backend

151 ilin sözü: Azərbaycan milli mətbuatının dünəni, bu günü və sabahı -DEPUTAT YAZIR

Xalqların tarixini yalnız müharibələr, dövlətlər və siyasi hadisələr yazmır. Tarixin başqa bir müəllifi də var – söz. Bəzən bir qəzetin səhifəsində yazılan fikir bütöv bir nəslin dünyagörüşünü dəyişir, milli oyanışın başlanğıcına çevrilir, dövlətçilik düşüncəsini formalaşdırır. Məhz buna görə mətbuat hər bir xalqın mənəvi yaddaşı, ictimai vicdanı və milli təfəkkürünün güzgüsü hesab olunur.

Azərbaycan milli mətbuatı yarandığı gündən bu günə qədər təkcə ictimai hadisələri işıqlandıran informasiya vasitəsi olmayıb. O, xalqın milli özünüdərk prosesinə rəhbərlik edən, maarifçilik ideyalarını yayan, azərbaycançılıq məfkurəsinin formalaşmasına xidmət göstərən, istiqlal ruhunu yaşadan və dövlətçilik düşüncəsini möhkəmləndirən mühüm ictimai institut kimi inkişaf edib. Elə buna görə də milli mətbuatımızın keçdiyi yol xalqımızın azadlıq, müstəqillik və milli birlik uğrunda mübarizəsinin ayrılmaz salnaməsidir.

Bu il Azərbaycan milli mətbuatı yaranmasının 151-ci ildönümünü qeyd edir. Bu tarix sadəcə bir qəzetin nəşrə başlamasının ildönümü deyil. Bu tarix milli düşüncənin, ana dilində söz demək iradəsinin, maarifçiliyin və milli özünüdərkin təntənəsidir. Milli mətbuatımızın 151 illik yolu həm də Azərbaycanın ictimai-siyasi inkişaf tarixinin, milli ideologiyasının və dövlətçilik ənənələrinin inkişaf mərhələlərini özündə əks etdirən böyük bir məktəbdir.

1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti Azərbaycan tarixində sadəcə ilk milli qəzet deyil, bütöv bir ideoloji hərəkatın başlanğıcı idi. O dövrün sərt senzura mühitində, imperiya məhdudiyyətləri şəraitində ana dilində qəzet nəşr etmək böyük vətəndaş cəsarəti tələb edirdi. Cəmi iki il fəaliyyət göstərməsinə və 56 nömrəsinin çap olunmasına baxmayaraq, "Əkinçi" milli oyanışın əsasını qoydu, xalqın maariflənməsi, milli şüurun formalaşması və ictimai fikrin inkişafı istiqamətində yeni bir mərhələnin təməlini atdı. Həsən bəy Zərdabi sübut etdi ki, xalqın tərəqqisinin yolu ilk növbədə maarifdən, elmdən və azad sözdən keçir.

"Əkinçi"nin yaratdığı ənənə sonrakı onilliklərdə daha da inkişaf etdi. "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "İrşad", "Tərəqqi", "Molla Nəsrəddin", "Açıq söz" və digər mətbu orqanlar təkcə informasiya yaymırdılar. Onlar milli dili zənginləşdirir, müasir dünyagörüşünü formalaşdırır, ictimai fikri oyadır, azərbaycançılıq ideyasını möhkəmləndirir və gələcək istiqlal mübarizəsinin intellektual bünövrəsini yaradırdılar. XX əsrin əvvəllərində Azərbaycan mətbuatı faktiki olaraq milli istiqlal ideyasının tribunası və xalqın siyasi maariflənməsinin əsas məktəbi idi.

Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin milli mətbuat haqqında söylədiyi fikirlər xüsusi məna daşıyır. Ulu Öndər vurğulayırdı ki, Azərbaycan milli mətbuatının inkişaf mərhələləri xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin ayrılmaz hissəsidir. Doğrudan da, "Əkinçi"dən başlayan yol sonradan Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji əsaslarına, daha sonra isə müstəqil Azərbaycanın dövlətçilik konsepsiyasına qədər uzanan böyük bir tarixi inkişaf xəttini təşkil etmişdir.

Müstəqillik illərində Azərbaycan mediası tamamilə yeni mərhələyə qədəm qoydu. Dövlət müstəqilliyinin qorunması, demokratik cəmiyyətin formalaşdırılması və söz azadlığının təmin edilməsi medianın qarşısında yeni vəzifələr müəyyənləşdirdi. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bu istiqamətdə həyata keçirilən ardıcıl islahatlar milli mətbuatın inkişafına güclü təkan verdi. 1998-ci ildə dövlət senzurasının ləğv edilməsi Azərbaycanın media tarixində dönüş nöqtəsi oldu. Bu addım ölkədə azad sözün inkişafı üçün möhkəm hüquqi zəmin yaratdı və müasir jurnalistikanın formalaşmasına yeni imkanlar açdı.

Bu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirildi və yeni məzmun qazandı. Qloballaşan dünyada informasiyanın strateji resursa çevrildiyini vaxtında qiymətləndirən dövlət başçısı milli medianın müasir çağırışlara uyğun inkişafını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Medianın İnkişafı Agentliyinin yaradılması, "Media haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, güzəştli ipoteka imkanlarının genişləndirilməsi, media subyektlərinin iqtisadi dayanıqlığının artırılması, rəqəmsal transformasiya layihələrinin dəstəklənməsi və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər milli mətbuatın yeni inkişaf mərhələsini formalaşdırdı.

Cənab Prezident İlham Əliyevin media siyasətinin əsas xüsusiyyətlərindən biri milli maraqların qlobal informasiya məkanında etibarlı müdafiəsini təmin etməkdir. Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, müasir media operativ, obyektiv, qərəzsiz olmaqla yanaşı, milli maraqların qorunmasına da məsuliyyətlə yanaşmalıdır. Bu yanaşma informasiya müharibələrinin getdikcə geniş vüsət aldığı indiki dövrdə xüsusi aktuallıq kəsb edir.

XXI əsrin mediası artıq yalnız xəbər istehsal edən institut deyil. İnformasiya geosiyasi mübarizənin mühüm alətinə çevrilib. Sosial media platformaları, rəqəmsal kommunikasiya vasitələri, süni intellekt texnologiyaları və dezinformasiya kampaniyaları jurnalistikanın klassik prinsiplərini yeni sınaqlarla üz-üzə qoyur. Belə şəraitdə peşəkar jurnalistikanın üzərinə düşən məsuliyyət daha da artır. Həqiqətin operativ, dəqiq və obyektiv şəkildə cəmiyyətə çatdırılması dövlətlərin milli təhlükəsizlik məsələlərindən birinə çevrilir.

Azərbaycan mediası bu tarixi məsuliyyəti xüsusilə 44 günlük Vətən müharibəsi dövründə yüksək peşəkarlıqla yerinə yetirdi. Jurnalistlər cəbhə bölgəsində həyatlarını riskə ataraq operativ informasiya təqdim etdilər, Ermənistanın saxta təbliğatını faktlarla ifşa etdilər və dünya ictimaiyyətinə Azərbaycanın haqlı mövqeyini çatdırdılar. İnformasiya cəbhəsində qazanılan uğurlar hərbi və diplomatik qələbənin mühüm tərkib hissəsinə çevrildi. Həmin dövr bir daha sübut etdi ki, müasir müharibələr təkcə səngərlərdə deyil, informasiya məkanında da aparılır.

Bu gün artıq Azərbaycan mediası yalnız ölkədaxili informasiya məkanının deyil, beynəlxalq media dialoqunun da fəal iştirakçısına çevrilib. İşğaldan azad olunmuş Şuşa şəhərində keçirilən Qlobal Media Forumları dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, ekspertləri və jurnalistləri bir araya gətirərək qlobal informasiya gündəliyinin müzakirə olunduğu nüfuzlu platforma statusu qazanıb. Dezinformasiyaya qarşı mübarizə, media savadlılığı, rəqəmsal transformasiya, süni intellektin media mühitinə təsiri kimi aktual məsələlərin məhz Şuşada müzakirə olunması rəmzi məna daşıyır. Çünki Qarabağın tacı olan Şuşa bu gün yalnız mədəniyyət paytaxtı deyil, həm də Azərbaycanın yeni informasiya diplomatiyasının mühüm mərkəzlərindən biridir.

Bu uğurların əsasında cənab Prezident İlham Əliyevin uzaqgörən və ardıcıl media siyasəti dayanır. Son illərdə milli mətbuatın inkişafı istiqamətində həyata keçirilən islahatlar göstərir ki, güclü dövlət yalnız iqtisadi və hərbi potensialla deyil, həm də güclü informasiya siyasəti və peşəkar media ilə xarakterizə olunur. Dövlət başçısının media nümayəndələri ilə müntəzəm görüşləri, onların fəaliyyətinə verdiyi yüksək qiymət, jurnalist əməyinə göstərdiyi diqqət və qayğı milli mətbuatın inkişafına verilən siyasi dəstəyin bariz ifadəsidir.

Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan milli mətbuatının yubileylərinin dövlət səviyyəsində qeyd olunması, milli mətbuatın 150 illiyi münasibətilə yubiley medalının təsis edilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və media infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu sahənin dövlət siyasətində xüsusi yer tutduğunu bir daha təsdiq edir. Bu siyasətin əsas məqsədi milli jurnalistikanı müasir dövrün çağırışlarına uyğun inkişaf etdirmək, onun peşəkarlığını artırmaq, iqtisadi müstəqilliyini möhkəmləndirmək və Azərbaycanın informasiya təhlükəsizliyini etibarlı şəkildə təmin etməkdir.

Azərbaycan milli mətbuatının 151 illik yolu sübut edir ki, zaman dəyişsə də, texnologiyalar yenilənsə də, informasiyanın ötürülmə vasitələri müasirləşsə də, jurnalistikanın mahiyyəti dəyişmir. Onun missiyası həqiqətə xidmət etmək, cəmiyyətin obyektiv informasiya almaq hüququnu qorumaq, milli maraqları müdafiə etmək, ictimai etimadı möhkəmləndirmək və gələcək nəsillər üçün zamanın salnaməsini yaratmaqdır.

Həsən bəy Zərdabinin "Əkinçi" ilə yandırdığı maarifçilik məşəli bu gün rəqəmsal media platformalarında, xəbər portallarında, televiziya studiyalarında və yeni kommunikasiya texnologiyalarında öz işığını davam etdirir. Forma dəyişir, texnologiyalar yenilənir, lakin sözün məsuliyyəti dəyişmir.

Azərbaycan mediasının beynəlxalq nüfuzu bu gün artıq yeni mərhələyə yüksəlib. İşğaldan azad olunmuş Şuşa şəhəri təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, eyni zamanda qlobal media dialoqunun mühüm ünvanlarından birinə çevrilib. İyul ayında keçirilmiş IV Şuşa Qlobal Media Forumu bunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən və "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan forumda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsini, eksperti və rəsmi şəxsi Şuşada bir araya gətirdi. Tədbirdə dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq, media etikası, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti, süni intellekt dövründə məsuliyyətli jurnalistika və ictimai etimadın bərpası kimi müasir informasiya məkanının əsas çağırışları geniş müzakirə olundu. Azərbaycan milli mətbuatının 151 illik yubileyi təkcə şərəfli keçmişə ehtiram deyil, həm də gələcəyə ünvanlanmış strateji baxışın ifadəsidir. "Əkinçi"dən başlanan maarifçilik yolu bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl media siyasəti nəticəsində yeni mərhələyə yüksəlmişdir. Şuşanın Qlobal Media Forumuna ev sahibliyi etməsi, Azərbaycanın beynəlxalq informasiya dialoqunun aparıcı iştirakçılarından birinə çevrilməsi, milli medianın rəqəmsal transformasiyasına və informasiya təhlükəsizliyinə göstərilən dövlət dəstəyi sübut edir ki, ölkəmiz artıq yalnız regional deyil, qlobal media gündəliyinin formalaşmasına da töhfə verən dövlətlər sırasındadır. Heç şübhəsiz, 151 illik zəngin ənənələrə söykənən Azərbaycan milli mətbuatı bundan sonra da həqiqətin müdafiəsi, milli maraqların qorunması və ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində öz tarixi missiyasını uğurla davam etdirəcəkdir.

Forum bir daha nümayiş etdirdi ki, Şuşa artıq yalnız tarixi Zəfərimizin rəmzi deyil, həm də qlobal informasiya gündəliyinin formalaşdığı nüfuzlu beynəlxalq platformalardan biridir. Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın media diplomatiyasına, informasiya təhlükəsizliyinə və beynəlxalq əməkdaşlığın inkişafına verdiyi strateji əhəmiyyəti bir daha nümayiş etdirdi. Məhz dövlət başçısının təşəbbüsü ilə yaradılan Şuşa Qlobal Media Forumu qısa müddətdə dünyanın müxtəlif qitələrindən media rəhbərlərini, jurnalistləri, analitikləri və ekspertləri bir araya gətirən mötəbər beynəlxalq platformaya çevrilmişdir.

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri