İyulun 22-si Azərbaycanın mədəni fikir tarixində sıradan bir təqvim günü deyil, millətimizin azadlıq və tərəqqi mübarizəsinin şanlı rəmzidir. 1875-ci ildə böyük maarifçi Həsən bəy Zərdabinin ağır şəraitdə nəşr etdirdiyi ilk anadilli qəzetimiz - "Əkinçi" ilə milli mətbuatımızın əsası qoyuldu. Cəmi iki il yaşamasına baxmayaraq, "Əkinçi" milli kimliyin formalaşmasında və ana dilinin qorunmasında müstəsna rol oynayaraq Azərbaycan cəmiyyətində əbədi bir məşəl yandırdı.
Bu ilk addımdan sonra Azərbaycan mətbuatı çətin, lakin zəngin bir təkamül yolu keçdi. "Əkinçi"nin açdığı cığırla irəliləyən "Ziya", "Kəşkül", "Şərqi-Rus", "Molla Nəsrəddin", "Füyuzat", "Həyat", "İrşad", "Açıq söz" kimi tarixi nəşrlər milli təfəkkürün formalaşmasına, azərbaycançılıq ideyasının möhkəmlənməsinə və cəmiyyətin dünyəvi elmlərə yiyələnməsinə misilsiz töhfələr verdilər. Bu qəzet və jurnallar təkcə dövrün xəbərlərini oxuculara çatdırmır, həm də xalqı savadlanmağa, milli dəyərləri qorumağa və ictimai problemlərə biganə qalmamağa səsləyən bir maarifçilik tribunası rolunu oynayırdılar.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mətbuatın inkişafında tamamilə yeni və azad bir dövr başladı. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mətbuatın tərəqqisi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. 1998-ci ildə Azərbaycanda senzuranın ləğv edilməsi ölkədə söz və mətbuat azadlığının təmin olunması istiqamətində atılmış tarixi və cəsarətli bir addım oldu. Bu qərar müstəqil medianın formalaşmasına yeni nəfəs verdi, jurnalistlərin sərbəst fəaliyyət göstərməsi üçün hüquqi və demokratik mühit yaratdı. Ulu Öndərin rəhbərliyi dövründə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial problemlərinin həlli və media mühitinin tərəqqisi istiqamətində mühüm qərarlar qəbul edildi. Həmin strateji xətt Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir dövrün tələblərinə uyğun olaraq daha da təkmilləşdirilir. Dövlət başçısının rəhbərliyi ilə informasiya siyasətinin müasir çağırışlara uyğunlaşdırılması, medianın institusional inkişafı, rəqəmsal mühitin genişləndirilməsi və informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə ardıcıl islahatlar həyata keçirilir. Son illər media sahəsində tətbiq edilən yeni hüquqi mexanizmlər informasiya məkanında məsuliyyətin, peşəkarlığın və sağlam rəqabətin artırılmasına xidmət edir. Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və müasir texnologiyalarla işləmək imkanlarının genişləndirilməsi milli mətbuatın gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
Azərbaycan mətbuatı özünün ən çətin və tarixi sınaqlarından birini Vətən müharibəsi dövründə verdi və bu imtahandan alnıaçıq çıxdı. Yerli media orqanları və jurnalistlər cəbhədə baş verən hadisələri operativ işıqlandıraraq, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadılar. Ermənistanın uzun illər ərzində yaydığı dezinformasiyalara və saxta xəbərlərə qarşı informasiya müstəvisində yüksək peşəkarlıqla mübarizə aparan Azərbaycan mediası dövlətimizin haqlı və ədalətli mövqeyinin beynəlxalq auditoriyaya çatdırılmasına əvəzsiz töhfə verdi. Postmüharibə dövründə isə media azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini, "Böyük qayıdış" proqramının icrasını, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişini mütəmadi diqqətdə saxlayaraq dövlət quruculuğu prosesini obyektiv şəkildə işıqlandırır.
Müasir dövrdə informasiya texnologiyalarının və sosial şəbəkələrin sürətli inkişafı media fəaliyyətinə geniş imkanlar qazandırmaqla bərabər, həm də ciddi məsuliyyət hissi aşılayır. Saxta xəbərlərin qlobal miqyasda sürətlə yayıldığı bir dövrdə zəngin tarixi ənənələrə söykənən müasir mətbuatımız həm ölkə daxilində, həm də beynəlxalq məkanda Azərbaycanın milli maraqlarını qorumaq missiyasını şərəflə yerinə yetirir. Məhz bu çətin və məsuliyyətli öhdəliyi çiyinlərində daşıyan, hər bir informasiyanı dürüstlük süzgəcindən keçirən media işçilərinin əməyi hər cür təqdirəlayiqdir. Bu fədakar fəaliyyətin fonunda təqvimdəki bu xüsusi gündə - 22 İyul - Milli Mətbuat və Jurnalistika Günündə qələmini həqiqətə, obyektivliyə və dövlətçiliyə xidmətə həsr edən bütün media nümayəndələrini səmimi-qəlbdən təbrik edirəm. Əminik ki, Azərbaycan milli mətbuatı bundan sonra da cəmiyyətimizin maariflənməsinə, milli-mənəvi dəyərlərimizin təbliğinə, dövlətimizin beynəlxalq nüfuzunun daha da artmasına və ölkəmizin hərtərəfli inkişafına öz layiqli töhfələrini verməkdə davam edəcək.
Kamran BAYRAMOV,
Milli Məclisin deputatı
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Sosial
Sosial / Təhsil








