Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümünü qeyd edirik. 22 iyul təkcə jurnalistlərin peşə bayramı deyil, həm də xalqımızın milli oyanışının, maarifçilik ənənələrinin və azad söz uğrunda mübarizəsinin tarixidir.Azərbaycan milli mətbuatının təməli 1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi və publisist Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulub. Cəmi 56 sayı işıq üzü görməsinə baxmayaraq, “Əkinçi” milli mətbuatımızın bünövrəsini yaratdı, xalqın maariflənməsinə, milli özünüdərkin formalaşmasına və ictimai fikrin inkişafına mühüm töhfələr verdi. Bu qəzet Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı oldu.
Bu fikirləri açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, “Əkinçi”nin açdığı yol sonrakı illərdə “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” və digər qəzet və jurnallar vasitəsilə davam etdirildi. Anadilli mətbuat milli ideyaların, maarifçilik hərəkatının və azərbaycançılıq düşüncəsinin əsas tribunalarından birinə çevrildi. 1896-cı ildən Həsən bəy Zərdabinin fəal iştirakı və Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan rusdilli “Kaspi” qəzeti də məzmun və məfkurə baxımından milli maraqların müdafiəsinə xidmət etdi.
Müstəqil Azərbaycanda milli mətbuatın inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1993-cü ildən etibarən həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən müasir qanunvericilik bazası formalaşdırıldı, onun iqtisadi müstəqilliyinin gücləndirilməsi və cəmiyyət həyatındakı rolunun artırılması istiqamətində mühüm addımlar atıldı. Ulu Öndərin mətbuata verdiyi ən böyük töhfələrdən biri isə senzuranın ləğvi oldu. Ölkəmiz müharibə şəraitində olsa belə, Heydər Əliyev əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə kütləvi informasiya vasitələri üzərində dövlət senzurasını tamamilə ləğv etdi. Bu tarixi qərar Azərbaycanda azad və müstəqil medianın inkişafı üçün yeni mərhələnin əsasını qoydu və söz azadlığının təmin olunması istiqamətində mühüm dönüş nöqtəsinə çevrildi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində həyata keçirilən ardıcıl islahatlar milli mətbuatımızın yeni inkişaf mərhələsini formalaşdırır. Qloballaşan informasiya məkanının çağırışlarına uyğun olaraq qanunvericilik bazası təkmilləşdirilir, medianın institusional inkişafı gücləndirilir. Dövlət başçısının 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi (MEDİA) çap və onlayn medianın inkişafına, media subyektlərinin maliyyə dayanıqlığının artırılmasına, peşəkarlığın yüksəldilməsinə və innovativ layihələrin dəstəklənməsinə mühüm töhfələr verir.
Bu gün Azərbaycan mətbuatı müasir çağırışlara uyğun inkişaf edərək milli maraqların müdafiəsində, cəmiyyətin düzgün məlumatlandırılmasında, dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində və informasiya təhlükəsizliyinin təmin olunmasında mühüm missiya daşıyır. Xüsusilə postmüharibə dövründə həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında, informasiya mübarizəsində və Azərbaycanın haqq səsinin beynəlxalq auditoriyaya çatdırılmasında media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür.
Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri, media əməkdaşlarını və qələm sahiblərini ürəkdən təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və daim həqiqətə xidmət edən prinsipial mövqe arzulayıram.
Milli Mətbuat Günümüz mübarək!
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Sosial











