Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində təməli qoyulan sənaye və enerji obyektləri, eləcə də Zəngəzur dəhlizi (TRIPP) və yeni idarəetmə modeli Naxçıvanın təkcə ölkə daxilində deyil, geniş geosiyasi coğrafiyada rolunu köklü şəkildə dəyişir.
Bunu Sosdem.az-a dövlət başçısının Naxçıvan səfərini, muxtar respublikada həyata keçirilən strateji layihələri və Zəngəzur dəhlizinin perspektivlərini şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.
“Əlahiddə Ordu Və Tam Enerji Təhlükəsizliyi Naxçıvanın Əsas Dayağıdır”
Millət vəkili Naxçıvanın hərbi və enerji müstəqilliyinin prioritet məsələ kimi ön plana çıxdığını diqqətə çatdırıb:
“Naxçıvanın coğrafi xüsusiyyətləri və əsas ərazimizlə birbaşa quru bağlantısının olmaması təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsini tələb edir. Əlahiddə Ümumqoşun Ordunun müasir texnika və yeni komando qüvvələri ilə təchiz edilməsi regionun hərbi gücünün bariz göstəricisidir.
Eyni zamanda, enerji təhlükəsizliyi fiziki təhlükəsizlikdən sonra gələn ən vacib amildir. Naxçıvanda qazlaşmanın 100% olması, 300 meqavatlıq yeni İES-in təməlinin qoyulması və yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının inşası regionu enerjini sadəcə istehlak edən deyil, Türkiyə, İran və Avropaya ixrac edən mərkəzə çevirir. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanın da ‘Yaşıl Enerji Zonası’na inteqrasiyası mühüm strateji addımdır”.
“TRIPP Və Zəngəzur Dəhlizi: Naxçıvan Avrasiyanın Logistika Qovşağına Çevrilir”
MCP başqanı regionun nəqliyyat və sənaye potensialının artırılması istiqamətində atılan addımları yüksək dəyərləndirib:
“Zəngəzur dəhlizinin (TRIPP) reallaşması Naxçıvanı Avrasiya nəqliyyat marşrutlarının mərkəzinə gətirir. Horadiz–Ağbənd xəttinin tamamlanması və Naxçıvan dəmir yolu infrastrukturunun 15 milyon ton yükaşırma gücünə çatdırılması həm Şərq-Qərb, həm də Şimal-Cənub koridorları üçün əvəzsiz qol olacaq.
Bununla yanaşı, Sumqayıtdan sonra ikinci ən böyük sənaye parkının Naxçıvanda qurulması, 420 kilometrlik daxili yolların yenidən qurulması, yeni nəqliyyat parkının yaradılması və DOST Mərkəzinin fəaliyyətə başlaması əhalinin məşğulluğuna və sosial rifahına birbaşa töhfə verəcək”.
“Vahid İdarəetmə Modeli Və Milli İrsin Qorunması”
Deputat Naxçıvanda tətbiq edilən yeni idarəetmə sisteminin və tarixi-mədəni layihələrin önəmini vurğulayıb:
“Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın vahid inkişaf konsepsiyası çərçivəsində idarə olunması, Prezidentin xüsusi nümayəndəliyi institutunun tətbiqi idarəetmədə operativliyi və şəffaflığı təmin edir.
Bütün bu sosial-iqtisadi tərəqqinin təməlində isə milli kimliyimiz və tariximiz dayanır. Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvanda Möminə xatun məqbərəsinin bərpası və Əcəmi Naxçıvani irsinin yaşadılması milli-mənəvi dəyərlərimizə verilən yüksək qiymətdir. Həyata keçirilən Dövlət Proqramları Naxçıvanın hərtərəfli və sürətli inkişafını tam təmin edəcəkdir”.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət






