backend

Naxçıvanın sosial-iqtisadi inkişafında yeni strateji mərhələ

Qədim Naxçıvan diyarı əsrlərboyu böyük sivilizasiyaların, elm, mədəniyyət və memarlıq məktəblərinin mühüm mərkəzlərindən biri olub. Atabəylər dövlətinin paytaxtı kimi şöhrət qazanan, Əcəmi Naxçıvani irsi ilə Şərq memarlığına misilsiz incilər bəxş edən bu diyarımız həm də yetişdirdiyi görkəmli şəxsiyyətlərlə milli dövlətçiliyimizin və elmi-mədəni fikrimizin tərəqqisinə əvəzsiz töhfələr verib. Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı, ağır sınaqlardan üzüağ çıxaraq yüksəlişə qovuşması məhz Ulu Öndər Heydər Əliyevin adı və uzaqgörən dövlətçilik strategiyası ilə sıx bağlıdır. 
Naxçıvan Muxtar Respublikası əsrlərboyu Azərbaycanın strateji qalası, zəngin mədəniyyət və dövlətçilik ənənələrinin mühüm mərkəzlərindən biri olub. Uzun illər mürəkkəb geostrateji şəraitdə və coğrafi təcrid vəziyyətində yaşamasına baxmayaraq, muxtar respublika öz potensialı ilə ölkəmizin sosial-iqtisadi inkişafında mühüm rol oynayıb. Bu gün Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Naxçıvana səfəri muxtar respublika sakinləri üçün ilin ən əlamətdar hadisələrindən biri oldu. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü proqramlar, nəhəng infrastruktur layihələri, idarəetmədə müasir yanaşmalar və islahatlar Naxçıvanı nəinki dayanıqlı inkişaf diyarına, həm də regionun mühüm nəqliyyat, logistika və enerji mərkəzinə çevirir. Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri və Azərbaycan Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər bu inkişaf mərhələsinin konturlarını, gələcək hədəfləri və strateji baxışı nümayiş etdirir.
Prezident İlham Əliyevin səfəri muxtar respublikanın sosial-iqtisadi inkişafı, yeni layihələrin reallaşdırılması və qarşıdakı hədəflərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Səfər çərçivəsində həyata keçirilən işlərlə tanışlıq, yeni obyekt və müəssisələrin fəaliyyəti ilə bağlı təqdimatlar Naxçıvanın inkişaf dinamikasını nümayiş etdirdi. Bu  səfər muxtar respublikada görülən işlərin və yeni layihələrin təqdimatı ilə yanaşı, qarşıdakı dövr üçün mühüm mesajlarla yadda qaldı. Səsləndirilən fikirlər Naxçıvanın gələcək inkişafına dair prioritetləri, yeni imkanları və qarşıda duran strateji istiqamətləri ortaya qoydu. Bir sözlə, Naxçıvan Prezident İlham Əliyevin liderliyi ilə qarşıdakı böyük hədəflərə doğru inamla irəliləyir.
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri və səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər göstərir ki, Naxçıvanın inkişafına artıq yalnız bir regionun sosial-iqtisadi tərəqqisi kontekstində deyil, Azərbaycanın uzunmüddətli geosiyasi və geoiqtisadi strategiyasının mühüm tərkib hissəsi kimi yanaşılır. Prezident İlham Əliyevin müsahibəsində diqqətçəkən mühüm məqamlardan biri Naxçıvanın inkişafının Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq prosesi ilə vahid strateji baxış çərçivəsində təqdim edilməsidir. Dövlət başçısı “yaşıl enerji”, kənd təsərrüfatı, suvarma, turizm və infrastruktur istiqamətlərində görülən işlərdən danışaraq bu bölgələrin iqtisadi baxımdan bir-biri ilə əlaqələndiriləcəyini vurğulayıb. Bu yanaşma faktiki olaraq Azərbaycanın qərb bölgələrindən Naxçıvana qədər uzanan yeni iqtisadi inkişaf məkanının formalaşdırılması deməkdir.
Prezidentin Naxçıvana 17-ci səfəri çərçivəsində verdiyi mesajların əsas qayəsini muxtar respublikanın dayanıqlı və hərtərəfli inkişafının təmin olunması təşkil edir. Dövlətimizin başçısı vurğulayıb ki, Naxçıvanın inkişafı daha geniş coğrafiyanın iqtisadi və nəqliyyat imkanlarına təsir göstərən strateji prosesdir. Naxçıvanın hərtərəfli inkişafı sistemli xarakter daşıyır və müxtəlif istiqamətlərdə atılan addımlar vahid inkişaf strategiyasının tərkib hissəsidir. Naxçıvanın strateji coğrafi mövqeyi onun təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsini zəruri edir. Cənab Prezidentin də söylədiyi kimi,  Naxçıvanın müdafiə potensialının gücləndirilməsi prioritet istiqamətlərdən biridir: “Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək”. Bu mesaj cənab Prezidentin Naxçıvanın təhlükəsizliyinə verdiyi strateji əhəmiyyətin göstəricisidir. Müasir hərbi texnika, yeni komando qüvvələri və Əlahiddə Ordunun imkanlarının gücləndirilməsi Naxçıvanın müdafiə qabiliyyətinin davamlı şəkildə artırılmasına xidmət edir.
Dövlətimizin başçısının avqustun 12-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam da strateji inkişaf kursunun davamlılığını bir daha təsdiqləyir. Sənədə əsasən, muxtar respublikada bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yol, nəqliyyat, təhsil və mənzil-kommunal infrastrukturunun yenilənməsi məqsədilə, ümumilikdə, 258 milyon manat vəsait ayrılıb. Bu istiqamətdə həyata keçirilən layihələr Naxçıvanın müasir simasını daha da gözəlləşdirməklə yanaşı, əhalinin rifahının yüksəlməsinə birbaşa xidmət edəcək. Dövlətimizin başçısının uzaqgörən rəhbərliyi sayəsində Naxçıvan bundan sonra da yeni-yeni uğurlara imza ataraq Azərbaycanın sosial-iqtisadi və geostrateji qüdrətinin sarsılmaz qalası olaraq qalacaq.
Ümummilli Lider Heydər Əliyevin qoruduğu, Prezident İlham Əliyevin yeni tarixi mərhələyə yüksəltdiyi Naxçıvan bu gün özünün ən qüdrətli dönəmini yaşayır. Bir zamanlar blokada çətinlikləri ilə üz-üzə qalan Naxçıvan indi irimiqyaslı infrastrukturu, güclü sənayesi, “yaşıl enerji” potensialı və müasir idarəetmə modeli ilə gələcəyə inamla addımlayır.

Gülxarə TARVERDİYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı