Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və Berlin danışıqları Azərbaycan–Almaniya münasibətlərinin tarixində növbəti diplomatik epizod deyil, yeni geosiyasi mərhələnin başlanğıcıdır. Səfərin nəticələri göstərir ki, Bakı ilə Berlin arasında əməkdaşlıq artıq enerji və ticarət münasibətləri çərçivəsindən çıxaraq Avropa təhlükəsizliyi, nəqliyyat-kommunikasiya marşrutları, yaşıl enerji, regional sabitlik və Avrasiya geosiyasətinin gələcəyi ilə bağlı daha geniş strateji məzmun qazanır.
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.
“Əgər əvvəlki dövrlərdə Berlinin Cənubi Qafqaza yanaşması daha çox Avropa İttifaqının ümumi siyasətinin tərkib hissəsi kimi formalaşırdısa, indi Almaniya regiona və xüsusilə Azərbaycana daha fərqli prizmadan baxmağa başlayıb. Bunun başlıca səbəbi Azərbaycanın son illərdə regional güc mərkəzi kimi mövqeyini möhkəmləndirməsi, enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi özünü təsdiqləməsi və Avrasiya nəqliyyat-kommunikasiya sistemində aparıcı rol qazanmasıdır.
Berlin danışıqları göstərdi ki, Almaniya Azərbaycanı təkcə Cənubi Qafqaz dövləti kimi deyil, Avropa ilə Asiya arasında strateji körpü funksiyasını yerinə yetirən mühüm geosiyasi aktor kimi qiymətləndirir. Bu baxımdan Almaniyanın yanaşması son illərdə bəzi Avropa siyasi dairələrində müşahidə olunan ideoloji və selektiv münasibətdən fərqlənir. Berlin üçün əsas prioritet qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıqdır. Məhz buna görə də Almaniya rəhbərliyi Azərbaycanla münasibətlərin genişləndirilməsinə xüsusi diqqət ayırır.
Səfərin ən mühüm nəticələrindən biri “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə”nin imzalanması oldu. Bu sənədin əhəmiyyəti təkcə diplomatik protokol çərçivəsində qiymətləndirilə bilməz. Strateji Gündəlik faktiki olaraq Azərbaycan–Almaniya münasibətlərinin inkişaf istiqamətlərini müəyyən edən yol xəritəsidir. Sənəd tərəflərin enerji təhlükəsizliyi, nəqliyyat, investisiya, sənaye əməkdaşlığı, yaşıl enerji, rəqəmsal transformasiya, təhsil, elm və humanitar sahələrdə əməkdaşlığı sistemli şəkildə inkişaf etdirmək niyyətini ortaya qoyur.
Daha vacib məqam isə budur ki, Berlin danışıqları nəticəsində bu əməkdaşlığın həyata keçirilməsi üçün konkret mexanizmlərin yaradılması barədə razılıq əldə olunub. İşçi qruplarının formalaşdırılması, yeni koordinasiya mexanizmlərinin yaradılması və Azərbaycan–Almaniya Biznes Şurasının təsis edilməsi münasibətlərin institusional əsasda inkişaf etdirilməsi istiqamətində mühüm addımdır. Beynəlxalq praktikada səfərlərin uğuru yalnız imzalanan sənədlərlə deyil, həmin sənədlərin icrasını təmin edən mexanizmlərlə ölçülür. Berlin görüşlərinin ən mühüm nəticələrindən biri məhz budur”, - deyə A.Kərimli vurğulayıb.
Deputat əlavə edib ki, Fridrix Mertsin bəyanatında Azərbaycanın Almaniyanın enerji təminatı üçün maraqlı tərəfdaş kimi xarakterizə olunması təsadüfi deyil. Bu, əslində Almaniyanın enerji siyasətində baş verən dəyişikliklərin göstəricisidir.
Azərbaycanın üstünlüyü yalnız böyük enerji resurslarına malik olmasında deyil. Bakı həm də siyasi baxımdan etibarlı tərəfdaş kimi qəbul olunur. Son illərdə qlobal enerji böhranları fonunda Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib və enerji təchizatında heç bir fasiləyə yol verməyib.
Bununla yanaşı, Azərbaycan təkcə neft və qaz ixracatçısı deyil. Yaşıl enerji layihələri, Xəzər dənizində külək enerjisi potensialı və Qara dənizin dibi ilə Avropaya yaşıl enerji ötürülməsi layihələri ölkənin enerji strategiyasına yeni məzmun qazandırır.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət








