backend

Vüqar Bayramov: Almaniya ilə iqtisadi əlaqələrdə əsas hədəf qeyri-neft ixracının artırılmasıdır

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə keçirdiyi görüşlər iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bölüşüb.
Deputat bildirib ki, dünyanın üçüncü ən böyük iqtisadiyyatına malik Almaniya ilə iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi Azərbaycanın xarici ticarət siyasətində mühüm prioritetlərdən biridir. Xüsusilə qeyri-neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi və ixracın şaxələndirilməsi əsas məqsədlər sırasındadır.
Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan ilə Almaniya arasında 2025-ci ildə ticarət dövriyyəsi 1 milyard 376 milyon dollar təşkil edib və tərəflər arasında 2355 məhsul kodu üzrə ticarət əməliyyatları həyata keçirilir. Bu isə xüsusilə idxalın geniş məhsul çeşidini əhatə etdiyini göstərir.
Deputat qeyd edib ki, Almaniyadan Azərbaycana əsasən qızıl, minik və yük avtomobilləri, dərman vasitələri, elektrik avtomobilləri, sürtkü yağları, traktorlar, tibbi avadanlıqlar, elektrik enerjisinin paylanması üçün qurğular, qaz və enerji sayğaclarının hissələri, heyvan yemi, şəkər siropları, dezodorantlar və digər sənaye məhsulları idxal olunur.
Azərbaycanın Almaniyaya ixracında isə enerji məhsulları üstünlük təşkil edir. Belə ki, ötən il Almaniyaya 502 milyon dollarlıq xam neft və neft məhsulları ixrac edilib. Bununla yanaşı, 40,4 milyon dollarlıq qabığı təmizlənmiş meşə fındığı, neft-qaz sənayesi üçün borular, reaktiv mühərriklər üçün kerosin yanacağı və digər məhsullar da Almaniya bazarına çıxarılıb.
Vüqar Bayramov hesab edir ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində keçirilən görüşlər təkcə ticarət dövriyyəsinin həcminin deyil, həm də onun strukturunun dəyişməsinə müsbət təsir göstərəcək. Deputatın fikrincə, qarşıdakı dövrdə əsas məqsəd Almaniya bazarında Azərbaycanın qeyri-neft-qaz məhsullarının payını artırmaq və iqtisadi əməkdaşlığı daha da şaxələndirməkdir.