backend

Qərbi Azərbaycan İcmasında 2026-cı ilin birinci yarımilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib

21 iyul 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında İcmanın 2026-cı ilin birinci yarımilində görülmüş işlərin və rayon icmaları, eləcə də nümayəndəliklər qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat iclası keçirilib.

Qaynarxett.az xəbər verir ki, tədbir Vətən uğrunda canlarından keçmiş şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İclasın əsas məruzəsi ilə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli 2026-cı ilin birinci yarımili ərzində İcmanın fəaliyyəti barədə geniş hesabat təqdim edib. O, həyata keçirilən layihələr, beynəlxalq əlaqələrin genişləndirilməsi, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, tarixi-mədəni irsin qorunması, Qayıdış Konsepsiyasının təbliği istiqamətində görülmüş işlər, eləcə də rayon icmaları və nümayəndəliklərin qarşısında duran əsas vəzifələr barədə ətraflı məlumat verib. Əziz Ələkbərli çıxışında təşkilatlanma istiqamətində həyata keçirilən tədbirlərdən, bu sahədə əldə olunan nəticələrdən, eyni zamanda fəaliyyət zamanı üzə çıxan problemlər və mövcud çatışmazlıqlardan da bəhs edib. O, qeyd olunan problemlərin aradan qaldırılması, rayon icmaları və nümayəndəliklərin fəaliyyətinin daha səmərəli əlaqələndirilməsi, idarəetmədə çevikliyin artırılması məqsədilə iş prinsipinin yenilənməsinin nəzərdə tutulduğunu bildirib və qarşıdakı dövrdə bu istiqamətdə konkret tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

İdarə Heyətinin sədri bildirib ki, İcmanın cari ilin ilk altı ayı ərzində həyata keçirdiyi fəaliyyət, görülən işlər və əldə olunan nəticələr olduqca genişmiqyaslıdır. Bu səbəbdən həmin fəaliyyətin ayrıca nəşr şəklində hazırlanaraq ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Bununla yanaşı, o vurğulayıb ki, görülən işlərə baxmayaraq, qarşıda duran vəzifələr daha geniş və məsuliyyətlidir. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsi, təşkilatlanmanın daha da gücləndirilməsi, beynəlxalq təbliğatın genişləndirilməsi və rayon icmaları ilə nümayəndəliklərin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində ardıcıl və intensiv fəaliyyət davam etdirilməlidir.

Daha sonra Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşişkənd rayon İcmasının sədri, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova çıxış edərək birinci yarımildə görülmüş işləri təhlil edib və İcmanın fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı təklif və iradlarını səsləndirib.

Sonra söz Qərbi Azərbaycan İcması Qəyyumlar Şurasının sədri Mürvət Həsənliyə verilib. O, İcmanın fəaliyyətinə göstərilən dəstəyin əhəmiyyətini vurğulayaraq qarşıdakı dövrdə qarşıya qoyulan hədəflərin həyata keçirilməsində birgə fəaliyyətin vacibliyini qeyd edib.

İclasda çıxış edən Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov, Qərbi Azərbaycan Televiziyasının rəhbəri, İcmanın Qadınlar Şurası sədrinin müavini, Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Telli Pənahqızı, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının Gəncə nümayəndəsi Zəfər Qurbanov, Qərbi Azərbaycan İcmasının Tovuz rayonu üzrə nümayəndəsi Fərmayıl Cəfərov və Binəqədi rayon nümayəndəliyinin sədri, professor Həsən Bayramov çıxış edərək görülmüş işləri yüksək qiymətləndirib, fəaliyyətin daha da gücləndirilməsi, təşkilatlanmanın genişləndirilməsi və Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla təbliğinin vacibliyini vurğulayıblar.

Fərmayıl Cəfərov çıxışında Qərbi Azərbaycanın tarixi ilə bağlı son dövrlərdə üzə çıxarılan yeni faktlar, arxiv sənədləri və tarixi mənbələr haqqında məlumat verərək onların elmi dövriyyəyə daxil edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

İclasda 2026-cı ilin birinci yarımilində görülmüş işlər ətraflı müzakirə olunub, əldə edilən nəticələr təhlil edilib, mövcud problemlər və çatışmazlıqlar ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda rayon icmaları və nümayəndəliklərin fəaliyyətinin daha da gücləndirilməsi, koordinasiyanın artırılması və qarşıdakı dövr üçün prioritet istiqamətlər müəyyənləşdirilib.

Sonda tədbir iştirakçıları Qərbi Azərbaycan həqiqətlərinin ölkə daxilində və beynəlxalq müstəvidə daha geniş təbliği, soydaşlarımızın öz doğma yurdlarına sülh yolu ilə qayıdışının təmin olunması istiqamətində fəaliyyətin bundan sonra da ardıcıl və məqsədyönlü şəkildə davam etdiriləcəyini bildiriblər.