backend

“Havayı yeyən” AHİK xalqın cibinə bu yollarla girir… – VİDEO

Təqribən 3-4 il əvvəl bəzi tanışlar tərəfindən bir iş təklifi aldım – Həmkarlar İttifaqı Konfederasiyasına üzv olmaq.

“İşim nədən ibarət olacaq”, deyə soruşduğumda, cavab verdilər ki, – “Sənə vəsiqə veriləcək, o vəsiqə ilə gedib ictimai-iaşə obyektlərinə girəcəksən, vəsiqəni göstərib, pul alacaqsan.
Soruşdum, – “nə qədər və o pulu nə etməliyəm?”
Dedilər, “nə qədər ala bilirsən, al. Ayda 80 manat komitəyə vəsiqə pulu verəcəksən, qalanı da sənin”.
Ağlım bu işdən bir şey kəsmədi deyə, arxasınca düşmədim.
Ötən il tibb işçisi olan rəfiqəm Həmkarlar İttifaqı Konfederasiyasından gileyləndi ki, “hər ay maaşımızdan komitəyə pul tutulur, putyovka (göndəriş) istəyəndə, başlarına daş düşür. 2-3 ay hər gün tələb edəndən sonra, gətirib Qubaya putyovka verdilər, ora da getdiyimə, o putyovkaya verdiyim pula yandım. Şərait bərbad, xidmət 0 (sıfır).
Mən başqalarından eşitmişdim ki, tibb işçilərinə və müəllimlərə putyovka yoxdur deyirlər, onlara düşən putyovkaları baha qiymətə başqalarına satırlar.
Odur ki, eşitdiklərimi dəqiqləşdirmək marağı ilə üz tutdum Paytaxt rayonlarından birindən fəaliyyət göstərən Həmkarlar təşkilatının qocaman sədrinin yanına.
Əvvəl çox ehtiyatla və qanunla danışdı. Biraz söhbət edəndən, tanışlıq verəndən sonra başladı ürəkli danışmağa.
Əvvəlcə qeyd edim ki, çoxdan tanıdığım bu adam komitənin üzvlük vəsiqəsini aylıq 50 (əlli) manata kirayə verirdi. Sonradan benzinin qiyməti qalxdı və vəsiqənin kirayəsi oldu 80 (səksən) manat. Hərçənd ki, benzinlə nə kimi əlaqəsi var idi anlamadım.
Ailə “səltənətinin” səfası… – VİDEO
Əlqərəz…
Əvvəlcə ondan tanışım üçün Günəşli sanatoriyasına putyovka istədim.
O dərhal həmin ərazi üzrə təşkilatla əlaqə saxlayıb, qiyməti soruşdu. 650 (altı yüz əlli) manat qiymət dedilər. Tanışım 300 (üç yüz) manat eşitmişdi və o qiymətə istəyirdi deyə, razılaşmadım.
Belə olan halda isə ağsaqqal qarşı tərəflə təkrar əlaqə saxlamağa ehtiyac duymadan, onun əvəzindən 580 (beş yüz səksən) manata qədər endirdi.
Üzvlük məsələsinə gəldikdə isə belə izah etdi ki, “əvvəlkinə baxma, əvvəl komitənin işini bilən yox idi deyə, gedən kimi pul verib yola salırdılar. İndi elə deyil, o dəqiqə götürüb polisə zəng edirlər. İndi belə işləyə bilərsən ki, gedib girirsən şirkətlərə, böyük marketlər və başqa obyektlərə, müdiriyyəti ilə danışıb, onlara üzvlük təklif edirsən. Əgər qəbul etsələr, elə ordan mənə zəng edirsən gəlib müqavilə bağlayıram. Onların hər ay komiteye ödədiyi pulun 10 faizi sənindir.
Mən:
– Təklifi necə etməliyəm?
Təşkilat sədri:
– Heç nə, deyirsən bizə üzv olun, bayramlarda sizin kasıb işçilərə ərzaq yardımı edək, ildə bir dənə, iki dənə putyovka veririk istirahət üçün, sanatoriya üçün.
Mən:
– Bəs üzvlük üçün onlardan tələbimiz nə qədərdir?
Təşkilat sədri:
– İşçi sayına görə pul ödəyir dəə onlar…
Təklifə baxın!
“Onların kasıb işçilərinə hərdən bayramlarda ərzaq yardımı edirik”.
O “kasıb işçilər”in əmək haqqının iki faizi hər ay üzvlük haqqı çıxılır. Yəni, öz pulu ilə özünə hərdən bir yardım vermək. Hansı ki, milyonlarla həmkarlar üzvlərindən bu yardımları “gördüm” deyən də yoxdur.
Adama deyərlər, “kasıb işçilər”ın halalca maaşının “üzərinə qonub boğazına şərik” olmayın, öz pulu ilə minnətli yardıma gərək yoxdur.
Diqqət etdinizsə, sədrin təklifi yalnız pul və putyovka (o da ildə 1-2) bağlı oldu.
Halbuki ki, Azərbaycan Respublikası Konstitusiyasında – Həmkarlar İttifaqları haqqında qanunun ikinci fəsli – 10-11-12-13-cü maddələrində deyilir:
II fəsil
HƏMKARLAR İTTİFAQLARININ ƏSAS HÜQUQLARI
Maddə 10. Həmkarlar ittifaqlarının norma yaradıcılığında iştirakı
həmkarlar ittifaqları əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında iştirak edə bilər.
İşçilərin əmək, sosial və iqtisadi hüquqlarına dair qanun layihələrinə həmkarlar ittifaqları respublika birliyinin rəyi müzakirə edilməklə baxılır.
Həmkarlar ittifaqlarının respublika birlikləri işçilərin mənafelərini və həmkarlar ittifaqlarının hüquqlarını pozan qanunvericilik aktları, dövlət orqanlarının qərarları, sərəncamları barədə müvafiq qanunvericilik, icra və məhkəmə orqanlarına müraciət edə və şikayət verə bilərlər.
Dövlət və yerli özünüidarəetmə orqanları işçilərin əmək, sosial, iqtisadi hüquqlarına və mənafelərinə aid olan normativ aktları müvafiq həmkarlar ittifaqlarına azı 15 gün qabaq məlumat verməklə qəbul edirlər. [23]
Qanunvericiliklə nəzərdə tutulan hallarda həmkarlar ittifaqları respublika birliyi əmək və sosial-iqtisadi məsələlər üzrə qanunvericiliyin tətbiq edilməsi qaydalarını nizama salan normativ aktların hazırlanmasında iştirak edir. [24]
Maddə 11. Əmək hüququnun qorunmasında həmkarlar ittifaqlarının hüquqları
Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərin həyata keçirilməsində iştirak edirlər. [25]
İşəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir.
Həmkarlar ittifaqları “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə uyğun olaraq məşğulluq sahəsində nəzarətin həyata keçirilməsində iştirak edirlər. [26]
Maddə 12. Əmək və həmkarlar ittifaqları haqqında qanunvericiliyə əməl edilməsinə nəzarətin həyata keçirilməsi sahəsində həmkarlar ittifaqlarının hüquqları
Həmkarlar ittifaqlarının işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara .çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var.
İşəgötürən bu tələblərə baxmağa və nəticələri barədə müəyyən edilmiş müddətdə, lakin bir aydan gec olmayaraq həmkarlar ittifaqına məlumat verməyə borcludur.
Müəssisənin (filialın, nümayəndəliyin, şöbənin və digər əlahiddə bölmənin) rəhbəri və onun müavinləri əmək qanunvericiliyini pozduqda, qüvvədə olan kollektiv müqavilənin (sazişin) şərtlərini (təəhhüdlərini) yerinə yetirmədikdə həmkarlar ittifaqları onların intizam məsuliyyətinə cəlb edilməsi barədə buna səlahiyyəti olan orqanlar qarşısında məsələ qaldıra bilərlər.
Həmkarlar ittifaqları öz üzvlərinin hüquqlarını müdafiə etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə və məhkəmədə nümayəndəlik vəzifəsini yerinə yetirə bilərlər.
