Prezident İlham Əliyev "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı" ilə bağlı Sərəncam imzalayıb.
Bu Sərəncamı ümumilikdə müsbət qiymətləndirirəm. Əmək bazarı dəyişir, yeni texnologiyalar, rəqəmsallaşma və fərqli məşğulluq formaları meydana çıxır. Belə bir şəraitdə Azərbaycanın da beynəlxalq təcrübəni öyrənməsi və əmək münasibətlərini müasir tələblərə uyğunlaşdırmağa çalışması təbiidir.
Ancaq burada vacib olan məsələ çevik iş rejiminin mahiyyətinin düzgün başa düşülməsidir. Cəmiyyətdə elə təsəvvür yarana bilər ki, söhbət iş saatlarının azaldılmasından və ya dörd günlük iş həftəsinə keçiddən gedir. Əslində isə təsdiq olunmuş sənəddə belə bir qərar yoxdur. Söhbət müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsindən və Azərbaycan üçün ən uyğun modelin hazırlanmasından gedir.
Bu prosesdə əsas prinsip işçinin hüquqları ilə işəgötürənin maraqları arasında balansın qorunması olmalıdır. Çeviklik o demək deyil ki, işçinin iş yükü artsın və ya əmək hüquqları zəifləsin. Əksinə, məqsəd məhsuldarlığı artırmaq, iş vaxtını daha səmərəli təşkil etmək və insanların əmək bazarında iştirak imkanlarını genişləndirmək olmalıdır.
Bu model xüsusilə informasiya texnologiyaları, maliyyə, xidmət və digər ofis əsaslı sahələrdə özünü doğrulda bilər. Amma istehsalat, səhiyyə, nəqliyyat, təhlükəsizlik və fasiləsiz fəaliyyət göstərən sahələrdə eyni yanaşmanı tətbiq etmək mümkün deyil. Ona görə də vahid model yox, fəaliyyət sahələrinə uyğun çevik mexanizmlər hazırlanmalıdır.
Digər mühüm məsələ sosial tərəfdaşlığın təmin edilməsidir. Bu cür dəyişikliklər hazırlanarkən həmkarlar ittifaqları, sahibkarlar, ekspertlər və vətəndaş cəmiyyəti prosesə cəlb olunmalıdır. Yalnız geniş müzakirələrdən sonra qəbul edilən qərarlar həm işçilər, həm də işəgötürənlər üçün faydalı ola bilər.
Ümumilikdə, Sərəncamın özü müasir dövrün çağırışlarına uyğundur. Ancaq onun uğuru qəbul ediləcək hüquqi mexanizmlərdən və praktik tətbiqdən asılı olacaq. Əgər məqsəd sadəcə iş rejimini dəyişmək deyil, insan əməyinin səmərəliliyini artırmaq, iş və şəxsi həyat arasında sağlam tarazlıq yaratmaq, eyni zamanda iqtisadiyyatın rəqabət qabiliyyətini yüksəltməkdirsə, bu istiqamətdə atılacaq addımlar müsbət nəticə verəcək.
Razi Nurullayev
Milli Məclisin deputatı
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
Sosial
gundem / Sosial
gundem / Siyasət










