backend

Vüqar Bayramov qeyri-neft ixracındakı kəskin artımın səbəblərini açıqladı

Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanın xarici ticarət göstəricilərini şərh edərək bildirib ki, bu ilin ilk dörd ayında ölkənin ümumi ixracı 12 milyard 535 milyon dollar təşkil edib. Bunun 4 milyard 698 milyon dolları isə qeyri-neft-qaz məhsullarının payına düşüb.

Deputatın sözlərinə görə, hesabat dövründə diqqət çəkən əsas məqam qeyri-neft-qaz ixracatının 4,4 dəfə artmasıdır. Belə ki, cari ilin ilk dörd ayında qeyri-neft-qaz ixracının həcmi ötən ilin eyni dövrünün göstəricisini 30 faiz üstələyib.
Vüqar Bayramov qeyd edib ki, qeyri-neft-qaz ixracatındakı bu kəskin artım əsasən işlənməmiş, yarıişlənmiş və toz şəklində qızıl ixracının əhəmiyyətli dərəcədə yüksəlməsi ilə bağlıdır. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl ixracı real ifadədə 18 dəfə, cari qiymətlərlə isə 37 dəfə artıb. Bu dövrdə Azərbaycan xarici bazarlara 3 milyard 599 milyon dollarlıq qızıl ixrac edib.
Deputat vurğulayıb ki, artım müşahidə olunan digər məhsullar arasında şəkər, pambıq ipliyi və kartof da yer alır. Şəkər ixracı 4,2 dəfə artaraq ölkəyə 37,5 milyon dollar valyuta gətirib. Pambıq ipliyinin ixracı 2,6 dəfə yüksələrək 16,4 milyon dollar, kartof ixracı isə 2,1 dəfə artaraq təxminən 4 milyon dollar gəlir təmin edib.
Məlumata görə, qızıldan sonra qeyri-neft sektorunda ölkəyə ən çox valyuta gətirən məhsul təzə meyvələr olub. Bu kateqoriya üzrə ixracdan 165,1 milyon dollar gəlir əldə edilib. Siyahıda üçüncü yerdə isə 92,7 milyon dollarlıq göstərici ilə pambıq lifi qərarlaşıb.
Vüqar Bayramov hesab edir ki, qeyri-neft-qaz ixracındakı müsbət dinamika iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, təbii ehtiyatlara əsaslanmayan məhsulların ixracının artırılması və təşviqi gələcək dövr üçün prioritet istiqamətlərdən biri olaraq qalır.