backend

Yevlaxda “Şəhərsalma və Memarlıq İli” münasibətilə tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Əli Hüseynli və İlham Məmmədov, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə, YAP Yevlax Rayon təşkilatının sədri Rafiq Əliyev,rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb, Dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Azərbaycanın tarixi və müasir memarlıq nümunələrindən ibarət foto-sərgiyə baxış keçirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın memarlıq tarixinə həsr olunmuş film nümayiş olunub.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək qeyd edib ki, Azərbaycan adlı bu möhtəşəm əsərin baş memarı məhz Ulu Öndər Heydər Əliyevdir. Ölkəmizdə şəhərsalma və memarlığının inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Dahi Lider tərəfindən şəhərsalma və memarlıqla bağlı mühüm tədbirlər həyata keçirilib, ölkəmizdə tarixi-memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılıb.
Ulu Öndərin əsasını qoyduğu siyasət bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentimizin rəhbərliyi ilə ölkədə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, tarixi abidələrin konservasiyası və restavrasiyası sahəsində ardıcıl layihələr icra olunur. Son illər yaradılan şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik orijinal nümunələr şəhərimizə gələn turistlər tərəfindən də heyranlıqla qarşılanır.
Ölkə Başçısının rəhbərliyi altında 30 ilə yaxın müddətdə düşmən işğalı altında olmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti və quruculluq işləri, tarixi və dini abidələrin bərpası dövlətin milli-mədəni irsə həssas münasibətinin bariz nümunəsidir. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması müasir tələblər səviyyəsində, yeni texnologiyaların, şəhərsalma standartlarının və memarlıq formalarının tətbiqi ilə gerçəkləşir.
Möhtərəm Prezidentin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması Azərbaycan dövlətinin dayanıqlı inkişaf, estetik mühit və müasir şəhər modelinə verdiyi önəmin bariz nümunəsidir. Bu Sərəncam şəhərsalma və memarlığın yalnız texniki sahə deyil, eyni zamanda, milli kimliyin, mədəni irsin və sosial rifahın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiqləyir.
Anar Tağıyev vurğulayıb ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı ildə Bakıda keçirilməsi Azərbaycanın dayanıqlı şəhərsalma və qlobal urbanizasiya sahəsindəki artan rolunun, habelə beynəlxalq nüfuzunun təsdiqi, eyni zamanda ölkəmizin uğurlu şəhərsalma siyasətinin və dayanıqlı inkişaf töhfələrinin yüksək qiymətləndirilməsidir.
İcra Hakimiyyətinin Başçısı eyni zamanda qeyd edib ki, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin müxtəlif bölgələrində tarixi və dini abidələrin bərpası istiqamətində mühüm layihələr həyata keçirilir. Bu təşəbbüslər milli memarlıq irsinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.
Milli Məclisinin deputatı Əli Hüseynli, Memarlar İttifaqının İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə çıxışlarında bildiriblər ki, Azərbaycan memarlığı minilliklər boyu formalaşmış zəngin ənənələrə malik olmaqla xalqımızın milli-mədəni irsinin ayrılmaz tərkib hissəsidir. Bu irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ümummilli Lider Heydər Əliyevin memarlıq və şəhərsalma sahəsinə göstərdiyi xüsusi diqqət nəticəsində ölkəmizdə tarixi-memarlıq abidələrinin mühafizəsi, bərpası, şəhərlərin baş planlarının hazırlanması və milli memarlıq məktəbinin inkişafı istiqamətində mühüm işlər görülüb. Məhz həmin dövrdə memarlıq sahəsində həyata keçirilən ardıcıl islahatlar bu gün də öz bəhrəsini verməkdədir. Eyni zamanda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə memarlıq irsinin bu gün də uğurla davam etdirildiyi, şəhərsalma sahəsində həyata keçirilən layihələrin ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb. Çıxışlarda həmçinin "Şəhərsalma və Memarlıq İli" çərçivəsində keçirilən tədbirlərin memarlıq irsinin təbliği və cəmiyyətdə memarlıq mədəniyyətinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Tədbirin bədii hissəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solisti Elmir Pişnamazzadənin ifasında səslənən musiqi nömrələri tədbir iştitakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılandı.