gələcək mərhələdə Naxçıvanın tranzit imkanlarının istehsal potensialı ilə birləşdirilməsi xüsusilə vacib olacaq. Çünki ən böyük iqtisadi gəlir yalnız tranzitdən deyil, tranzit üzərində formalaşan əlavə dəyərdən əldə edilir.

Regionun iqtisadi əhəmiyyəti daha da artır

“Enerji istiqamətində də oxşar transformasiyanın şahidi ola bilərik. Naxçıvanın enerji sisteminin modernləşdirilməsi, bərpaolunan enerji potensialının artırılması və əsas enerji sistemləri ilə inteqrasiyası regionun gələcək rolunu əhəmiyyətli dərəcədə genişləndirəcək. TRIPP çərçivəsində enerji və elektrik ötürmə xətlərinin də nəzərdən keçirilməsi göstərir ki, gələcək bağlantılar yalnız yük və sərnişin daşımaları ilə məhdudlaşmaya bilər.
Naxçıvanın Günəş və digər bərpaolunan enerji imkanları burada əlavə üstünlük yaradır. Gələcəkdə enerji istehsalı ilə nəqliyyat və kommunikasiya infrastrukturu bir-birini tamamladıqda Naxçıvanın enerji idxalından asılılığının azalması ilə yanaşı, müəyyən mərhələdə enerji ixracı potensialının yaranmasından da danışmaq mümkün olacaq. Mərkəzi Asiya-Azərbaycan-Naxçıvan-Türkiyə-Avropa xəttində enerji və elektrik bağlantılarının inkişaf etdirilməsi perspektivi regionun geoiqtisadi əhəmiyyətini daha da artıra bilər.
Eyni zamanda, perspektivdə nəqliyyat dəhlizlərinin ətrafında istehsal klasterlərinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyacaq. Naxçıvanda logistikanın, sənayenin, kənd təsərrüfatının emalının və xidmət sektorunun bir-biri ilə əlaqələndirilməsi muxtar respublikanı, sadəcə, tranzit ərazisindən regional iqtisadi mərkəzə çevirə bilər. Təbii ki, bunun üçün əsas şərt müasir infrastrukturla yanaşı, investisiya mühiti, istehsal imkanları və regional iqtisadi inteqrasiyanın təmin edilməsidir”, - deyə M.Məmmədli bildirib.

Müharibədən sonrakı strategiyasının davamı

Onun fikrincə, bütün bunlar Azərbaycanın müharibədən sonrakı strategiyasının məntiqi davamıdır. Qarabağda əldə edilmiş hərbi üstünlük Azərbaycanın diplomatik mövqeyini gücləndirdi, diplomatik müstəvidə əldə olunan nəticələr isə indi regionda yeni iqtisadi və nəqliyyat reallıqlarının formalaşmasına şərait yaradır. Bu baxımdan “Prezident İlham Əliyev həm müharibəni, həm də sülhü qazandı” fikrinin siyasi məzmunu məhz burada görünür: döyüş meydanında dəyişdirilən reallıq diplomatik masada qorundu və indi həmin reallıq konkret infrastruktura, kommunikasiyaya və iqtisadi əməkdaşlığa çevrilir.
“Bu gün Naxçıvanın qarşısında məhz belə bir tarixi imkan var. Uzun müddət məhdudiyyətlərlə üzləşmiş bir coğrafiya gələcəkdə Avropa ilə Asiya, Türkiyə ilə Azərbaycan, Mərkəzi Asiya ilə Qərb arasında mühüm bağlantı nöqtələrindən birinə çevrilə bilər. TRIPP-in Orta Dəhlizlə əlaqələndirilməsi bu perspektivi daha da gücləndirir. Rəsmi sənədlərdə də layihənin Mərkəzi Asiya və Xəzər hövzəsini Avropa ilə birləşdirən yeni tranzit imkanları yaratması vurğulanır. Ona görə də Naxçıvana bu gün yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublika kimi deyil, Azərbaycanın gələcək regional iqtisadi gücünün mühüm dayaqlarından biri kimi baxmaq lazımdır. Qarşıdakı dövrdə Naxçıvanın əsas üstünlüyü onun coğrafiyası olacaq, əsas kapitalı isə həmin coğrafiyanı müasir infrastruktur, sülh və iqtisadi inteqrasiya ilə birləşdirmək imkanından yaranacaq”, - deyə deputat bildirib.