backend

Müşfiq Məmmədli: Azərbaycan qastronomiyası milli dəyərlərimizin dünyaya tanıdılmasında mühüm rol oynayır

Milli Məclisin deputatı Müşfiq Məmmədli “İctimai İaşə və Qastronomiya” Forumunda iştirak edib.

Qaynarxett.az xəbər verir ki, forum çərçivəsində ictimai iaşə və qastronomiya sektorunun mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran əsas çağırışlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən deputat Azərbaycan qastronomiyasının inkişafı ilə yanaşı, milli mətbəxin və özünəməxsus dəyərlərin qorunmasının vacibliyini vurğulayıb.
Müşfiq Məmmədli bildirib ki, Azərbaycanın zəngin mətbəx ənənələri ölkənin turizm potensialının artırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, ölkəyə səfər edən turistlər üçün milli mətbəx yalnız qida nümunəsi deyil, həm də Azərbaycanın tarixi, mədəniyyəti və milli kimliyi ilə tanışlıq vasitəsidir.
Deputat qeyd edib ki, qastronomiya sahəsində Azərbaycanın öz brendlərinin və markalarının formalaşdırılması mühüm hədəflərdən biri olmalıdır. Bu istiqamətdə milli xüsusiyyətlərin qorunması ilə yanaşı, dünya təcrübəsinin öyrənilməsi və müasir yeniliklərin tətbiqi də xüsusi əhəmiyyət daşıyır.
Müşfiq Məmmədli vurğulayıb ki, milli mətbəxin dünyada daha geniş tanıdılması Azərbaycanın turizm imkanlarının genişlənməsinə, yerli məhsulların təşviqinə və qastronomiya sektorunun inkişafına əlavə töhfə verə bilər.
Forumda sektorun gələcək inkişafı, yeni imkanların yaradılması və Azərbaycan qastronomiyasının beynəlxalq səviyyədə daha geniş təbliği istiqamətində fikir və təkliflər səsləndirilib.