backend

Mingəçevirdə Heydər Əliyevin 14 iyul 1969-cu il tarixdə siyasi hakimiyyətə gəldiyi gün münasibətilə tədbir keçirilib -Fotolar

2026-cı ilin Tədbirlər planına əsasən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 14 iyul 1969-cu il Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilməsi ilə bağlı Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı və Mingəçevir Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev müasir və güclü Azərbaycanın memarıdır” mövzusunda dəyirmi masa keçirilib.

Qaynarxett.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Daha sonra tədbir dəyirmi masa formatında öz işinə başlayıb. Ulu Öndərin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Heydər Əliyev müasir və güclü Azərbaycanın memarıdır” mövzusunda videoçarxa baxış keçirildi.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov bildirib ki, Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ümummilli Liderin Azərbaycan tarixinə bəxş etdiyi əzəmətli və unudulmaz günlərdən biri də 14 iyuldur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. Ulu Öndərin Azərbaycanda rəhbər seçilməsi xalqımızın tarixi və taleyində əhəmiyyətli dönüşün başlanğıcı, eyni zamanda ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulduğu tarixdir. Daim doğma xalqının böyük təəssübkeşi olmuş Heydər Əliyev o mürəkkəb tarixi şəraitdə ölkəmizi keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirmək üçün qısa müddətdə bütün sahələrdə geniş islahatlar proqramı həyata keçirməklə, əslində, gələcək müstəqil və güclü Azərbaycanın əsasını qoyurdu. Respublikaya rəhbərliyə gəldikdən sonra  Heydər Əliyev qısa bir zaman ərzində Azərbaycanın ictimai və siyasi həyatında böyük və əhəmiyyətli dəyişikliklər edə bildi. Ona görə Heydər Əliyev 1982-ci ildə sovetlər ittifaqında ali rəhbər vəzifəyə getdiyi zaman Azərbaycan artıq inkişaf etmiş sənaye respublikası kimi tanınırdı. O illərdə respublikada çoxlu sayda sənaye müəssisələri yaradılmış, Azərbaycanın ittifaq miqyasında əhəmiyyəti artmış, o cümlədən neft sənayesinin ayrı-ayrı sahələri yenidən qurulmuşdu. 

Daha sonra çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, milli həmrəyliyin təmin edilməsi, hüquqi və demokratik dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətindəki misilsiz xidmətlərindən bəhs edib. O qeyd edib ki, Heydər Əliyevin zəngin siyasi irsi, dövlətçilik fəlsəfəsi və milli maraqlara əsaslanan inkişaf strategiyası bu gün də Azərbaycanın uğurlarının təməlində dayanır. Vurğulanıb ki, Ulu Öndərin ideyaları xalqımızın milli birliyinin möhkəmlənməsində, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində və dövlətçilik düşüncəsinin inkişafında mühüm rol oynayır.

Tədbirdə çıxış edən Mingəçevir Bələdiyyəsinin qulluqçusu Zahid Qasımlı Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda rəhbər olduğu dövrdə yaratdığı sosial-iqtisadi, siyasi, mənəvi, psixoloji baza sonrakı dövrdə - müstəqillik illərində Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb etdi. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyata keçirdiyi siyasət Prezident İlham Əliyev və ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasətə əməli dəstək verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün dövlət quruculuğu prosesi daimi xarakter daşıyır, cəmiyyət inkişaf edir, müasir dünyamızda gedən proseslərə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, insanların həyat tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçirilir. Cəmiyyətimiz indiki dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir və müstəqil Azərbaycanın mövqeləri getdikcə möhkəmlənir.Çıxışlarda xüsusi olaraq qeyd olunub ki, müasir, qüdrətli və qalib Azərbaycan dövlətinin əldə etdiyi bütün nailiyyətlərin əsasında Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır. 

Sonda tədbir iştirakçıları mövzu ətrafında geniş fikir mübadiləsi apararaq Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, xalqın rifahının yüksəldilməsi və ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətindəki tarixi xidmətlərini bir daha yüksək qiymətləndiriblər.