Həmkarlar ittifaqları öz üzvlərinə hüquqi yardım xidmətlərini müstəqil surətdə təşkil edir və bu məqsədlə həmkarlar ittifaqları hüquq müfəttişliyi, hüquqi ekspert qrupları, firmaları və başqa orqanlar yarada bilərlər. [27]
Maddə 13. Əməyin mühafizəsi sahəsində həmkarlar ittifaqlarının hüquqları.
Həmkarlar ittifaqları bu Qanunun, “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ aktların tələblərinə uyğun iş yerlərində işçilərin əməyinin mühafizəsini tənzim edən qanunvericiliyə, istehsal zədələri nəticəsində əmək xəsarətinə görə zərərin ödənilməsinə, əmək şəraiti, istehsal sanitariyası normalarına işəgötürən tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsində iştirak edirlər. [28]
Bu gün Azərbaycanda istənilən (istər dövlət, istərsə də özəl) idarə və müəssisə rəhbəri işsizlik reallığından sui-istifadə edərək, işçilərin əmək müqaviləsinin şərtlərini, həmçinin Əmək qanunvericiliyini kobud şəkildə pozur.
İşçilər çox zaman 11-12, hətta bəzən 13 saat işlədilir. İki növbənin işini bir növbə edir, bir növbənin işçilərinə gördürürlər.
Böyük şəbəkə marketlərin kassalarında əsasən hesab artıq çıxanda kassirə verilmir, amma əksik olduğu halda onların əmək haqlarından çıxılır, satıcılara 11-12 saat oturmağa icazə verilmir. Nahar fasiləsi yoxdur. Bir-birini əvəz etmək şərtilə hərə cəmi bir neçə dəqiqəlik nahara gedir, tez də qayıdır…
Ümumiyyətlə Azərbaycanda işçilərin hüquqlarının pozulması halları həddindən artıq çoxdur. Hüququnu tələb edən işsiz qalmalı olur. Odur ki, digər işçilər də “gözü çıxmış qardaşından öyrənib”, susmağa məhkum olurlar.
Bugünə qədər kiminsə – yəni, hər hansı bir işçinin Həmkarlar ittifaqı tərəfindən hüququnun qorunduğu, yaxud bərpa edildiyi barəsində görüb, eşitmisinizmi?
Tikinti şirkətlərində çalışarkən yıxılıb xəsarət alan, yaxud dünyasını dəyişən ustalar, fəhlələr olur. Bu barədə sosial şəbəkələrdən, mediadan tez-tez oxuyuruq. S.Möhbalıyev onlar üçün hansı addımları atır? Özünün, yaxud ailəsinin hüquqlarının qorunması üçün nə edir?
Yaxud, Milli Məclisdə əyləşən – Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbaliyevin işçilərin hüquqlarının pozulmasına dair hər hansı bir təklif və tələbini gördünüzmü?
Yeri gəlmişkən, Həmkarlar İttifaqı haqqında qanunun 6-cı maddəsində o da deyilir ki…
Maddə 6. Həmkarlar ittifaqları birliklərinin sədrlərinin (sədr müavinlərinin) siyasi fəaliyyətlə məşğul olmalarına məhdudiyyətlər [14]
Həmkarlar ittifaqları birliklərinin sədrləri və ya onların müavinləri eyni zamanda siyasi partiyaların rəhbər orqanlarında ola bilməzlər. Siyasi partiyaların rəhbər orqanlarına seçilən, yaxud təyin edilən həmkarlar ittifaqları təşkilatının sədrləri və ya onların müavinləri öz istəyi ilə bu iki fəaliyyətdən birini davam etdirə bilərlər.
Maraqlıdır, bu qanun qurum rəhbərinə niyə aid edilməyib?
Yoxsa, qanunun bu maddəsini yoldaş Möhbaliyevin özü tərtib edib?!
DogruXeber.az” olaraq qeyd edirik ki, Səttar Möhbaliyevin “ailə biznesi” sayılan bu qurumun fəaliyyətində əsas narazılıq yaradan tərəflərdən biri də Təhsil İşçiləri Azad Həmkarlar birliyidir.
