Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisədir. Bu səfər Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfərinin davamı kimi qiymətləndirilə bilər və 27 dövləti birləşdirən Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa verdiyi strateji əhəmiyyətin göstəricisidir. Səfər zamanı Ursula Fon der Lyayenin söylədiyi “Bu gün mən Avropa İttifaqı üçün olduqca əhəmiyyətli tərəfdaşlığı dərinləşdirmək məqsədilə buradayam” fikri münasibətlərin gələcək inkişaf istiqamətini aydın şəkildə ortaya qoydu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova səsləndirib.
Deputat bildirib ki, ən diqqətçəkən məqamlardan biri Ursula Fon der Lyayenin Azərbaycanı açıq şəkildə strateji tərəfdaş kimi xarakterizə etməsidir. “O, həmçinin bu tərəfdaşlığın real təkana malik olduğunu vurğulayıb. Bu, münasibətlərin artıq yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmadığını, siyasi dialoq, iqtisadiyyat, nəqliyyat, logistika, yaşıl enerji və regional təhlükəsizlik sahələrini əhatə edən geniş strateji gündəliyə malik olduğunu göstərir. Səfər zamanı Azərbaycanın Cənubi Qafqazda aparıcı dövlət olduğu, regionda sabitliyin və əməkdaşlığın formalaşmasında mühüm rol oynadığı xüsusi vurğulanıb. Ursula Fon der Lyayen çıxışında Azərbaycanın geosiyasi əhəmiyyətini xüsusi qeyd edərək bildirdi ki, “Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Bu qiymətləndirmə Azərbaycanın Cənubi Qafqazda lider dövlət kimi mövqeyinin, sülh gündəliyinin təşəbbüskarı və regional əməkdaşlığın əsas təminatçılarından biri olduğunun Avropa İttifaqı tərəfindən də qəbul edildiyini göstərir”, - deyə o diqqətə çatdırıb.
Sevinc Hüseynova vurğulayıb ki, Ursula Fon der Lyayen Prezident İlham Əliyevin liderliyini qeyd etməklə yanaşı, Azərbaycanın regionda sülh gündəliyinin irəlilədilməsində oynadığı rolu da yüksək qiymətləndirib: “Bu yanaşma Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş statusunun Avropa səviyyəsində qəbul olunduğunu göstərir. Avropa İttifaqı Azərbaycanı mürəkkəb geosiyasi regionda yerləşən, Şərqlə Qərbi birləşdirən mühüm logistika mərkəzi, güclü nəqliyyat infrastrukturu yaradan və regional sabitliyə töhfə verən dövlət kimi qiymətləndirir. Azərbaycanın uzunmüddətli strateji baxışı və gələcəyə hesablanmış siyasəti bu əməkdaşlığın əsas dayaqlarından biri kimi çıxış edir. Enerji sahəsində tərəfdaşlıq münasibətlərin əsas sütunlarından biri olaraq qalır. Xüsusilə 2022-ci ildə Avropanın enerji təhlükəsizliyi ciddi sınaq qarşısında qaldığı dövrdə Avropa İttifaqının Azərbaycana müraciət etməsi və Azərbaycanın etibarlı tərəfdaş kimi öz öhdəliklərini yerinə yetirməsi bunun ən bariz nümunəsidir. Həmin dövrdən etibarən Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracını təxminən 65 faiz artırması Bakının Avropanın enerji təhlükəsizliyində əvəzsiz rolunu bir daha təsdiqləyib. Bu gün Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi də ölkəmizin regionun əsas iqtisadi tərəfdaşı olduğunu göstərir. Bu göstərici iqtisadi əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün ciddi potensial yaradır. Əməkdaşlıq artıq yalnız ənənəvi enerji ilə məhdudlaşmır. Azərbaycan və Avropa İttifaqı yaşıl enerji sahəsində də strateji tərəfdaşlıqları inkişaf etdirir. Xəzər dənizinin zəngin bərpaolunan enerji potensialı, eyni zamanda, Mərkəzi Asiya ölkələrinin yaşıl enerji imkanlarının Azərbaycan üzərindən Avropaya çatdırılması yeni enerji dəhlizinin formalaşmasına xidmət edir. Bu baxımdan Ursula Fon der Lyayenin enerji ilə yanaşı, enerji konnektivliyi üzrə yeni tərəfdaşlıq platformasının yaradılması təşəbbüsü xüsusi əhəmiyyət daşıyır. Diqqət çəkən digər istiqamət Ermənistan–Azərbaycan sülh prosesi ilə bağlıdır. Avropa İttifaqının sərhədyanı bölgələr üçün 20 milyon avroluq yardım paketi təklif etməsi, iki ölkə icmaları arasında iqtisadi əməkdaşlıq və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində təşəbbüslər irəli sürməsi sülhün iqtisadi əsaslarının formalaşdırılmasına yönəlmiş mühüm addım kimi qiymətləndirilə bilər”.
Deputatın sözlərinə görə, bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurub. Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq, Çin ilə hərtərəfli strateji tərəfdaşlıq və Avropa İttifaqı ilə strateji xarakter daşıyan əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunun və geosiyasi əhəmiyyətinin nəzərəçarpacaq dərəcədə artdığını bir daha təsdiqləyir.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət







