Azərbaycan milli mətbuatı 151 illik şərəfli inkişaf yolu keçərək cəmiyyətimizin maariflənməsində, milli şüurun formalaşmasında, dövlətçilik ideyalarının təbliğində və ictimai fikrin inkişafında əvəzsiz rol oynayıb. 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşr olunan "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız bu gün də cəmiyyətin inkişafına xidmət edən mühüm ictimai institut kimi öz missiyasını uğurla davam etdirir.
Azərbaycan mətbuatının tarixi xalqımızın milli oyanış, istiqlal uğrunda mübarizə və dövlətçilik salnaməsinin ayrılmaz hissəsidir. Tarixin müxtəlif dövrlərində mətbuat təkcə informasiya vasitəsi deyil, həm də milli dəyərlərin qorunmasının, ana dilinin inkişaf etdirilməsinin, maarifçilik ideyalarının yayılmasının və milli həmrəyliyin möhkəmləndirilməsinin əsas platformalarından biri olub.
Müstəqillik illərində Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. 1998-ci ildə senzuranın ləğv edilməsi Azərbaycan mətbuatının inkişaf tarixində dönüş nöqtəsinə çevrildi. Bu qərar müstəqil medianın formalaşması, fikir plüralizminin genişlənməsi və demokratik institutların inkişafı baxımından mühüm əhəmiyyət daşıyırdı.
Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə informasiya siyasəti müasir dövrün çağırışlarına uyğun şəkildə təkmilləşdirilir, media subyektlərinin fəaliyyətinin dəstəklənməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Medianın inkişafı, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, peşəkarlığın artırılması və rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.
Müasir dövrdə informasiya təhlükəsizliyi hər bir dövlət üçün strateji məsələlərdən biridir. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi, dezinformasiya və saxta xəbərlərin geniş yayıldığı bir şəraitdə medianın məsuliyyəti daha da artır. Jurnalistikanın əsas prinsipləri olan operativlik, obyektivlik, qərəzsizlik və peşə etikası cəmiyyətin doğru məlumatlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan mediası təkcə ölkə daxilində deyil, beynəlxalq informasiya məkanında da dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayır.
44 günlük Vətən müharibəsi və ondan sonrakı dövr Azərbaycan jurnalistikasının peşəkarlığını və vətənpərvərlik mövqeyini bir daha nümayiş etdirdi. Azərbaycan mediası informasiya cəbhəsində fəal mübarizə apararaq həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına, Ermənistanın yaydığı dezinformasiyaların ifşa edilməsinə mühüm töhfələr verdi. Bu təcrübə göstərdi ki, güclü dövlətin güclü və məsuliyyətli mediası onun milli təhlükəsizlik sisteminin vacib elementlərindən biridir.
Bu gün Azərbaycan mediası yeni inkişaf mərhələsinə qədəm qoyub. Süni intellekt, rəqəmsal platformalar və multimedia texnologiyaları jurnalistikanın fəaliyyət prinsiplərini dəyişdirir. Lakin dəyişməyən əsas dəyər peşəkarlıq, dürüstlük və cəmiyyət qarşısında məsuliyyət hissidir. İnformasiya bolluğu dövründə oxucunun etibarını qazanmaq yalnız dəqiq, yoxlanılmış və obyektiv informasiya təqdim etməklə mümkündür.
Yeni Azərbaycan Partiyası hər zaman milli mətbuatın inkişafını, peşəkar jurnalistikanın gücləndirilməsini və sağlam informasiya mühitinin formalaşdırılmasını dəstəkləyib. Cəmiyyətin düzgün məlumatlandırılması, milli maraqların qorunması və dövlətçilik dəyərlərinin təbliği istiqamətində media ilə səmərəli əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
22 İyul – Milli Mətbuat Günü münasibətilə ölkəmizin bütün media nümayəndələrini, jurnalistləri, redaktorları və informasiya sahəsində çalışan hər kəsi səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində yeni uğurlar, qələmlərinə qüvvət, daim obyektiv və məsuliyyətli fəaliyyət arzulayıram. İnanıram ki, Azərbaycan mediası bundan sonra da milli maraqlarımızın qorunmasına, dövlətimizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə və cəmiyyətimizin inkişafına mühüm töhfələr verməyə davam edəcək.
Cavid Osmanov,
YAP İdarə Heyətinin üzvü
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət




