Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxış keçiriblər.
Daha sonra tədbirin rəsmi hissəsi Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin yad olunması ilə açıq elan edilib.
Dəyirmi masada çıxış edənlər Heydər Əliyevin zəngin dövlətçilik irsindən, vətənpərvərlik ideyalarının gənc nəslin formalaşmasındakı rolundan bəhs ediblər. Tədbir çərçivəsində ulu öndərə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Sonda Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi ilə Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı və Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının dəstəyi ilə keçirilən “Heydər Əliyev və güclü Azərbaycan ideyası” mövzusunda esse müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.