Hansı ki, dəfələrlə olub ki, uzun illərdir təhsildə çalışan təhsil işçiləri “DogruXeber.az” informasiya agentliyinə müraciət edərək, yarandığı gündən bu günə qədər Həmkarlar İttifaqına üzvlük haqqı ödədiklərinə baxmayaraq, putyovka ala bilməməkdən gileyləniblər.
Özü də bu sahədə cavabdeh şəxsin kimliyini tapmaq üçün də ayrıca zaman və işçi qrupu sərf etmək lazım gəlir. Kimə zəng edirsən, o birinin üzərinə yönləndirir… Beləcə şikayətçi adamları arada yorurlar ki, bezsin, əl çəksin…
Amma, eşidirik ki, iş yeri olmayan şəxslər putyovka ilə əməllicə istirahət edirlər.
Bəs həmin putyovkaları hardan əldə edirlər?
Soruşanda da “ürəyiböyüklük” edib, “istəyirsən münasib qiymətlə sənin üçün də təşkil edim” deyə, hələ bir oradakı tanışları ilə fəxr də edirlər…
Nə isə…
Bu il də Yasamal rayon məktəblərində birində təlim-tərbiyə işləri üzrə müavin işləyən bir yaxınımızın müraciəti əsasında ötən ayın – yəni iyun ayının əvvəlində Yasamal rayonu Təhsil İşçiləri Azad Həmkarlar birliyi ilə əlaqə saxlayıb, putyovka istədik. Bizə cavab verdilər ki, direktor və müavinlərin “putyovka məsələsinə Turhan müəllim baxır”.
Turhan bəyin telefon nömrəsini aldıq. Agentliyimizin rəhbəri Kamal Əsgərov Turhan bəylə telefon əlaqəsi saxlayıb, məsələni diqqətinə çatdırdı və xahiş etdi ki, iyul ayının 5-dən 10-na qədər lazımdır. O zamandan keçdisə gərək qalmır.
Turhan bəy bildirdi ki, bunun üçün e-mail ünvanımıza rəsmi məktubla müraciət edilməlidir.
Biz də bəyin dediyi qaydada rəsmi məktub hazırlayıb, özünün verdiyi elektron ünvana göndərdik, ardından da zəng edib çatıb-çatmadığını soruşduq, dedi çatıb.
Bir neçə gün gözlədik məktubumuza cavab gəlmədi. Belə olan halda yenidən Turhan bəyə zəng etdik. Lakin, təəssüflər olsun ki, o bir daha dəstəyi qaldırmadı.
Bu günlərdə putyovka üçün müraciət edən yaxınımızdan eşidirik ki, özü kimlərinsə əli ilə, başqa variantla putyovka tapıb,

30 ilə yaxındır həmkarlar ittifaqına pul ödəyən müəllim, halalca haqqı ola-ola hansısa başqa vasitələrdən istifadə edərək, putyovka əldə edir.
Belə olan halda adamın təhsil işçilərinə sözün əsl mənasında ürəyi ağrıyır.
Sual yaranır, bəs bu qurum bizim nəyimizə lazımdır?
Belə çıxır ki, həmkarlar ittifaqına üzvlük haqqı ödəyən bütün çalışanlar xeyriyyəçiliklə məşğul olur. Onlar hər ay Möhbaliyevin və onun səlahiyyətli işçilərinin yaxşı yaşaması üçün onlara öz əmək haqqlarından müəyyən faiz ayırırlar.
Bunun başqa adı yoxdur!
Qeyd edək ki, yazıda qeyd etdiyimiz bütün detallara aid səs yazısı və videogörüntüləri də mövcuddur. Lazım gələrsə, qarşıdakı günlərdə, mövzunun davamında onları da “DogruXeber.az” oxucularına təqdim edəcəyik.
Bundan əlavə, Həmkarlar İttifaqının otellər, istirahət mərkəzləri bağladığı müqavilələrin şərtləri, onların sahibləri, “iş prinsipləri” və sair barəsindəki araşdırmalarımızı da növbəti günlərdə dərc edəcəyik.
Diqqətiniz bizdə olsun!
Yazıda adı keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq.
DogruXeber.az